Ata məktəbində
Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.
Səbr və dözüm
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: "Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.
Kitabın adı: Həzrət Zeynəbin (s.ə) həyatı
Müəllif: Məhəmməd Məhəmmədi İştihari