Üçüncü bölmə
Mütəal Allahın moizələri
◘Allah-təala Musaya (ə) xitab edərək buyurdu: "Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir.” Dedi: "Onlar hansılardır?”
Buyurdu: "Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu nemətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.”
◘Başqa bir hədisi-qüdsidə deyilir: "Hər hansı bir bəndə haram tikəni tamam-kamal iştahası olduğu halda ağzından qaytarsa Mən ona üç mükafat dünyada, üç mükafat da axirətdə əta edərəm. Dünyada onun ömrünü bərəkətli, ruzisini bol, qəbrini nurani edərəm. Axirətdə isə çöhrəsini ağ edərəm, tələbkarları ondan uzaqlaşdıraram, Öz mübarək üzümü ona göstərərəm (yəni, ona çoxlu rəhmət əta edərəm.)”
Allah-təala Musaya (ə) buyurdu: "Heç bu vaxta qədər xalis bir əməl yerinə yetirmisən?” Dedi: "Bəli. Namaz qılmışam, oruc tutmuşam və zikr demişəm.” Buyurdu: "Namaz sənin siratdan keçməyin üçündür. Oruc cəhənnəm atəşi qarşısında qalxanındır. Zikr isə behiştdəki dərəcələri qaldırır. Bəs elə isə, bütün bunlar sənin özün üçün olub.” Musa (ə) ağladı və ərz etdi: "Pərvərdigara! Mənə elə bir iş öyrət ki, yalnız Səndən ötrü olsun.” Xitab olundu: "Zülm görmüşə kömək göstərmisən? Çılpağı geyindirmisən? Susuza su vermisən? Alimə ehtiram etmisən? Bunlar xalis əməllərdir.”
◘Başqa bir hədisdə deyilir: "Mən qiyamət günü üç qrup insanla düşmənçilik edərəm. Biri odur ki, Mənimlə əhd-peyman bağladıqdan sonra onu sındırır. İkincisi odur ki, azad bir insanı satır, pulunu da yeyir. Üçüncüsü də odur ki, fəhləni işlədir, lakin pulunu vermir.”
◘Allah-təala Üzeyir peyğəmbərə vəhy edib buyurdu: "Elə ki, kiçik bir günah etdin, o günahın kiçikliyinə baxma. Allahın böyüklüyünə bax ki, Onun fərmanını ayaq altına almısan. Elə ki, sənə kiçicik bir xeyir yetişdi, o xeyrin kiçikliyinə baxma, Onu sənə əta edən nemət sahibinin əzəmətinə bax. Elə ki, bəlaya düçar oldun Məndən camaata şikayət etmə. Çünki Mən sənin günahlarından məlaikələrə şikayət etmirəm (və sənin sirlərini onlar üçün açmıram).”
◘Allah-təala başqa bir peyğəmbərə vəhy edib buyurdu: "Mənim görüşümə eşq və məhəbbətlə gələni behiştə daxil edərəm, qorxu ilə gələni əzabdan xilas edərəm, xəcalətli və utanan halda gələnin isə günahlarını əməlləri yazan məlaikələrin zehnindən silərəm.”
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)