Məxluqatın əzəməti haqqında düşünmək
İlahi xofa nail olmağın yollarından biri də, Allahın məxluqatının əzəməti haqqında təfəkkür etməkdir.
Şübhəsiz ki, insanın Allahın yaratdıqlarının əzəməti haqqında düşünməsi, onun diqqətini Allahın sonsuz və nöqsansız hikmətinə yönəldir və öz gücsüzlüyünü, Allaha möhtac olmasını daha yaxşı dərk etməyə kömək edir. Belə olan surətdə kamala çatmaq yolunda əvvəldə olduğundan daha artıq səy edir və nəfsin istəklərinə uyub şeytana itaət etməkdən əl çəkir. Allahın əzəmətini, sonsuz qüdrətini tanımaqdan əlavə, Onun qarşısında müxalifət etməkdən qorxub çəkinir. Məxluqatın yaradılış əzəmətini tanıması və insanın diqqətinin Allahın əzəmətinə yönəlməsi məsələsinə Quranda və rəvayətlərdə də rast gəlinir. Quran ayələri və dini mətnlərə nəzər salsaq görəcəyik ki, Allah və övliyalar bu məsələ ətrafında düşünməyə ciddi təkid etmişlər. Öz nurani bəyanları ilə yaradılmışların tutumlarını, bağlılıqlarını, möhkəm qanuna söykəndiklərini, müxtəlifliklərini açıqlamışlar. Bununla, insanları öz ətraflarına nəzər salmağa, kiçik varlıqlardan tutmuş böyük mövcudata qədər, bütün yaradılmışlar və yaradılış haqqında düşünməyə vadar etmişlər.
Əli (ə) öz nurani bəyanında Allahın sonsuz qüdrəti və saysız nemətləri haqqında təfəkkür etməyi insanı doğru yola və Allah qorxusuna aparıb çıxaran vasitə bilir: «Və əgər camaat Allahın böyüklüyü və saysız nemətləri haqqında düşünsəydilər, doğru yola qayıdar və əzabın yandırıcı odundan qorxardılar. Lakin ürəklər xəstə, baxışlar eyiblidir. Məgər ən kiçik yaradılmış şeyə baxıb görmürlər ki, Yaradan onu necə əsaslı və möhkəm yaratmışdır?! Necə qulaq və göz verib, necə sümüklə bərkitmiş və necə dəri ilə geyindirmişdir?!»(«Nəhcül-bəlağə», xütbə 227, səh. 736.).
Davamında buyurur: «Qarışqaya bir baxın! Baxın görün cüssəsi necə də kiçik və nazikdir, gözünü qıysan belə görmürsən, necə yaradıldığı haqqında düşünsən, (sirrini) bilmirsən. Öz yolunu necə də tapıb gedir, ruzisini tapmaqda necə də tələsir. Dən tapsa, aparıb yuvasında anbara yerləşdirir. Qışın ruzisini yayda toplayır və yuvasına daxil olduqda, gedib-gəldiyi yolu yadında saxlayır. Onu görəcək qədər ruzisi ona yetişir və ruzisi qəbul edilmişdir. Nemət verən onu unutmaz və mükafat verən onu məhrum etməz; hətta sərt quru daşlar üzərində məskən salsa belə»(Həmin mənbə.).
İmam Sadiq (ə) rəvayət edir ki, ətir satan Zeynəb, Peyğəmbəri-əkrəmin (s) evinə gəlir və Peyğəmbərdən (s) Allahın əzəməti barəsində sual edir. Peyğəmbər (s) cavabında bu aləmin digər aləmlərlə müqayisəsini söyləyir və həmçinin, birinin digərinə nisbətdə kiçikliyini bəyan edir. O cümlədən buyurur:
«Üstündə olduğumuz yer, altında və üstündə olanlarla birlikdə onu əhatə etmiş göyün müqabilində geniş biyabanda düşmüş üzük halqası kimidir. Eləcə də, bizim olduğumuz qalaktika ikinci göyə nisbətdə, biyabanda görünən üzük kimidir»(«Biharul-ənvar», cild 60, səh. 83, 85.).
Bu nisbət, hər aləmin özündən yuxarı aləmlə müqayisəsində mövcuddur və beləliklə, gedib çıxır yeddinci aləmə ki, o da öz növbəsində ərş və kürsü ilə müqayisədə heç bir şey hesab olunur.
Aləmin əzəməti haqqında düşünməyin, insanın Allahın əzəməti qarşısında öz kiçikliyini dərk etməsindəki təsirinə görədir ki, əxlaq alimləri tapşırmışlar: «Namaz qılarkən, diqqətinizin tam Allahda cəmləşməsini istəyirsinizsə, çalışın geniş açıqlığa, çöllüyə gedin. Çünki gözünüz işlədikcə görünən bir fəzada yaradılışın əzəmətli mexanizmi qarşısında öz kiçikliyinizi daha yaxşı dərk edəcəksiniz».
Təbiidir ki, insan qapalı və dar mühitdə olduğu zaman, aləm haqqında təsəvvürü də həmin məhdud mühitin təsiri alında olacaqdır. Lakin geniş təbiətin qoynuna çıxsa, dağları, dənizləri müşahidə etsə, aləm haqqındakı təsəvvürü də istər-istəməz dəyişiləcəkdir. Hələ bu, Yer kürəsinin əzəmətinin göürüntüsüdür. İndi gör ki, yer göylə və birinci göy də digər göylərlə müqayisədə hansı əzəmətə malikdirlər.
Bu gün kosmik təhqiqatlar əsasında ulduzlar və qalaktikalar barədə əldə edilən məlumatlar insana yaradılış aləmini daha yaxşı dərk etməyə kömək edir. Təbiidir ki, insan əgər ibadətə başlamazdan əvvəl yaradılışın əzəməti haqqında bir qədər düşünsə, öz kiçikliyini daha yaxşı dərk edəcəkdir. Belə olan halda, Allaha doğru bir-iki addım daha artıq atacaqdır. Çünki Allaha yaxınlaşmağın yolu, Onun qarşısında öz kiçikliyini hiss etməkdədir.
Kitabın adı: Axirət azuqəsi
Müəllif: Doktor Misbah Yəzdi