İlahi xof və günahdan dönmək
Deyilənlərə əsasən belə məlum olur ki, ilahi xofun təsiri nəticəsində böyük mənəvi məqama çatmış şəxslərin dərk etdiyi ən yüksək mərtəbə, «fəna fillah» məqamıdır. Lakin adi insanlar üçün ilahi qorxunun yarada biləcəyi ən yüksək təsir, onların günahdan uzaqlaşmalarıdır. İnsan o zaman günaha mürtəkib olur ki, hansısa mənfəti ələ gətirmək və ya xəyalında dolaşdığı bir ləzzətə çatmaq istəyir. Bu ləzzət istər həqiqi olsun, istər xəyali, istər şəhvətdən doğan ləzzət olsun və istərsə də vəzifəyə, şöhrətə çatmaq kimi; fərqi yoxdur, hamısı insanı günaha sövq etdirən batil istəklərdir. İnsanı, onun günaha sürüklənməsinə səbəb olan bu batil istəklərdən saxlaya biləcək şey Allah qorxusudur. Baxıb görməlidir ki, günah onu hansı qaranlıq vadiyə sürükləyir, ona nə verir və ondan aldığı nədir?
Bilməlidir ki, günah onu axirətin əbədi nemətlərindən məhrum edib, əbədi əzaba sürükləyir (ilahi xof nə qədər çox olarsa, insana qoyduğu təsiri də çox olacaqdır).
Rəvayətlərdə göstərilir ki, Allah qorxusunun yer tutduğu ürəkdə şöhrətpərəstlik olmaz. Yəni Allahdan qorxan kəs şöhrətpərəst deyildir, ad-san dalınca düşüb, xalqın onu tərifləməsini sevmir. Şöhrətpərəstlik insan üçün ən qorxulu bəladır. Bəzi rəvayətlərdə deyilir: «Möminlər üçün ən böyük eyib və xətər mal, şöhrət həvəsidir». Şöhrət sevgisi, yəni vəzifə, ağalıq həvəsində olmaqdır. Siddiqlərin qəlbindən xaric olan pis sifətlərin axırıncısı, vəzifə, şöhrət həvəsidir ki, əlacı Allahdan qorxmaqdadır.
Həqiqətən də, insan əgər ilahi əzəməti dərk etsə, Onun müqabilində öz həqirliyini, kiçikliyini görə bilsə, günahın onun dünyasına və axirətinə hansı zərərləri vurduğunu anlasa, vəzifə və şöhrət həvəsini başından çıxaracaqdır. Deməli, ilahi xofun bizdə qoyduğu ən böyük təsir, bizi günahdan çəkindirməyindədir. Əlbəttə, mərifətləri kamilləşmiş, qəlblərində Allah mərifətinin yer aldığı kəslər üçün həmin məhəbbət onların Allahdan qeyrisinə göz yummalarına səbəb olur. Lakin bu sözün sahibləri vardır, biz Allah sevgisinin o dərəcəsinə yetişməmişik. Bizim görə biləcəyimiz yeganə iş, ilahi qorxunu ürəyimizdə gücləndirməyə səy etməkdir. Bununla günaha batmaqdan qorunub, yavaş-yavaş ilahi məhəbbətə ürəyimizdə yer verməliyik ki, daha yüksək ilahi mərifətə nail olaq.
Kitabın adı: Axirət azuqəsi
Müəllif: Doktor Misbah Yəzdi