Hədislərdən digər nümunələr
◘Əli (ə) buyurur: "İnsanların amanda qalmasının iki yolu var; biri Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ də əldədir.”
◘Əli (ə) buyurub: "Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: "Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mömin dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: "Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.
Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”
◘Əli (ə) buyurub: "İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu.”
◘Yenə buyurub: "İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: "Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!”
◘Öz övladlarına buyurub: "Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
◘Alimlərdən biri nəql edib deyir: "Həccac ibn Yusif Səqəfi (Allahın lənəti olsun ona!) dörd alimə − Hüseyn Bəsri, Əmr ibn Übeyd, Vasil ibn Əta və Amir Şöbiyə yazdı ki, "Qəza və qədər” barəsində bildikləri hər bir məlumatı yazıb ona göndərsinlər. (Bu həmin dövrdə gündəlik məsələlərdən olan cəbr və ixtiyar məsələsi idi. Bu məsələ barəsində çoxlu mübahisə və dava-dalaş olurdu. Bir qrup insan etiqad bəsləyirdi ki, insan ixtiyar sahibi deyil və gördüyü hər bir günah, yaxud savab əməl də usta əlində olan baltaya bənzəyir. Əslində Allahın iradəsidir ki, insanı o tərəf bu tərəfə çəkir.)
Hüseyn Bəsri cavabında yazdı: "Bu məsələnin ən gözəl cavabını mən həzrət Əlidən (ə) eşitmişəm. O, buyurub: "Sən elə bilirsən ki, Allah səni qadağan etdiyi işi görməyə məcbur edər?! Əsla! Səni pis işlərə vadar edən sənin qarnın və fərcindir (övrətindir)!”
Əmr cavabında yazdı: "Bu barədə eşitdiyim ən ali məlumat həzrət Əlinin (ə) sözüdür. O, buyurub: Əgər günah və cinayət Allahın müqəddər etdiyi mütləq və məcburi işlərdən olsaydı, o zaman cani və günahkardan qisas alıb onu cəzalandırmaq zülm olardı.”
Vasil də cavabında yazdı: "Bu şübhəli məsələnin ən nəfis həlli həzrət Əlinin (ə) göstərdiyi yoldur ki, buyurur: "Məgər mümkündürmü ki, Allah Özü yol göstərsin, sonra yüz yol müəyyən etsin?! Bu ağlasığmaz bir təsəvvürdür.”
Şöbi də cavabında yazdı: "Bu məsələnin cavabından ötrü Əlinin (ə) sözündən gözəl söz eşitməmişəm. O, belə buyurub: "Tövbə edilməli hər bir iş bəndə tərəfindən, şükür olunmalı hər bir iş isə Allah tərəfindəndir.”
Elə ki, məktublar Həccaca çatdı həzrət Əliyə (ə) qarşı bəslədiyi bütün kin, ədavət və düşmənçiliyə baxmayaraq dedi: "Həqiqətən bu cavablar saf çeşmədən qaynaqlanır.”
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)