Altıncı dərs - "Kafirun” surəsi
"Kafirun” surəsinin kəlmələri
قل - de
يا - ey (nida)
ايها - ey onlar
الْكَافِرُونَ - kafirlər - həqqin üstünü örtənlər - inkar edənlər
لا - yox (inkar).
اعبد - sitayiş edirəm- ibadət edirəm
لاأعبد - sitayiş etmirəm
ما - o, şey ki,
تَعْبُدُونَ - sitayiş edirsiz
أَنتُمْ - siz
عَابِدُونَ - sitayiş edənlər
انا - mən
لَ - لِ - üçün – ona xatir
أَنتُمْ - siz (kişi cinsinə aid əvəzlik)
لَكُم - sizin üçün
دين - din
دِينكُم - sizin dininiz
و - və (bağlayıcı)
ل - xatir, üçün.
لى - mənim üçün, mənə xatir.
"Kafirun” surəsinin hərfi tərcüməsi
"De: Ey kafirlər, mən heç vaxt sizin bütlərə bəndəçilik etməyəcəyəm, siz də mənim pərəstiş və bəndəçilik etdiyim Allaha bəndəçilik etməyəcəksiz, mən də sizin bəndəçilik etdiyinizə bəndəlik etməyəcəm, siz də mən pərəstiş etdiyimə ibadət etməyəcəksiz, sizin dininiz sizin üçün olsun, mənim dinim mənim üçün”.
"Kafirun” surəsinin təfsiri
Bu surə Vəlid ibn Müğeyrə, As ibn Vail, Haris ibn Teye, Üməyyə ibn Xələf kimi bir dəstə Qureyş müşriklərinin başçıları barədə nazil olub. Onlar deyirdilər: Ey Muhəmməd (s), gəl bir il sən bizim dinimizə itaət et, bir il də biz sənin dininə itaət edək və səni öz imtiyazlarımızda şərik edərik. Əgər sənin dinin yaxşı olsa biz ondan mənfəətlənərik. Bizim dinimiz yaxşı olsa, sən onda bəhrələnərsən.
Həzrət onların cavabında buyurdu: "Allaha pənah aparıram ona şərik qoşmaqdan”.
Onlar dedilər: Heç olmasa bizim bütlərin əlini vur və təbərrik et. Bizdə səni təsdiq edərik və Allahına ibadət edərik.
Həzrət Peyğəmbər (s) buyurdu: "Mən Allahımın əmrini gözləyirəm”.
Elə bu zaman "Kafirun” surəsi nazil oldu. Həzrət Peyğəmbər (s) Məscidül Hərama gedib müşriklərin başı üstə dayanıb bu surəni axıra qədər oxudu. Onlar bu ayələri eşitdikdən sonra tam surətdə məyus oldular və Peyğəmbər (s)-i və onun dostlarını incitməyə başladılar.
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ (Qul yâ əyyuhəl-kâfirun)
De "Ey kafirlər”,
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ (Lâ ə'budu mâ tə'budun)
Siz ibadət etdiyinizə mən ibadət etməyəcəyəm.
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (Və lâ əntum âbidunə mâ ə'bud
Siz də mən ibadət edən Allaha ibadət etməyəcəksiniz.
Bu ayə ilə Həzrət müşriklər ilə öz arasında ayrılıq xəttini çəkir. Onlara elan edir ki, bir dəfəlik bu fikri başınızdan çıxarın, mən bütpərəstlik etməyəcəyəm. Sizdə heç vaxt bu inad ilə Allaha ibadət edən deyilsiz. Keçmişinizin pisliyindən əl çəkən deyilsiz. Onları kor-koranə təqlid etməyinizə davam edəcəksiniz. Bütpərəstlərdən sizə gələn haram qazancları, Allahpərəstliyin ixlas kölgəsi ilə əvəz etmək fikrində deyilsiz.
Yenə də müşrikləri məyus etməkdən ötəri, onlara bu məsələdə heç bir sazişə getməməyi bildirmək üçün nəhayət Allahpərəstliklə bütpərəstliyin heç bir vəchlə uyğunlaşmayacağını elan edərək buyurdu:
وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ (Və lâ ənə âbidun mâ əbədtum)
"mən də heç zaman bütlərə ibadət etmərəm”.
Sözün davamında kafirlərin yalançı olduğunu elan edir. Onlar deyirdilər: bir il sən bizim kimi ibadət et, bir il də biz sənin Allahına bəndəçilik edərik. Onların "sənin Allahına ibadət edərik” sözlərinin yalan olmasını və bu sözdə də qeyri səmimi olduqları və hiyləgərlik etdiklərini yaxşı bilən Allah-Təala Həzrət Peyğəmbər (s)-ə buyurur ki, onlara belə desin:
وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ (Və lâ əntum âbidunə mâ ə'bud)
"Siz də mənim Allahıma ibadət edən deyilsiz.” Yəni bu dediklərinizin hamısı yalan və hiylədir. Istəyirsiniz mən sizin bütlərə ibadət edəm, sonra bunu əlinizdə bayraq edib, mənim də bütpərəst olmağımı və sizin kimi olduğumu hamıya çatdırasız.
Belə olan halda:
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (Ləkum dînukum vəliyə dîn)
"Sizin dininiz sizin üçün, mənim dinim isə mənim üçün olsun.” Bu ayədə Allah-Təala Peyğəmbər (s)-ə buyurur ki, onlara de: Çox gülməli və pis bir şey fikirləşmisiz. Sizin öz təfəkkürünüzə görə dininiz vardır, mənim Allahım da mənə bu dini göndəribdir. Sizin dininiz şirk və bütpərəstlik, mənim dinim isə tovhid və təkallahlı dindir. Sizin dininiz xurafat və cəhalət, mənim dinim isə həqiqət bə fəzilət dinidir. Bu iki dinin arasında qədimdən ziddiyyət mövcuddur. Bunlar bir-birinin əleyhinə olan dinlərdir. Bunların hər ikisini rəsmiyyətlə tanımaq olmaz. Ikisinidə eyni baxışla qəbul etmək olmaz. Mənim dinim ədalət, sizinki isə zülm dinidir.
"Kafirun” surəsinin hədəfi
1. Kafirlərin Peyğəmbər (s)-ə etdikləri bu təklif yalan və hiylədən başqa heç bir şey deyildi. Onlar bu sözlərində heç bir səmimiyyətə malik deyildilər. Yuxarıda dediyimiz kimi çirkin niyyətlərini həyata keçirmək istəyirdilər.
2. Bu surənin hədəflərindən biri də bu idi ki, islam və həqiqət dininin müşriklik ilə heç vaxt bir araya gəlməməsini elan edərək, Peyğəmbər (s) kimi şəxsiyyətin çirkin əməllər etməsinin qeyri-mümkün olduğunu bütün insanlara çatdırırdı.
"Kafirun” surəsinin xüsusiyyətləri və onda olan məqamlar
1. Bu surə "Kafirun” ona görə adlanıb ki, bu kəlmə bu surədə işlədilib. Bu surə "Cəhd” adı ilə də tanınıb. "Cəhd” inkar etməyə deyərlər. Bu surə kafirlərin təklifini inkar etdiyinə görə belə adlanıb.
2. Bu surə hicrətdən qabaq Məkkədə nazil olub.
3. Bu surəni oxumağın fəziləti barədə Həzrət Peyğəmbər (s) buyurub:
من قرأ »قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ« فكأنما قرأ ربع القرآن و تباعد عنه مردة الشياطين و برأ من الشرك و يعافي من فزع الأكبر
"Hər kəs bu surəni oxusa elə bil Quranın dörddə bir hissəsini oxuyub. Tuğyankar şeytanlar ondan uzaq olar, şirkdən təmizlənər və qiyamət gününün çətinliyindən amanda qalar”.
Həzrət buyurur: "yatanda bu surəni oxuyun bu sizi şirkdən qoruyar”.
4. Bu surədə belə vurğulanır ki, heç bir müsəlmanın dinini sazişə qoyub al-ver edib, onu nəyə isə satmaq və əvəzində bir şey almaq haqqı yoxdur. Ümumuyyətlə dini heç nə ilə əzəz etmək olmaz. Din axirət aləmini təmizləyir. Onu atan axirətdə heç bir məqama çata bilməz. Ona qörə də müvəqqəti dünyaya görə axirəti əldən vermək olmaz. Peyğəmbər (s) buyurur: "Bədbəxt adamdır axirəti dünyaya satan, ondan da bədbəxti axirəti başqasının dünyasına satandır”.
5. Bu surədə bir neçə söz təkrar olunubdur. Bu təkrar olunma nə üçündür? Ümumiyyitlə Allahın kəlamında təkrarlanma o kəlamı fəsahətdən salmırmı? Rəvayətdə gəlib ki, materialist olan (zindiq) Əbu Şakir Veysanı İmam Sadiq (ə)-ın dostlarından olan "Əbu Cəfər Əhvəl”-dən (Muhəmməd ibni Əli Nomani Kufi, Mömin-i-Taq) soruşdu: bu surədəki təkrar nəyə lazım idi? Həkimin (Allah-Təala hikmət sahibidir, yəni hər bir bihudəçilik Ondan uzaqdır, O, hər bir işi müəyyən bir səbəb və məqsədə görə edər – red.) sözündə belə bir təkrarın olması nə üçündür? O, cavab verə bilmədi. Bir gün Mədinəyə gəlib onu İmam Sadiq (ə)-dan soruşanda, İmam belə cavab verdi: "Müşriklər dedilər: bir il sən bizim Allahlara, bir il biz sənin Allahına, o biri il sən bizim Allahlarımıza, sonrakı il isə (dördüncü il) biz sənin Allahına ibadət edək. Allah-Təala da, onlar neçə dəfə demişdi o, qədər cavab verdi”.
"Əbu Cəfər Əhvəl” bunu "Əbu Şakirə” deyəndə "Əbu Şakir” dedi: "bu cavabi dəvələr hicazdan (mədinə) gətirib. Yəni bu İmam Sadiq (ə)-ın cavabıdır”.
6. Belə bir sual oluna bilər: surədəki لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (Ləkum dînukum vəliyə dîn) (sizin dininiz sizin üçün, mənim dinim mənim üçün) ayəsi "bütpərəstliyi” rəsmi bir din kimi qələmə vermirmi?
Belə cavab vermək olar ki, Xeyr. Çünki, ayələrdən aydın olur ki, Quran onları məzəmmət edir və deyir: sizin dininiz başınıza dəysin, bunun pis aqibətini tezliklə görəcəksiniz. Buna Quranın yüzlərlə ayəsi dəlalət edir. O, ayələr ki, şirki haram bilərək müşrikliyi qadağan edir. Ondan mənfur bir şey tanımır.
Bundan əlavə din "Cəza” mənasındadır. Yəni siz öz cəzanızı çəkin, biz də öz cəzamızı ("cəza” kəlməsinin bir mənası da əməllərin qarşılığı deməkdir və mənfi mənada işlənməklə yanaşı müsbət mənada da işlənə bilər – red.), əqidəmizə uyğun cəzamızı çəkəcəyik.
Allah-Təala bizi şirkdən, fikri şirk, və əməli şirkdən qorusun. Amin, ya Rəbbəl aləmin.
Sual və tapşırıqlar.
1. Bu surənin adlarını və onun adlanma
səbəblərini deyin.
2. Bu surə nə üçün və hansı mövzuda nazil olub?
3. Peyğəmbər (s) kafirlərlə nə üçün saziş etmədi?
4. Bu surənin fəziləti haqda nə deyə bilərsiniz?
5. Bu surədəki təkrarlanmanı izah edin.
6. لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ (Ləkum dînukum vəliyə dîn) ayəsini izah edin.
Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
Müəllif: Hacı Əhliman Rüstəmov