Kəfəmi "Mütəhəccid” kitabından belə nəql etmişdir: Hər kəs düçar olduğu dərdin sağalmasını istəsə, gecə namazının birinci iki rükətinin iki səcdəsində desin:
Ey uca, ey böyük, ey bağışlayan, ey mehriban, ey duaları eşidən, ey yaxşılıqlar əta edən! Məhəmməd və onun Əhli-beytinə salam yetir, mənə Sənə layiq olduğu tərzdə dünya və axirət xeyrini əta et, dünya və axirət şərini məndən uzaqlaşdır və bu dərdimi aradan qaldır!
bura çatdıqda, həmin dərdin və xəstəliyin adını çəksin və desin:
Çünki o məni incidir və narahat edir.
Sonra dua haqqında fikirləşsin, inşaallah, tezliklə sağalar.
"Uddətud-dai” kitabında İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, hər kəs bir dərdə, ağrıya düçar olsa, səmanın altında dursun və əllərini göyə qaldırıb belə desin:
İlahi, Sən Öz kitabında insanları danlayıb buyurmusan: De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizdən nə bir möhnəti uzaqlaşdırmağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” Elə isə, ey Səndən başqa möhnəti məndən uzaqlaşdırıb, dəyişdirməyi bacarmayan! Məhəmməd və onun Əhli-beytinə salam yetir, möhnətimi aradan qaldır və Səninlə birgə başqa tanrını köməyinə çağıran şəxsə tərəf yönəlt! Çünki mən şəhadət verirəm ki, Səndən başqa heç bir tanrı yoxdur.
Rəvayət olunmuşdur ki, xəstəliyə düçar olan hər bir mömin əlini ağrılıq hiss etdiyi yerə çəkib, xalis niyyətlə:
Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır.
ayəsini oxusa, ayədə qeyd olunan "möminlər üçün şəfa və rəhmətdir” cümləsinə əsasən, həmin xəstəlikdən sağalar.
Kitabın adı: Məfatihul Cinan