Zöhd və ibadətin ilahi məhəbbətlə rabitəsi
Hədisdə buyurulur: "Ey Məhəmməd, hər kəs "Allahı dost tuturam” deməklə mənə dost olmaz. Mənə dost olan az yeməklə kifayətlənməli, sadə geyimə qane olmalı, gecəsi səcdədə keçməli, namazın qiyamını uzatmalı və sükuta üz tutmalıdır.” İlahi məhəbbətdə iddialı olan çoxdur. Əlbəttə ki, qiymətli şeyə sahib duran çox olar. İlahi məhəbbətdən nəfis bir şey yoxdur, belə bir iddianı başa düşmək olar. Bütün dinlər və ilahi məktəblər ilahi məhəbbətdən dəm vurur. Amma ilahi məhəbbətin insanda zühur edən əlamətləri var. Hədisdə zikr olunduğu kimi, Allah aşiqi az yeməklə kifayətlənməlidir. Həqiqi aşiq qiymətli libaslar həvəsində olmamalı, yuxu aparanadək səcdədə qalmalı, namazını tələsik qılmamalı, sükuta riayət etməlidir. Bir sözlə, Allah aşiqi öz sadə həyat tərzi ilə seçilməlidir. Ləziz xörəklərə, əlvan geyimlərə, rahatlığa əsir olan insanın qəlbi Allah məhəbbətinin yeri deyil.
Həzrət Peyğəmbər (s) haqqında nəql olunur ki, həzrət namazın qiyamında o qədər dayanardı ki, ayaqları ağrıyardı. Həzrətin səcdələri o haldan gedənədək uzanardı. Həzrət peyğəmbərin səhabəsi Üveys Qərəninin gecəni sübhədək bə’zi günlər səcdədə, bə’zi günlər rükuda, bə’zi günlər isə qiyam halında qalması nəql olunur. Bə’zi din alimləri gecə Qur’an oxumağa başlayıb sübhədək onu xətm edərmişlər. Şübhəsiz ki, eşq olan yerdə yorğunluğun mə’nası yoxdur. Aşiq Allahla ünsiyyətdən ləzzət aldığından bu ünsiyyətin uzunluğu onu yormur.
Hədisin sonunda həzrətə sükuta riayət etməsi tövsiyə olunur. Danışıq insanın diqqətini yayındırdığından aşiq mə’şuqun hüzurunda susmağa üstünlük verir. Mərhum Əllamə Təbatəbaidən soruşurlar ki, namazda qəlbin iştirakına necə nail olmaq olar? Mərhum Əllamə cavab verir ki, bundan ötrü az danış. Bəli, diqqəti bir nöqtəyə toplamaq istəyən insan sükuta riayət etməlidir. Rəvayətdə oxuyuruq: "Mənim doslarım o kəslərdir ki, mənə təvəkkül etsinlər, çox ağlasınlar, az gülsünlər və nəfs istəklərinə qarşı çıxsınlar.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi