Mixək ağacı barədə nə bilirik?
Yayın isti günlərində susuzluğu yatırmaq, yorğunluğu çıxarmaq üçün çay ən yaxşı içkilərdən biri sayılır.
Əgər dəmlədiyimiz çaya bir neçə dənə mixək də atırıqsa, sevimli içki daha ləzzətli, həm də cana faydalı olur. Bəs bu adını tez-tez eşitdiyimiz mixək haqda nəsə bilirik?
"Bu ağacın botaniki adı kameliyadır. Vətəni Çin və Yaponiyadır. Bu Azərbaycana Gürcüstandan gəlib. 1940-cı ildə Batumi Botaniki Bağına gətirilib.1949-cu ildə isə Lənkərana gətirlib”, – deyə bioloq Əlişa Əliyev bildirib.
Çoxlu növləri olan bu dekorativ həmişəyaşıl bitkinin bir adı da mixəkdir. Hər il yarımda yarpaqlarını dəyişən mixək noyabr və dekabr ayında çiçəklədiyinə görə təbiətin sukunət vaxtında bu ağ çiçəklər ətri və görünüşü ilə hamını valeh edir. Meyvələr növbəti ilin noyabr ayında yetişir. Yetişmiş halda meyvələr tünd qonur rəngdə olur.
Gözəl ətriyyat - ədviyyat bitkisi kimi tanınan mixəyin sən demə 3-5 m hündürlüyündə olan ağac forması da var imiş.
Gözəl dekorativ görünüşə malik mixək ağacı şirəli yarpaqlarına və çiçəklərinə görə arılar üçün il boyu nektar mənbəyidir.
"Yarpaq tumurcuq və saplağından bir faizə qədər efir yağı var. Bu efir yağının da əsası yevgenoldur. Bu isə ən bahalı duxuların hazırlanmasında istifadə olunur. Onun toxumunda isə piy yağı vardır. Sabun bişirmə sənayesində bir də kosmik aparatların yağlanmasında onun məhsulu çox qiymətlidir”, - deyə Əlişa Əliyev qeyd edib.
Mixək həm də ədviyyat kimi əvəzsizdir. Dünyanın hər yerində kulinarlar xoş tamına görə onu bir çox yeməklərin, içkilərin tərkibinə qatırlar.