İmam Zamanla (ə) görüşləri nəql edən kitablarda Əli ibn Məhziyarın əhvalatı xüsusi diqqət mərkəzində olmuşdur. Əli ibn Məhziyarın qəbri Əhvaz şəhərindədir. Üzərində böyük günbəz olan bu məqbərə böyük ziyarətgaha çevrilmişdir. O özü həmin əhvalatı belə nəql edir:
İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün hər il həcc mövsümü Məkkəyə gedərdim. Beləliklə, on doqquz dəfə Məkkəyə Kə`bə evinin ziyarətinə getdim. Hər dəfə nə qədər çalışsam da, Həzrətdən bir əsər-əlamət əldə edə bilmədim. Nəhayət, mə`yus olub bir daha Məkkəyə getməmək qərarına gəldim. Növbəti il dostlarım Məkkəyə həcc ziyarətinə getdikləri zaman mənə də səfərə hazırlaşmağı təklif etdilər. Onlara dedim: Bu il mənim bir sıra çətinliklərim var və daha getmək fikrim yoxdur. Həmin günün axşamı yuxuda kimsə mənə dedi: Bu il həcc ziyarətini tə`xirə salma, gəl. Allahın izni ilə məqsədinə çatacaqsan.
Səhər yuxudan oyanıb ümidlə səfərə hazırlaşmağa başladım. Dostlarım məni gördükdə təəccüblənsələr də, onlara heç bir şey demədim. Nəhayət, gəlib Məkkəyə çatdıq. Həccin əməllərini tamamilə başa vurduq, amma bir xəbər çıxmadı. Bütün bu müddət ərzində hər dəfə Məscidül-Həramın bir guşəsinə çəkilib, elə hey fikirləşirdim. Hərdən öz-özümə deyirdim: Görəsən, yuxum doğru idi, yoxsa sadəcə olaraq xəyallara qapılmışdım?
Bir gün yenə başımı aşağı salıb fikirlərə dalmışdım. Birdən bir nəfər əlini çiynimə qoyub mənə salam verdi və sonra haralı olduğumu soruşdu. Qarabuğdayı bir şəxs idi. Dedim: Əhvazlıyam. Soruşdu: İbn Xəsibi tanıyırsanmı? Dedim: Allah ona rəhmət eləsin, artıq dünyasını dəyişmişdir. Dedi: Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Yaxşı insan idi, camaata xeyli ehsan edərdi. Allah onun günahlarından keçsin.
Sonra dedi: Əli ibn Məhziyarı tanıyırsanmı? Dedim: Bəli, özüməm. Dedi: Xoş gördük Məhziyar oğlu, sən çox zəhmət çəkmisən. Ağan İmam Zamanla (ə) görüşəcəyini sənə müjdə verirəm. Bu səfərində onun ziyarətinə nail olacaqsan. Get yoldaşlarınla vidalaş və sabah axşam da "Əbu Talib dərəsi”nə gəl. Mən orada səni gözləyəcəyəm və oradan səni İmam Zaman (ə)-ın yanına aparacağam.
Hədsiz sevinclə yoldaşlarımın yanına qayıtdım və yol ləvazimatımı bir yerə yığıb onlarla vidalaşdım. Nəhayət, həmin gecə "Əli Talib dərəsi”nə getdim və gördüm ki, o şəxs orada məni gözləyir. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq. Sonra dəvələrə minib Ərəfat və Minanın dağlarını keçib Taif dağlarına çatdıq. Ora çatdıqda, bələdçim mənə dedi: Düş, gecə namazını qılaq.
Mən dəvədən düşüb onunla birlikdə namaz qıldım və sonra yenə yolumuza davam etdik. Səhər açılana yaxın yenə dəvələrimizdən düşüb sübh namazını qıldıq. Artıq hava bir qədər işıqlanmışdı. O mənə dedi: O təpənin başında nə görürsən? Dedim: Bütün səhranı işıqlandıran bir xeymə görürəm. Dedi: Bəli, düzdür. Sənin arzu və istəyin oradadır. Sərvər və ağamızın yeri oradır.
Bir qədər dayanıb, sonra dedi: Gəl gedək. Dedim: Bəs, dəvələri nə edək? Dedi: Onları azad burax, bura əmin-amanlıqdır.
Onunla birlikdə xeyməyə tərəf getdim. Ora çatdıqda, mənə dedi: Sən hələ gözlə. Bunu deyib məndən əvvəl xeyməyə daxil oldu və bir neçə dəqiqədən sonra bayıra çıxıb dedi: Xoş halına! Həzrət sənə görüşə icazə verdi.
Mən xeyməyə daxil oldum və orada qəlbləri məftun edən gözəl bir cavan gördüm. Onun kaman kimi qaşları, düz burnu və sağ yanağında bir xalı var idi.
Məni görcək, böyük mehribanlıqla hal-əhval tutdu və sonra dedi: Atam mənimlə əhd-peyman bağlamışdır ki, şəhərlərdə mənzil qurmayam. Allah nə qədər istəsə, zalım və sitəmkarların şərindən qorunmaq üçün dağ və səhralarda məskən quracaq, onların hakimiyyətindən kənarda olacağam. Ta o vaxta qədər ki, Allah özü fərəc hasil etsin.
Mən neçə gün İmam Zaman (ə)-ın xeyməsində qonaq qaldım və bu müddət ərzində onun elm və nurundan kifayət qədər bəhrələnə bildim. Nəhayət, vətənimə qayıtmaq istədikdə, ixtiyarımda olan əlli min dirhəmi "imam səhmi” olaraq Həzrətə təqdim etmək istədim. Qəbul etməyib buyurdu: Bundan narahat olma. Çünki, qarşıda səni uzun yol gözləyir və yol xərcin üçün sənə lazım olacaq.
Bundan sonra İmam Zamanla (ə) vidalaşıb vətənə yola düşdüm.
Kitabın adı: İmam Zamanla görüşənlər
Toplayan: İsmayıl Əhmədov