Mərhum Əllamə Məclisi (eləcə də mərhum Şeyx Abbas Qumi) atasından "Yəmani hirzi” duasının arxasınca belə bir əhvalat nəql edir:
Bu "hirz”i Əmir İshaq Əstərabadi Allahın yer üzündəki xəlifə və canişini İmam Zaman (ə)-a istinadən nəql edir ki, onun yazılma əhvalatı belədir:
Seyyid İshaq Əstərabadi deyir ki, bir dəfə Məkkə yolunda karvandan geri qaldım. Yorğunluq bir tərəfdən, sıxıntı və susuzluq da digər tərəfdən məni sağ qalacağıma ümid yeri qoymadı. Bunun üçün də qibləyə tərəf uzanıb kəlməyi-şəhadətimi oxumağa başladım. Bir də gördüm ki, ağam və sərvərim, Allahın yer üzündə bütün insanlar üçün tə`yin etdiyi xəlifə və canişini Sahibəzzəman (ə) başımın üzərində dayanıb mənə deyir: Ey İshaq! Qalx ayağa. Mən ayağa qalxdım, amma çox susuz idim. İmam Zaman (ə) mənə su verib sirab etdi və sonra öz atına mindirib birlikdə yola düşdük. Mən yolda Yəmani duasını oxumağa başladım və səhv etdiyim yerlərdə İmam Zaman (ə) səhvlərimə düzəliş verirdi.
Bir də gördüm ki, Məkkənin Əbtəh adlanan məntəqəsindəyəm. İmam Zaman (ə) məni atından düşürüb bir göz qırpımında görünməz oldu. Karvanım isə Məkkəyə düz, doqquz gündən sonra çatdı. Məkkə camaatı arasında mənim oraya təyyül-ərzlə gəldiyim yayıldığı üçün özümü onlardan gizlətməyə çalışırdım.
Mərhum Məclisi yazır: Həmin seyyid dörd dəfə həcc ziyarətinə getmişdir. Kərbəladan Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getdiyi zaman onunla görüşə nail oldum və onda bir çox kəramətlər gördüm. Həmin kəramətlərdən biri də onun İsfahanda yuxuda əcəlinin yaxınlaşdığını və tezliklə dünyasını dəyişəcəyini görməsi idi. Həmin ərəfədə o mənə dedi: Əlli ildir Kərbəlanın yaxınlığında məskən salmışam ki, orada dünyamı dəyişim.
Borcları haqda mənə danışdı ki, onlardan biri də həyat yoldaşının mehriyyəsi idi. O, istəyirdi ki, həmin məbləği Məşhəddə ona o qədər borcu olan şəxsdən alsın. Dostlardan bə`ziləri bundan xəbər tutub həmin məbləği ona verdilər. Sonra biz bir nəfər şəxsi də ona qoşaraq birlikdə Kərbəlaya yola saldıq.
Həmin şəxs sonralar nəql edirdi ki, yolda o özünü çox yaxşı hiss edirdi. Amma Kərbəlaya çatıb borcunu verdikdən sonar xəstələnib dünyasını dəyişdi. Allah ona rəhmət etsin.