Bir neçə günlük səfərdən sonra həmin şəxs deyilən şəhərə çatdı. Orada da həmin riyazətləri davam etdirdi, çillə saxladı, otuz yeddi, yaxud otuz səkkizinci gündə ona dedilər: «Həzrət imam Zaman (ə) indi dəmirçilər bazarında qıfıl düzəldən qoca bir kişinin dükanının qapısında oturub. Yubanmadan onun hüzuruna tələs!»
Həmin şəxs ayağa qalxıb mə᾽nəvi aləmdə gördüyü yolları keçdi və qoca kişinin dükanının qabağına gəlib imam Zaman əleyhissəlamın orada oturduğunu və həmin kişi ilə şirin-şirin söhbət etdiyini gördü. Salam verdi, imam onun salamını alıb işarə ilə sükut etməsini əmr etdi. Burada maraqlı bir mənzərə var, ona diqqət yetirin.
Qıfıl düzəldən qoca kişinin insafı
Həmin şəxs deyir: Bir qədər kənarda dayanıb heyrətlə onlara tamaşa edirdim. Bu zaman gördüm ki, qocalıb əldən düşmüş, beli bükülmüş, əlləri əsən və əlində əsa tutmuş bir qoca qarı əlindəki qıfılı dükançıya göstərib dedi: Allah rizasına bu qıfılı məndən üç şahıya alın, mənim üç şahı pula ehtiyacım vardır.
Qoca kişi qıfıla diqqətlə baxdıqdan sonra dedi: Qıfılın heç bir nöqsanı yoxdur, bunun iki abbası dəyəri vardır. Çünki, onun açarının qiyməti on dinardan çox deyildir. Əgər sən mənə on dinar pul versən, mən bu qıfılın açarını düzəldərəm və onda onun qiyməti üç şahı deyil, on şahı olar.
Qarı dedi: Mənə qıfıl lazım deyildir, mənim pula ehtiyacım vardır. Siz bu qıfılı üç şahıya məndən alın, mən sizə dua edərəm.
Qoca kişi tam sadəliklə cavab verdi: Bacım! Sən müsəlmansan, mən də özümü müsəlman hesab edirəm. Nə üçün müsəlmanının malını ucuz qiymətə almalı və kiminsə haqqını tapdalamalıyam?! Bu qıfılın hal-hazırda da səkkiz şahı qiyməti vardır. Qazanc götürmək istəsəm də, mən onu yeddi şahıdan ucuz ala bilmərəm. Çünki, iki abbasılıq alverdə bir şahıdan artıq qazanc almaq insafsızlıqdır. İndi əgər satmaq istəsən, mən onu yeddi şahıya alaram. Yenə də təkrar edirəm ki, onun həqiqi qiyməti iki abbasıdır. Mən də ticarətçi olduğuma görə haqq-hesabı belə aparmalıyam. Ona görə də bir şahı ucuzuna alıram. Bəlkə də qarı inana bilməzdi ki, bu kişi doğru danışır. Ona görə də narahat olub dedi: Mən özüm deyirəm ki, heç kəs bu məbləğə razı deyil. Mən yalvarırdım ki, üç şahıya alsınlar. Çünki mənim ehtiyacım on dinarla başa gəlmir. Mənə üç şahı pul lazımdır. Qoca kişi yeddi şahı verib qıfılı aldı.
Mən onun ardınca gələrəm!
Qarı qayıtdıqdan sonra İmam (ə) mənə buyurdu: Əzizim, bu mənzərəni müşahidə etdinmi?! Belə olun ki, biz də sizin ardınızca gələk. Çillə saxlamaq lazım deyil, qəribə elmlərə əl atmaq faydasızdır, riyazət və səfərlərə getməyə də ehtiyac yoxdur. Özünüzdən xalis əməl göstərin və həqiqi müsəlman olun ki, biz də sizlərlə ünsiyyətdə olaq. Bu şəhərdə yalnız bu qoca kişini seçmişəm. Çünki onun dini var və Allahı tanıyır. Bu da bir imtahan idi ki, ondan başıuca çıxdı. Bu qoca qarı bazarın əvvəlindən başlayıb bura qədər hamıya öz ehtiyacını izhar edir və onlardan, qıfılı üç şahıya almalarını istəyirdi. Onlar da qocanı çarəsiz və ehtiyaclı görüb daha ucuz qiymətə almaq istəyirdilər. Amma bu kişi onu yeddi şahıya aldı. Elə bir həftə olmur ki, mən onun görüşünə gəlməyim və ona məhəbbət göstərməyim.(Sərmayeyi-suxən, 1-ci cild, səh. 610--613, ixtisarla).
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri