İmam Zamanla(ə.f) görüşənlər «On birinci görüş»
Mərhum Hacı Nuri "Nəcmus-Saqib” və Əllamə Ərdəbili "Kəşful-ğummə”də Hillə əhalisi arasında belə bir əhvalatın nəql olunduğunu qeyd edirlər:
"Hillənin yaxınlığındakı Hirqil kəndinin sakini İsmail ibn Həsən Hirqili belə bir əhvalat nəql edir: Cavan yaşlarımda hər bahar fəslində sağ budumda çiban əmələ gəlir və sonralar çirk edərək xeyli qan axır. Hər il bundan xeyli əziyyət çəkir, heç bir iş görə bilmərdim. Bir il həmin xəstəlikdən xeyli əziyyət çəkməli oldum. Bir gün Hilləyə Seyyid ibn Tavusun yanına getdim və ona əziyyət çəkdiyim xəstəlikdən gileyləndim. Seyyid Tavus Hillənin bütün tanınmış həkimlərini çağırıb həkimlər şurası təşkil etdi. Həkimlər məni müayinə etdikdən sonra dedilər: Çiban İsmayılın elə bir yerində çıxıb ki, əgər cərrahiyə əməliyyatı aparılsa çox güman ki, öləcəkdir. Bunun üçün də biz onu kəsməyə cür`ət etmirik.
Cənab Seyyid Tavus üzünü mənə tutub dedi: Bu yaxınlarda Bağdada getmək fikirim var. Gəl mənimlə get ki, oranın həkimləri də səni müayinə etsinlər. Bəlkə onlar səni müalicə edə bildilər. Mən də onun təklifini qəbul edib bir neçə gündən sonra onunla birlikdə Bağdada yola düşdüm.
Seyyid ibn Tavus Bağdadın da ən tanınmış həkimlərini bir yerə yığıb məni müayinə etdirdi. Onlar da Hillə həkimlərinin dediklərini təsdiq edib üzərimdə cərrahi əməliyyat aparmaqdan imtina etdilər.
Bundan xeyli mə`yus oldum, deməli ömrümün sonunadək bu xəstəlikdən əziyyət çəkməli və ömrüm-günümü qara əskiyə bürüməli idim.
Seyyid ibn Tavus namaz və sair ibadətlərə görə bu qədər mə`yus olduğumu güman edib buyurdu: Allah-təala sənin namazlarını həmin çirkli yaranla da qəbul edəcək. Əgər bu dərdə səbr etsən, Allah-təala sənə böyük mükafat verər. Tövsiyə edirəm mə`sum imamlara və İmam Zaman (ə)-a təvəssül edib, onlardan dərdinə şəfa diləyəsən.
Dedim: Əgər belədirsə, onda Samirraya gedib orada mə`sum imamlara təvəssül etməklə İmam Zaman (ə)-dan dərdimə şəfa verməsini diləyəcəyəm. Beləliklə, səfər tədarükü görüb Samirraya tərəf hərəkət etdim. O şərəfli məkana çatdıqda ilk növbədə həzrət İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdim. Sonra isə İmam Zaman (ə)-ın qeybə çəkildiyi yerə gedib gecəni orada qaldım. Orada Allahın dərgahına xeyli ah-nalə edib, İmam Zaman (ə)-dan dadıma çatmağını istədim.
Səhər Dəcləyə tərəf getdim və onun kənarında yaramı yuyub pakladım. Orada ziyarət qüslü aldım və bir qab su götürüb yenidən mə`sum imamların hərəmini ziyarət etmək üçün geri qayıdırdım. Hələ şəhərə çatmamış, birdən, mənə tərəf gələn dörd nəfər atlı gördüm. Samirranın kənarında bir neçə seyyid yaşadığı üçün güman etdim ki, o dörd nəfər şəxs onlardır. Kənara çəkildim ki, ötüb keçsinlər. Amma mənim yanıma çatdıqda gördüm ki, iki cavanın belində qılınc, üçüncünün əlində nizə, dördüncünün də bir əlində siyirmə qılınc, o biri əlində isə nizə var. O, orta yaşlı bir cavan idi. Onlar birlikdə mənə yaxınlaşdılar. Həmin iki cavan onun sağ tərəfində, əlində nizə tutan qoca isə yolun ortasında dayanıb əlindəki nizənin başını yerə tərəf tutmuşdu. Qarşımda dayanıb mənə salam verdilər və mən də salamlarının cavabını verdim. Orta yaşlı şəxs məndən soruşdu: Sabah burdan gedəcəksənmi? Dedim: Bəli. Buyurdu: Qabağa gəl, yarana baxım. Öz-özümə dedim: Bunlar təharətə riayət etməyən çöl adamlarıdır, mən isə təzə qüsl almışam və paltarlarım da hələ tam qurumayıb, əlini paltarıma vurmasa yaxşıdır. Elə bu fikirdə idim ki, həmin şəxs əyilib məni özünə tərəf çəkdi və əlini yaramın üzərinə qoyub sıxdı. Mən bir qədər ağrı hiss etdim. Sonra əlini götürüb yenə də yəhərində oturdu.
O qoca dedi: Qurtuldun, ey İsmayıl! Dedim: Sizsiniz qurtuluş tapan. Həm də təəccüb etdim ki, görəsən onlar mənim adımı haradan bilirlər? Qoca yenə dedi: Qurtuldun, canın qurtardı, bu İmam Zamandır! Bunu eşitcək ayağından yapışıb öpdüm və ardınca qaçmağa başladım. O isə üzünü mənə tutub buyurdu: Qayıt. Dedim: Mən heç vaxt səndən ayrılmaram. Yenə də üzünü mənə tutub dedi: Qayıtmağın məsləhətdir. Yenə də israrla dedim: Mən heç vaxt səndən ayrılmaram. Qoca dedi: İsmayıl! Utanmırsan! İmam Zaman (ə) sənə ikinci dəfə qayıt dedi, sən isə ona itaət etmirsən?! Dayandım, onlar bir neçə addım məndən uzaqlaşdılar. Fədası olduğum İmam Zaman (ə) bir daha dayanıb üzünü mənə tutaraq buyurdu: Bağdada çatdığın vaxt abbasi xəlifəsi Müstənsir səni yanana çağırıb hədiyyə verəcək. Sən isə hədiyyəni ondan qəbul etmə və övladım Rzaya de ki, sənin barəndə Əli ibn Əvəzə məktub yazıb mənim tərəfimdən ona çatdırsın ki, sənə hər nə istəsən versin. Yerimdə dayanıb Həzrətin sözlərinə qulaq asırdım. İmam Zaman (ə)-ın sözləri başa çatdıqdan sonra atlılar birgə hərəkət edib gözdən itdilər.
İmam Zaman (ə)-ın ayrılığı məni yandırır, Samirraya qayıda bilmirdim. Elə oradaca oturub göz yaşları axıtmağa başladım. Nəhayət, bir saatdan sonra ayağa qalxıb Samirraya tərəf hərəkət etməyə başladım. Məni görən şəhər əhalisindən bə`ziləri halımın nə üçün dəyişildiyini xəbər alırdı. Onlar məndən soruşurdular: Sənə nə olub? Kiminləsə dava etmisən? Mən isə deyirdim: Xeyr, amma siz deyin görüm o atlılar kimlər idi!...
Onlar budumu açıb baxdılar, yaranın hətta yerinin qalmaması mənin özümü də təəccübləndirdi. Göz yaşları axıda-axıda dedim: Yara bəlkə o biri ayağımda idi. O biri ayağımı da açdım, amma onda da yaradan heç bir əsər-əlamət yox idi.
Camaat İmam Zaman (ə)-ın bərəkəti ilə şəfa tapdığımı görüb məni hər tərəfdən əhatə etdilər və əynimdəki köynəyi təbərrük olaraq parça-parça etdilər. Əgər neçə nəfər mənə kömək etməsəydi, camaatın əl-ayağı altında həlak olacaqdım.
Bu xəbər məntəqə nəzarətçisinin də qulağına çatdı. Yanıma gəlib hər şey barədə sorğu-sual etdi. Mən də verdiyi suallara bir-bir cavab verdim. Onun məqsədi əldə etdiyi mə`lumatı Bağdada yazmaq idi. Nəhayət, gecəni elə orada qaldım və səhər açıldıqda dostlarımdan bir neçəsi məni Bağdada yola saldı.
O biri gün Bağdada çatdım. Gördüm ki, şəhər körpüsünün üstündə xeyli adam yığılıb. Onlar şəhərə daxil olmaq istəyən hər bir şəxsin ad və şəxsiyyətini soruşurlar. Sanki, kimisə gözləyirdilər. Məni də görüb adımı soruşdular. Tanıyan kimi üstümə tökülüb təzə geyindiyim paltarı əynimdə parça-parça etdilər. Camaat az qala məni həlak edəcəkdi ki, bu vaxt Seyyid Rəziyəddin ibn Tavus bir neçə nəfərlə köməyimə gəlib məni onların əlindən ala bildi. Sonradan mə`lum oldu ki, məntəqə nəzarətçisi Bağdada məktub göndərib onları mənin gəlişimdən xəbərdar etmişdir. Seyyid Rəziyyəddin ibn Tavus mənə dedi: Şəfa tapan şəxs sənsənmi? Dedim: Bəli. Atdan düşüb diqqətlə ayağıma baxdı. O, əvvəl ayağımdakı yaranı gördüyü üçün indi ondan heç bir əsər-əlamət görmədikdə, heyrətə gələrək ağlamağa başladı. O qədər ağladı ki, axırda özünü saxlaya bilməyib huşunu itirdi. Özünə gəldikdə mənə dedi: Xəlifənin vəziri sən gəlməzdən əvvəl məni yanına çağırıb dedi ki, eşitmişik Samirradan Allahın həzrət Mehdi (ə)-ın vasitəsilə şəfa verdiyi bir şəxs gəlir və həmin şəxs sənin tanışındır. Tez onun barədə bizə bir xəbər gətir.
Bundan sonra Seyyid ibn Tavus məni Qum əhlindən olan vəzirin yanına aparıb dedi: Bu şəxs mənim yaxın dostlarımdan biridir. Vəzir üzünü mənə tutub dedi: Başına gələnləri nəql et. Mən də başıma gələnləri əvvəldən axıra kimi ona nəql etdim. Vəzir məni müayinə edən həkimləri bir yerə yığıb onlara dedi: Siz bu şəxsi tanıyırsınızmı? Onlar hamısı bir nəfər kimi dedilər: Bəli, onun sağ budunda bir yarası vardır. Vəzir onlardan soruşdu: Onun əlacı nədir? Dedilər: Əlacı yalnız cərrahi əməliyyata bağlıdır. Əgər bu işi görsək, çətin sağ qalar. Vəzir soruşdu: Belə fərz edək ki, bu işi gördünüz və o da sağ qaldı. Bəs, yarasının tam sağalması üçün nə qədər vaxt lazımdır? Dedilər: Ən azı iki ay. Lakin sağaldıqdan sonra yeri ağ qalıb orada tük bitməyəcək. Vəzir onlardan soruşdu: Onun yarasını gördüyünüz gündən nə qədər keçir? Dedilər: Onu on gün bundan qabaq müayinə etmişik. Vəzir dedi: İndi isə yaxın gəlin. Sonra ayağımı açıb onlara göstərdi. Həkimlər ayağımı görcək, heyrətə gəldilər. Məsihi olan həkimlərdən biri dedi: Allaha and olsun ki, bu həzrət Məsihin mö`cüzəsidir!
Nəhayət, bu xəbər xəlifənin də qulağına çatdı. O, vəzirə göstəriş verdi ki, məni onun yanına aparsın. Vəzir də məni xəlifə Müstənsir-billahın yanına apardı. Xəlifə məni görcək, dedi: Başına gələn əhvalatı danış, görək. Mən də başıma gələnləri bir daha əvvəldən axıradək ona nəql etdim. Sonra xəlifə xidmətçisinə əmr etdi ki, mənə min dinarlıq bir kisə versin. Amma mən qəbul etmədim. Xəlifə nədən qorxduğumu soruşduqda, dedim: Mənə şəfa verən şəxsin özündən. Çünki o həzrət mənə əmr etdi ki, Müstənsirdən heç bir şey qəbul etmə. Xəlifə kədərlənib bir söz deyə bilmədi və xeyli göz yaşı axıtdı.”
Bu hadisə bir çox kitablarda yazılmışdır. Burada diqqəti bir neçə məsələ cəlb edir:
1. Fədası olduğum İmam Zaman (ə)-a təvəssül olunduğu zaman özü hər kəsin imdadına gəlir.
2. İnsan bütün hallarda İmam Zaman (ə)-a müt`i olub onun əmrlərini yerinə yetirməlidir.
3. İnsan, başqalarının var-dövlətini zülm və haqsızlıqla əldə edən şəxslərə əl uzatmamalı və onlardan heç bir şey qəbul etməməlidir.
4. İmam Zaman (ə) Seyyid ibn Tavusu öz övladı adlandırır.
Kitabın adı: İmam Zamanla görüşənlər
Toplayan: İsmayıl Əhmədov