Mərhum Əllamə Məclisi (Allah ondan razı olsun) "Biharül-Ənvar” və mərhum Nuri "Nəcmus-Saqib” kitabında Hillədə Əbu Racih Həmmami ilə bağlı məşhur və bir çox inanılmış şəxslərdən nəql olunmuş bir əhvalat qeyd etmişlər. Əhvalatı zöhd və ibadətdə şöhrət qazanmış tədqiqatçı alim Şəmsəddin Məhəmməd ibn Qarun belə nəql edir:
Bir vaxtlar Hilləyə şiələrlə müxalif olan nasibi Mərcan Səfir adlı şəxs hakim tə`yin olunmuşdu. Bir gün şiələrə kin bəsləyən bir qrup adam ona deyir ki, Əbu Racih adlı bir şiə səhabələrdən bə`zilərinə lə`nət deyir. Mərcan dərhal onu yanına çağırtdırır və əmr edir ki, onu tez şallaqlasınlar. Mə`murlar onu o qədər vururlar ki, az qalır həlak olsun. Çubuq və qamçı ilə bütün bədənini yaralayır və dişlərindən bir neçəsini də sındırırlar. Dilini bayıra çıxarıb simlə bağlayır, burnunu isə deşib ip keçirir və ipin ucundan tutub çəkə-çəkə Hillənin küçələrində onu dolandırırlar. Bir sözlə, ona o qədər əzab-əziyyət verirlər ki, verilən işkəncələrə dözə bilməyib özündən gedir. Mə`murlar onun vəziyyətini hakim Mərcana xəbər verdikdə, o qəddar insan Əbu Racihin öldürülməsini əmr edir. Camaat hakimə müraciət edərək deyirlər: Əbu Racih qoca və əldən düşmüş bir insandır. O, elə ağır vəziyyətdədir ki, siz onu öldürməsəniz də özü bu gecə dünyasını dəyişəcəkdir.
Əbu Racihin övladları atalarının yarımcan bədənini evə aparırlar və sağ qalacağına əsla ümid etmirlər. Lakin həmin günün səhəri camaat onu yoluxmağa getdikdə ayaq üstə namaz qıldığının şahidi olurlar. Onun bədənində nə bir yara yeri var idi, nə də ağızında bir sınıq dişi. Camaat heyrətə gəlib ondan nə baş verdiyini soruşurlar. Əbu Racih deyir: Gecə yarısı ölümcül hala düşmüşdüm və ölüm mənim bir addımlığımda idi. Qəlbimdə Allahdan dadıma çatmasını və ağam İmam Zaman (ə)-dan mənə kömək etməsini dilədim. Otaq qaranlıq idi, bir də gördüm hər yer nura qərq oldu və İmam Zaman (ə) gözlərim önündə təcəlli etdi. O, mübarək əlini bədənimə çəkib buyurdu: «Get ailənin ehtiyaclarını tə`min etmək üçün işə başla. Və bil ki, Allah-təala sənə şəfa vermişdir.» İndi də gördüyünüz kimi tam sağlamam.
Əhvalatı nəql edən Şeyx Şəmsəddin Məhəmməd ibn Qarun deyir: And olsun Allaha, daim Əbu Racihlə sıx əlaqədə olurdum və hər zaman onun hamamından istifadə edirdim. O arıq, sarışın, qozbel və zahirən yaraşıqsız bir şəxs idi. Camaat onun evinə getdiyi gün mən də onlarla birliklə idim. Amma həmin gündən e`tibarən o olduqca yaraşıqlı qiyafə almış, sağlam, gümrah və cüssəli bir şəxsə çevrilmişdi. Hətta ilk baxışda onu tanımadıq və sanki qarşımızdakı iyirmi yaşlı yaraşıqlı bir cavan idi. Ən təəccüblüsü isə bu ki, o, ömrünün sonunadək bu görünüşdə qalıb əsla dəyişilmədi.
Bu əhvalat camaat arasında yayıldıqda, hakim onu öz yanına çağırır. O, Əbu Racihi dünən qanına qəltan, bu gün isə sağlam və iyirmi yaşlı yaraşıqlı cavan qiyafəsində gördükdə, çox qorxur və həmin gündən e`tibarən öz sarayında İmam Zaman (ə)-ın Hillədəki məqamına tərəf arxasını belə çevirməkdən çəkinir. Bu hadisədən sonra Hillə şiələrinə yaxşılıq edib məhəbbət göstərməyə çalışsa da, lakin çox keçməmiş Allahın qəzəbinə gələrək cəhənnəmə vasil olur.