Həyat bizi düşündürür, bəs biz düşünürükmü?...
Düşüncə – nə böyük bir nemət!..
Hər bir insan ağlı kəsəndən, hələ kiçik yaşlarından düşünməyə başlayır. Uşaq ikən qarşıya qoyduğumuz səmimi və sadəlövh suallar illər ötdükcə daha ciddi şəkil alır, bizləri əhatə edən təbiətin və cəmiyyətin dərinliklərinə yönəlir. İnsan düşünür, o, artıq həyata şüurlu bir varlıq gözü ilə baxır və bizləri əhatə edən dünyanı dərk etməyə çalışır…
Həyat bizi düşündürür. Ömrümüzün ilkin çağlarından sonunadək sadədən mürəkkəbə doğru əzəmətli bir düşüncə sistemi formalaşır hər birimizin şüurunda. Yaşadığımız dünyaya artıq uşaq gözü ilə deyil, daha açıq gözlə, daha təcrübəli nəzərlərlə baxdıqda, şübhəsiz ki, daha əhəmiyyətli suallar üzərində düşünüb-daşınırıq.
Qara, cansız torpaqdan rəngarəng, gözəl bitkilərin, ətir saçan əlvan güllərin, növbənöv meyvələrin bitdiyini görürük…
Ətrafımıza nəzər saldıqda, əzəmətli və göz oxşayan dağları, dərələri, dənizləri, çayları, meşələri, çölləri görürük… Və onların üzərində bir an belə durmayan canlı həyatı, nəhayət özümüzü, bir az öncə əsla mövcud olmayan özümüzü görürük… Bütün bunlara baxdıqda, bütün bunları gördükdə heç düşünürükmü?
Şübhəsiz ki, hər bir insan səhər yuxudan oyandıqda nə yeyəcəyini, əyninə hansı paltarı geyinib haraya gedəcəyini, bir yerə getdikdə hansı nəqliyyat vasitələrindən istifadə edəcəyini və s. bu kimi gündəlik məsələlər üzərində mütləq düşünür və hər kəs özünəməxsus şəkildə bu sualları çözməyə çalışır. Bəs, görəsən, gəldiyimiz bu dünyada daha əhəmiyyətli olan məsələlər haqqında düşünürükmü?
Hər bir şüurlu insan evdən çıxıb bir yerə getdikdə, şübhəsiz ki, hara getdiyini, niyə getdiyini əvvəlcədən müəyyən edib yola çıxır. Bəs həyat yoluna çıxdıqda necə, heç fikirləşirikmi hara gedirik, niyə gedirik, axı bu yol bizi hara aparır? Görəsən, həyatımızın, dünyaya gəlişimizin mahiyyəti haqqında lazımınca düşünürükmü?
Əlbəttə, həyatımıza daha dərin düşüncə ilə yanaşsaq, gərək ki, "bu gün hansı paltarı geyinim?” sualından daha əhəmiyyətli və vacib suallarla üzləşmiş olarıq. Və heç şübhəsiz ki, bu sualların başında ümumiyyətlə həyatımızın mahiyyətini, mənasını anlamaq, nə üçün dünyaya gəldiyimizi, hansı meyarlar əsasında həyatımızı quracağımızı, necə yaşayacağımızı, aqibətimizin nə olacağını düşünüb cavablandırmağımız durur.
Qoyulan məsələlər üzərində düşündükcə bir acı həqiqətin də şahidi oluruq ki, bizləri əhatə edən insanların böyük əksəriyyəti, təəssüflər olsun ki, bir çox məsələləri öyrənməyə, üzərində düşünməyə həvəs göstərdikləri halda, həyatın başlıca suallarından qafildirlər. Hərçənd ki, hər insan müstəqil bir varlıqdır və öz həyatı üçün yalnız özü cavabdehdir. Dükanda alacağı ayaqqabının rəngini, bağını, dabanını incələyən insan öz həyatının mahiyyəti haqqında necə düşünməyə bilər?! Saç düzümünə saatlarla vaxt sərf edən insan həyat düzümü haqqında düşünməməkdə haqlı sayıla bilərmi?
Həqiqətən də, bir çoxlarımız gün ərzində etdiklərimizi, düşündüklərimizi bir-bir xatırlayıb bir yerə yazası və günün sonunda incələyəsi olsaq, bir çox işlərimizin nə qədər faydasız olduğunun şahidi olarıq. Faydasız işlərə vaxt sərf etdiyimiz kimi, faydasız fikirlərə də kifayət qədər vaxt ayırırıq. Bu isə nəticə etibarilə bir çox uğursuzluqlara, həyatımızın xoşagəlməz axara yönəlməsinə gətirib çıxarır.
Bəzən isə hər hansı bir işi görür, yalnız sonra onun üzərində düşünmək, ölçüb-biçmək fikrinə düşürük. Belə olan hallarda elə xoşagəlməz nəticələrlə üzləşirik ki, sonra onları düzəltmək çox çətin, hətta bəzən qeyri-mümkün olur.
Bəzən də öz həyatımızı müəyyən yanlış mülahizələr, prinsiplər üzərində qurur, sonra isə sonadək inadla öz səhvlərimizə "sadiq” qalmağa çalışırıq və səhvlərimiz üzərində düşünməyi mənliyimizə sığışdırmırıq.
Bütün bu kimi sapqınlıqlardan və gələcəkdə onlardan irəli gələcək fəsadlardan qurtulmaq və öz həyatımızı şüurlu şəkildə səadət və xoşbəxtliyimizə yönəltmək üçün, gəlin, bütövlükdə həyat yolumuz haqqında bir qədər dərindən düşünək və həyati əhəmiyyətə malik olan suallara düzgün cavablar arayaq.
Bu dünya boş yerəmi yaradılmışdır? Yoxsa bu bir təsadüfün nəticəsidir? Bizim yaradılışımızın bir məqsədi varmı? Yoxsa elə-belə gəlmişik bu dünyaya? Bu dünyada sürəcəyimiz həyatın müəyyən bir mənəvi qanunları varmı, yoxsa kimin könlü necə istəsə, elə də həyat sürməyə haqqı var?
Yaxşı və ya pis insan öz əməllərinin qarşılığında mükafat və ya cəzaya məhkumdurmu? Yoxsa yaxşını da, pisi də eyni aqibət gözləyir? Mütləq səadət mövcuddurmu? Əgər mövcuddursa, ona necə nail olmaq olar?..
Bütün bu və bunlardan irəli gələn suallar həyata açıq göz, aydın zəka və təmiz qəlblə baxan hər bir insanı dərindən düşündürən suallardır. Və tərəddüd etmədən qeyd etməliyik ki, quracağımız həyat da məhz onları necə cavablandıracağımızdan asılıdır. Elə isə, hər birimiz üçün əhəmiyyət kəsb edən bu suallar üzərində dərindən düşünək və onlara doğru cavab tapmağa çalışaq. Axı düşünmək böyük bir nemətdir. Digər saysız-hesabsız nemətlərə yol açan bir nemət. Haqq Yoluna yönəldən, yol boyu bizlərə bələdçilik edən bir nemət. Bu ilahi nemətdən özümüzü məhrum etməyək!
Həqiqətən də, həyat bizi düşündürür. Elə isə, düşünək!..
Kitabın adı: Haqq yolu
Müəllif: Elşən Mustafaoğlu