Dünyapərəstlərin ikinci xüsusiyyəti çox gülməkdir. Dünya əhli axirət fikrində olmadığından, Allahdan çəkinmədiyindən vaxtını deyib-gülməklə keçirir. Aqibəti haqqında düşünən, Allahdan qorxan insan ömrünü hədsiz şadlıqda, deyib-gülməkdə keçirməz. Amma axirət əhli, axirət haqında düşünən kəs axirət üçün çalışdığı halda öz aqibətindən nigarandı. O, Allahın razı qalmayacağından, behişt ne’mətlərindən məhrum olacağından qorxur. Bu səbəblərdən də vaxtını boş-boş danışıqlara, yersiz deyib-gülməyə sərf etmir. Bu o demək deyil ki, mö’min qaşqabaqlı olmalıdır. Mö’minin dodaqlarına daim təbəssüm qonmuşdur. O xoş zahiri görkəmə malikdir və ətrafdakılarla xoş rəftar edir. Daxilində isə öz aqibətindən nigarandır. Mö’minin təbəssümü zahirdədir. Batinində isə ilahi vəzifələrinə əməl edib-etmədiyindən nigarandır. Mö’min şəxs bu sayaq nigarançılıqlardan heç vaxt rahat deyil. Dünyapərəstlərin üçüncü xüsusiyyəti çox yatmaqdır. Öz axirətindən, gələcəyindən nigaran olmayan insan son mənzilə çatmış kimi rahat və ağır yatır. Təbii ki, çox yeyən insan ağırlaşır və onu yuxu basır. Ayıldıqda isə fikri-zikri qarnını dadlı yeməklərlə dolurmaq, yumşaq yorğan-döşəkdə xoruldamaqdır. Axirət əhli isə əksinə, ömrünün bir dəqiqəsini də hədərə vermək istəmir. Onun gözləri yuxuya gedəndə də qəlbi oyaqdır.
Dünyapərəstlərin dördüncü xüsusiyyəti budur ki, onlar daim özlərindən razı, ətrafdakılardansa narazıdırlar. Onlar daim özlərindən razı, ətrafdakılardansa narazıdırlar. Onlar çətinliyə dözmür, rahatlıqlarını pozacaq bir iş baş verdikdə özlərindən çıxırlar. Onların yeganə məqsədi dünya həyatını xoş keçirməkdir. Ona görə də başqalarından ehtiram və itaət intizarında olurlar. Başqaları onların istəyini yerinə yetirmədikdə özlərindən çıxır, qaşqabaqlarını tökür, qəzəblənirlər. Ağıllı insan daim xoş hadisələr intizarında olmamalıdır. Məgər bütün ömrü boyu acı hadisələrlə rastlaşmamış insan varmı?! Təbiət hadisələri, xəstəlik, müxtəlif problemlər hamının qarşısına çıxan bir məsələdir. Eləcə də ictimai münasibətlərdə e’tirazlarla qarşılaşmaq təbii bir işdir. Me’rac hədisində oxuyuruq: "Narazı qalmaq, pislik etdikdə üzr istəmək, üzr istəyəni bağışlamamaq dünya əhlinin xüsusiyyətlərindəndir.” Bəli, başqalarına qarşı tələbkarlıq və narazılıq dünya əhlinin beşinci xüsusiyyətidir.
Dünya əhlinin altıncı xüsusiyyəti bir kəsin haqqını tapdadıqda ondan üzr istəməmələridir. Üzr istəmək insanın sadəliyindən doğan bir xüsusiyyətdir. Dünyapərəstlər isə özlərini o qədər böyük bilirlər ki, hətta zülm etdikləri kəsdən də üzr istəməyi özlərinə sığışdırmırlar. Uşaqlarda da belə bir xüsusiyyət var. Uşaqlar da üzr istəməyə çətinlik çəkirlər. Ona görə də uşağın tərbiyəsində bu məsələyə ciddi fikir vermək lazımdır. Uşağa öyrədilməlidir ki, insan səhv etdikdə üzr istəməlidir. Belə bir xüsusiyyəti uşaqlara bağışlamaq mümkün olsa da, yetkin insanların belə rəftarını bağışlamaq olmaz. Mö’min şəxs başqalarına münasibətdə səhvə yol verdikdə dərhal üzr istəyir. Bu xüsusiyyət insanı tövbəyə sövq edən səbəblərdəndir. Üzr istəməyən, əməllərindən peşiman olmayan insan öz səhv hərəkətlərinə bəhanələrlə don geyindirməyə çalışır. Dünya əhlinin yeddinci xüsusiyyəti başqaları üzr istədikdə onların üzrünü qəbul etməmələridir. Onlar ən kiçik səhvi belə bağışlamaq istəmirlər. Öz nöqsanına görə üzr istəməyən insan başqalarının da üzrünü qəbul etməyə bilər. Amma öz səhvlərinə görə üzr isəyənlər başqalarının da üzrlərini qəbul edirlər.
Hədisin davamında buyurulur: "İbadətdə süst, günahda isə qəhrəmandırlar. Ölümləri yaxın olduğu halda arzuları uzun-uzadıdır və özləri ilə hesab aparmırlar.” Dünya əhlinin səkkizinci xüsusiyyəti ibadətdə süstlük və günahda şücaətdir. Belələri daim ibadəti tə’xirə salır, namazı vaxtında qılmır, vaxtlarını boş yerə sərf edirlər. Allah-təala bu xüsusiyyəti münafiqlərin sifətlərindən sayır və buyurur: "Münafiqlər ikrah və süstlüklə namaz qılarlar.” Günaha gəldikdə isə onlar şücaətə gələr, ilahi qanunları pozmaqda heç bir süstlük göstərməzlər.
Dünyapərəstlərin doqquzuncu xüsusiyyəti uzun-uzadı arzulara malik olmalarıdır. Onlar dünyanı son bildiklərindən yalnız dünya üçün çalışırlar. Uzun-uzadı arzular dünyaya belə bir münasibətin təbii sonluğudur. Allah-təala bu barədə buyurur: "Onların hər biri min il yaşamağa meyllidir.” Düşüncəsini uzun-uzadı arzulara əsir edən insan ömrünün qısalığı barədə düşünmür. O, anlamır ki, bir belə arzuya qısa bir həyatda çatmaq mümkünsüzdür. Məgər altmış-yetmiş illik bir ömürdə dünya ilə bağlı bütün arzulara çatmaq mümkündürmü?! İnsan anlamalıdır ki, dünya ilə bağlı bütün arzulara çatmaq üçün yüz illər ömür sürməlidir. Dünya əhli dünyaya o qədər vurulur ki, arzularının uzunluğunun ömrünün uzunluğu ilə uzlaşmadığını hiss etmir.
Dünya əhlinin onuncu xüsusiyyəti özləri ilə hesab aparmamalarıdır. Dünyapərəstlər yalnız dünya və onun ləzzətlərini tanıyırlar. Şübhəsiz ki, onlar bütün məqsədlərinə çata bilmirlər. Dünya ne’mətlərindən nə qədər çox faydalansalar da, bunu az hesab edir, ona görə də hesab çəkməyi zəruri saymırlar. Onların hesab gününə də əminliyi yoxdur. Qiyamətdə hesab verəcəyinə inanan insan dünyada da özü ilə hesab çəkir. Axirət sorğu-sualına e’tiqadlı insan daim öz əməllərinə diqqət yetirir, Allahı narazı salacaq işlərdən çəkinir. Qur’an və rəvayətlərdə insanın özü ilə hesab aparması ciddi şəkildə tapşırılmışdır. İmam Sadiq (ə) buyurur: "Əməllərinizin hesab vaxtı çatmamış özünüz özünüzlə hesab aparmağa çalışın.” Mö’min ömrünün hər saatı haqqında düşünür. Gecələr yatmazdan qabaq gün uzunu gördüyü işləri xatırlayır. Hansısa günaha yol verdiyini yada saldıqda tövbə edir və buraxdığı nöqsanı aradan qaldırmağa çalışır. Axirət hesabına inanmayan insan isə ayların və illərin necə ötüb keçdiyini hiss etmir. Layiqli əməl ilə çirkin əməl arasında fərq görmür.
Hədisin davamında buyurulur: "Dünya əhli başqalarına xeyir verməz, çox danışar, Allahın məqamından çəkinməz, təam gördükdə çox şadlanar. Onlar asayiş vaxtı şükür etməz, bəla qarşısında səbirsiz olarlar.” Dünya əhlinin on birinci və on ikinci xüsusiyyəti onların başqalarına xeyir verməmələri və çox danışmalarıdır. Onlar ağız dolusu danışar, böyük iddialar edər, əmələ çatdıqda isə cəmiyyətə heç bir xeyir verməz, verdiyi sözlərin arxasında dayanmazlar.
Dünyapərəstlərin on üçüncü və on dördüncü xüsusiyyəti Allahdan az qorxmaları və süfrə gördükdə sevinmələridir. Onlar Allahdan, axirətdən və əməllərinin nəticələrindən qorxmaz, burunlarına xoş təam qoxusu dəydikdə şadlanarlar.
Dünya əhlinin on beşinci xüsusiyyəti onların asayişə şükür etməmələri və bəla qarşısında səbirsizlik göstərmələridir.
Me’rac hədisinin davamında buyurulur: "Xalqın böyük işlərini kiçik sayar, görmədikləri işlərə görə lovğalanar, vücudlarında olmayan bir şeyi iddia edər, arzularından danışar, daim xalqın pisliyini təkrarlayar, yaxşılığını isə dilə gətirməz.” Dünya əhlinin on altıncı xüsusiyyəti xalqın xeyirli işlərini görməməzliyə vurmaq, böyük xeyirxahlıqları kiçik saymaqdır. Onlar başqalarının yaxşılıq etməyini də özlərinə sığışdırmırlar. Onlardan kimsənin biliyi haqqında soruşulduqda mızıldana-mızıldana cavab verərlər. Başqalarının xidmətlərini, ibadətlərini, fədakarlıqlarını görməməzliyə vurar, öz əhəmiyyətsiz işlərini böyük göstərməyə çalışarlar.
Dünya əhlinin on yeddinci və on səkkizinci xüsusiyyəti onların görmədikləri işlərlə öyünmələridir. Onlar özlərində olmayan bir şeyi iddia edərlər, nəinki kiçik işlərini böyük göstərər, həttə əslində görmədiyi işlərdən ağız dolusu danışarlar. Bu insanlar görmədiyi işlərə görə də xalqdan tə’rif umarlar. Axirət əhli isə öz xeyir işlərini mənfi saxlayar və başqalarının bu işlərdən xəbər tutmasına sə’y göstərməz.
Dünya əhlinin on doqquzuncu və iyirminci xüsusiyyəti başqalarından olan təmənnaları açıqlamaq və ətrafdakılarda eyib axtarmaqdır. Söhbətin bu yerində həzrət Peyğəmbər (s) təəccüblə ərz etdi: "Pərvərdigara, dünya əhlində bir bu qədər eyib varmı?!”Allah-təala buyurdu: "Ey Məhəmməd, dünya əhlinin eyibi çoxdur. Onlar həm də cahil və axmaqdırlar. Onlar müəllimləri qarşısında təvazö göstərməz, özlərini aqillər zümrəsindən sayarlar. Özləri isə ariflərin nəzərində axmaqdan başqa bir şey deyillər.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi