Axirət əhli
Me’rac hədisinin bu hissəsində axirət əhlinin xüsusiyyətləri sadalanmışdır. Allah-təala onların birinci və ikinci xüsusiyyətləri haqqında belə buyurur: "Ey Məhəmməd, axirət və xeyir əhlinin çöhrələri nəcabətli, həyaları çoxdur.” Bəli, həyasız insanlar çirkin işlərə qədəm qoyarkən kimsədən utanmırlar. Dünya əhli gündə çirkin və ləyaqətsiz sayılan işləri o qədər təkrarlayırlar ki, həyaları puç olub gedir. Axirət əhli isə pis işlərdən çəkinməyi özünə vəzifə bildiyindən fitri həyasını əldən vermir.
Din alimlərinin və övliyaların həya xüsusiyyəti
Din alimləri və Allah dostları arasında həya bariz təcəssüm etmiş bir xüsusiyyətdir. Müasir alimlərdən sayılan mərhum Əllamə Təbatəbai o qədər həyalı olmuşdur ki, gözünü ətrafdakıların gözünə dikməkdən belə çəkinmişdir. Mərhum alim buyurur: "Mərhum Şeyx Məhəmməd Hüseyn Kompani o qədər həyalı idi ki, dərs zamanı öz şagirdlərinin gözünə də baxmazdı.” Müasiri olduğumuz başqa din alimlərini də belə görmüşük. Rəvayətdən də belə görünür ki, axirət əhli həyalı olur, hətta ətrafdakıların hüququnu pozmaqdan çəkinir, kimsəyə qarşı ədəbsizlik etmir. Onlar Allahın müqəddəs zatı qarşısında daim başıaşağıdırlar. Ustadlarımızdan biri belə buyururdu: "Təqaüdə çıxdıqdan sonra Nəcəfdə sakin olmuş bir şəxs vardı. Uca qamətə malik olan bu şəxs yol getdiyi vaxt başını dik tutsa da, sanki onun aşağı əyilmiş ikinci bir başı vardı. Anlamırdım ki, o nə üçün belə görünür. Bir gün o vəsiyyət etmək üçün alimlərdən bə’zilərini evinə də’vət etdi. Onların hüzurunda dedi: "Pərvərdigara, sən şahidsən ki, həddi-büluğ olduğum gündən indiyədək bilərəkdən günah etməmişəm.” Bəli, insanın ölümündən qabaq bu sayaq sözlər deməsi üçün böyük əsas lazımdır. Mən onun bu sözlərindən sonra anladım ki, nə üçün yol gedərkən başıaşağı görünürmüş. Onun sözləri həqiqət idi.”
Axirət əhli Allah qarşısında daim özünü xəcalətli sayır. Onlar daim başqalarının hüquqlarına riayət edir, kimsənin haqqını pozmaqdan qorxurlar. Dünya əhli isə öz hərəkətlərində nə Allahdan çəkinir, nə də insanlardan.
Hədisdə oxuyuruq: "Axirət əhlinin nadanlığı azdır, faydaları böyükdür, məkrləri cüz’idir.” Axirət əhlinin üçüncü xüsusiyyəti onların daim aqilanə və nizamlı hərəkət etməsi, nadanlığa yol verməməsidir. Dördüncü xüsusiyyət isə axirət əhlinin cəmiyyətə böyük faydalar verməsidir. Beşinci xüsusiyyət isə budur ki, onlar başqaları ilə səmimi rəftar edər və hiylədən çəkinərlər.
Özləri əziyyət çəkdikləri halda, xalqa zərər vurmamaları axirət əhlinin altıncı xüsusiyyətidir. Onlar əzab-əziyyətə dözər, amma başqalarının hüququnu pozmazlar. Ustadlarımızdan biri ayətullah Riza Məhəmmədtəqi Şirazi haqqında belə bir əhvalat nəql edirdi: Mərhum alim Samirranın sayılıb-seçilən fəqihlərindən idi. İngilislərə qarşı cihad fitvasını da verən o olmuşdu. Onun şagirdlərindən olan mərhum şeyx Məhəmməd Kazim Şirazi nəql edir ki, bir gün günbatan vaxtı evdən çıxarkən mərhum alimin mənzilimin qarşısında o baş-bu başa getdiyini gördüm. Salam verib, nə gözlədiyini soruşdum. Buyurdu: "Sizi gözləyirdim.” Soruşdum ki, bəs nə üçün qapını döyməyib? Buyurdu: "Bilmirdim ki, adətən bu vaxtlar evdən çıxırsınız. Zəhmət vermək istəmədim.” Soruşdum ki, nə əmri var? Buyurdu: "Şəhriyyəni (maaşını) gətirmişəm.” İslam dünyasında şöhrət tapmış bir alimin öz şagirdinin şəhriyyəsini evinə gətirməsi çox təəccüblü bir hadisədir. İnsanda böyüklüyə bax ki, hətta şagirdinin qapısını döyüb. Ona zəhmət vermək istəmir! Axirət əhlinin yeddinci xüsusiyyəti onların ölçü-biçili danışmalarıdır. Onlar danışmazdan qabaq düşünər, deyəcəkləri sözün xeyir-zərərini götür-qoy edər, Allahın razılığı olmayan bir söz danışmazlar. Onlar nə başqalarının başa düşməyəcəyi tərzdə mürəkkəb danışar, nə də təkrarlarla dinləyicini yorarlar. Bəli, axirət əhli danışıqda ölçü gözləyir. Axirət əhlinin səkkizinci xüsusiyyəti odur ki, daim özü ilə hesab aparır. Rəvayətlərdə tövsiyə olunur ki, insan hər gecə özü ilə hesab aparsın. İşdə iki nəfər şərik olduqda və biri o birinə sərmayə tapşırdıqda ardıcıl şəkildə ondan hesab istəyir. Tapşırılır ki, insan özündən bir şərik kimi hesab tələb etməli, ömür sərmayəsinin hara xərcləndiyi barədə soruşmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamətdə hesaba çəkilməzdən qabaq özünüzlə hesab aparın.”
Axirət əhlinin doqquzuncu xüsusiyyəti budur ki, onlar tutduqları yolda, əzab-əziyyətdən çəkinməzlər.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi