Fürsət və imkan ciddi diqqət yetirilməli vacib məsələlərindəndir.
Həyatda hər bir şəxs üçün elə bir fürsət və imkanlar ələ düşür ki, bunlar bir daha geri qayıtmır. Həzrəti-Əli(ə) buyurur:
«Fürsət bulud kimi tez ötüb keçir. Xeyir işlərdə fürsət tapan kimi vaxtı qənimət bilib ondan istifadə edin....»
«Qurani-Kərim»də xeyir işlərdə insanları tələsməyə və bir-birilə müsabiqəyə dəvət edilərək buyurulur:
«Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan müttəqilər üçün hazırlanmış Cənnətə tələsin» («Ali-İmran» - 133).
«......Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın.....» («Bəqərə» - 148).
Peyğəmbər(s)-dən belə nəql olunur:
«Həyatda elə anlar olur ki, rəhmət mehi əsir. Ayıq olun və bundan istifadə edin.»
Ehtiyatın tələskənlikdən üstün olmasına baxmayaraq, əlverişli fürsətdən faydalanıb tələsmək bəyənilmişdir. Həzrəti Əli(ə) buyurur:
«Fürsət tez ötüb keçir və gec qayıdır.»
Peyğəmbər(s)-dən belə nəql olunur:
«Üzünə xeyir qapıları açılan şəxs gərək onun qədrini bilsin, çünki bu qapıların onun üzünə nə vaxt bağlanacağından xəbərdar deyil.»
Əmirəlmöminin(ə) buyurur:
«Əhəmiyyətli məqamlar istisna olmaqla digər hallarda ehtiyat və gözləmə mövqeyinə çəkilmək tələskənlikdən yaxşıdır.»
Başqa bir hədisdə nəql olunur ki, fürsəti əldən vermək qəm-qüssə və peşmançılığa səbəb olar.
Yenə o Həzrətdən belə nəql olunur:
«Fürsəti əldən vermək axmaqlıq və nadanlıq əlamətidir.»
Fürsətdən istifadə etmək əql və zəkanın təzahürü olduğundan həzrəti Əli(ə) buyurur:
«Ən üstün insan odur ki, fürsəti əldən verməsin və qəm-qüssəyə səbəb olan şeyləri özü üçün hazırlamasın.»
Başqa bir hədisdə yenə möminlərin Mövlası (ə) buyurur:
«Fürsətdən istifadə və axirət səfəri üçün azuqə toplamaq təqva əhlinin qaydasıdır.»
Şeyx Tusi «Əmali» adlı kitabında Peyğəmbər(s)-in Əbuzərə buyurduqlarından birini belə nəql edir:
"Ey Əbuzər! İki nemət vardır ki, insanların çoxu bu nemətlərdə ziyana uğramışlar. Bunlar sağlamlıq və xatircəmlikdir». Sonra yenə buyurdu:
«Ey Əbuzər! Dünyada beş nemət var ki, onları əziz tutub qənimət hesab et: cavanlığın qədrini bil qocalmamış; sağlamığının qayğısına qal xəstələnməmiş; malına qənaət et yoxsullaşmamış; vaxtından istifadə et başın dünya işlərinə qarışmamış; həyatının qədrini bil ölüm yetişməmiş.»
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani