Fürsətdən yerində istifadə və uzun-uzadı arzuların tərk olunması
«Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini təxirə salasan».
Həzrətin (s) bu sözləri öncə dediklərinin davamıdır. O, burada da vaxtın hədər verilməməsi və əldə olan əlverişli fürsətlərdən səmərəli istifadə olunmasına təkid edir.
«Təsvif», insanın xeyir və savab işlər görməsinə maneçilik törədən mənfi xüsusiyyətlərdən biridir ki, rəvayətlərdə də pislənmişdir və mənası «bu günün işini sabaha qoymaq» deməkdir. Bu hal bir çox səbəblər üzündən baş verə bilər. Lakin təsvifin rəvayətdə işarə edilən əsas səbəbi uzun-uzadı arzulardır. Yəni insan sabaha ümidvar olub bu gün görməli olduğu işi, sonraya saxlayır. Belə fikirləşir ki, əgər bu gün varamsa, yəqin sabah da olaram və bu işi sabah görərəm. Elə ki, sabah yetişir, yenə də o biri günün öhdəsinə qoyur. Beləliklə, ay keçir, il dolanır. Həzrət (s) buyurur:
«Bu xüsusiyyətin qəlbindən silinməsini istəyirsənsə, həmişə elə təsəvvür et ki, əlində olan imkan ancaq bu gündür, bu saatdır, bu andır və bundan sonra həyat sənə heç bir fürsət verməyəcəkdir».
Təsvif məfhumu əxlaq sahəsində işlədilən digər məfhumlar kimi, şiddət və zəiflik baxımından müxtəlif dərəcələrə malikdir. Müxtəlif insanlar ‒ mömindən tutmuş qeyri-möminə qədər, hətta imanın səviyyəsi baxımından – bu məfhuma əsasən müxtəlif dərəcələrə bölünürlər. Onun bəzi dərəcələri adi, bəziləri təkid olunmuş, bəziləri adi müstəhəb və bəziləri də təkidli müstəhəbdir. Hərdən bu məfhumun dərəcələri elə dəqiq olur ki, adi insanlar üçün onun təsəvvürü qeyri-mümkün olur.
Kitabın adı: Axirət azuqəsi
Müəllif: Doktor Misbah Yəzdi