Duanın həqiqəti, Allahı qəlbən düşünmək
Dua yalnız bəzi sözlərin tələffüz edilməsi və bəzi qaydalara riayət olunması deyil. Duanın ruhu və həqiqəti insanın Allahı qəlbən düşünməsindədir. Bu düşüncə və diqqətin gücü və əhatəsi insanın Allaha olan mərifət və məhəbbətinin qədərindən asılıdır. Duadan əvvəl və dua zamanı insan Allahın sifətlərini, xüsusi ilə dua mətnində işarə olunan sifətlərini, insana əta etdiyi lütf və nemətlərini nəzərdə saxlamalıdır. Bununla da insan Allah ilə öz əlaqəsini daha yaxşı dərk edib və daha güclü qəlb iştirakına nail ola bilər.
İlahi nemətlərin yada salınması
İmam şərafətli "İftitah” duasında Allahın bizə Onunla söhbət icazəsi verib, bizə minnət qoyması kimi xırda nöqtələri qeyd etdikdən sonra Allahın növbənöv nemətlərini yada salmağa başlayır; elə nemətlər ki, insan adətən onlardan xəbərsiz olur.
Bir qism nemətlər barəsində azca düşünməklə onların əhəmiyyətini dərk etmək olar. Hər nə qədər məlumatımız və biliyimiz çox olarsa, bu nemətlərin öz həyatımızda təsirini və dəyərini daha çox anlayarıq. Lakin başqa bir qisim nemətlər haqqında çox dərin düşünülməlidir. İnsanın, adətən, xəbərsiz qaldığı nemətlərdən biri də bəla və müsibətlərin uzaqlaşmasıdır. Mümkündür ki, insan bəlaya düçar olduqdan sonra Allah ona nicat versin və ya bəlaya düçar olmamışdan əvvəl bəlanı dəf etsin. Deyilir: "Allahım, nə çox hüznləri aradan götürdün və nə çox qəmləri məhv etdin. Nə çox günahları bağışladın, nə çox rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın”.
İnsan çətinliklərə düçar olub sıxıntıya düşməyincə Allahın ona verdiyi nemətlərin dəyərini dərk etmir. Hamımız həyatda az-çox müsibət və çətinliyə düçar olmuş, bir müddət sonra qurtulmuşuq; lakin bu məsələlərin yanından çox sadəcə ötüb keçmiş, onlar haqqında dərindən düşünməmişik. Bu növ hadisələr barəsində düşünmək insanı ayıldır və onun Allah ilə əlaqəsini möhkəmləndirir.
Fərz edin çətin bir vəziyyətdə (məsələn, həkim və dərman üçün pul lazımdır, lakin əl boşdur) insan özü və ya onun ailə üzvlərindən biri ağır xəstəliyə düçar olur. Elə bir xəstəlik ki, dərhal addım atılmasa, ciddi çətinlik yaranacaq. Bu vəziyyətdə insan hər vasitəyə əl atır, lakin nicat yolu tapmır. Beləliklə, çətinlik yaxşıca dərk olunur. Heç bir şeyə əli çatmayan, bütün yolların bağlandığı və tamamilə ümid üzülən zaman qəfildən çətinlik həll olur və insan nicat tapır. Bu cür hadisələr az-çox hamının həyatında baş verir. Lakin adətən bu hadisələri Allahın iradəsi yox, təsadüf hesab edirik. Çətinliyimiz aradan qalxan zaman Allahın lütfünə çatdığımızı düşünmürük. Əgər bu nicatı Allaha aid etsək də, yalnız dildə etmiş oluruq. Qəlbdə isə inanmırıq ki, əslində çətinliyimizi aradan götürən Allahın lütfü olmuşdur.
Yaranış nizamında baş verən müsbət və mənfi hər iş Allahın iradəsi ilə baş verir və Onun iradəsi olmadan heç nə dəyişmir. İnsana bir nemət çatırsa, ondan hansısa bir bəla uzaqlaşırsa, bunlar Allahın istəyi və əmri ilə olur. Allah işlər üçün şərait və vasitələr yaradır. İstər biz onları tanıyaq, istərsə də tanımayaq, istər adi vasitələr olsun, istərsə də olmasın! Lakin çətinliklərimizin qeyri-adi vasitələrlə həll olması diqqətimizi cəlb edir və bizə daha çox təsir göstərir. Biz isə bunun adını "təsadüf” qoyuruq.
Allahdır həmişə insana ruzi verən! Bəzən ticarət yolu kimi adi yollarla, bəzən isə səma nemətləri kimi qeyri-adi vasitələrlə! Bütün hallarda ruzi Ondandır, ruzi verən Odur. Çətinliklərin götürülməsi də Onun əlindədir. Xəstəlik Ondandır; şəfa da Onun istəyi ilədir; istər həkim və dərman vasitəsi ilə olsun, istərsə də başqa vasitələrlə! Qurani-məcid həzrət İbrahimdən belə nəql edir: "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur.”
Əgər insan baş vermiş və bir müddət sonra aradan götürülmüş çətinliklər barədə azacıq düşünsə, Allahın ona qarşı nə dərəcədə mehriban olduğunu anlayar. Allah bəzən hadisələr insana çatmamış onu uzaqlaşdırır. Beləliklə, başqalarına üz vermiş, lakin bizdən uzaq olan hadisələr barədə düşünmək zəruridir. Əgər sübh evdən çıxıb, axşam salamat qayıdırıqsa, bu, Allahın istəyi ilədir. O, bizdən yüzlərlə bəla və çətinliyi uzaqlaşdırmışdır. O bizə göz verib və minlərlə bəlanı bu gözdən uzaqlaşdırıb ki, kor olmayaq. Bizə bədən verib və yüzlərlə bəlanı ondan uzaqlaşdırıb ki, sağlam qalaq.
Hər şeydən üstün Allahın mənəvi nemətləridir; bizə iman və ağıl neməti vermiş, eyni zamanda bunları bizim üçün qoruyub saxlamışdır. Çoxları sübh evdən imanla çıxmış, lakin axşam bərbad imanla evə qayıtmışlar; bu ilin ramazanını oruc tutmuş, gələn il oruc tutmağa nail olmamışlar. Çoxları əvvəl düz yolda olmuş, sonradan azmış və səhv məktəblər və məsləklərin tələsinə düşmüşdür. Məgər ağıl və düşüncəsini itirmiş kəslər tanımırsınız?