Bir gün Loğman oğluna " sənə üç məsləhət vermək istəyirəm” deyir:
— Birincisi, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.
— Ikincisi, çalış dünyanın ən rahat yataqlarında yatasan.
— Üçüncüsü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan.
Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək:
— Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?
Cavabında Loğman buyurur:
— Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb, onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.