Dünyapərəstlikdən pəhriz
Əmirəl-möminin (ə) öz vəsiyyətinə təqvaya dəvətlə başlayır: «Sizi Allah qarşısında təqvaya çağırıram.»Təqva çağırışı İslamın mühüm göstərişlərindəndir. Allah-təalanın, peyğəmbər və məsum imamların tövsiyələrində təqva çağırışı öndə dayanır. Bu mövzuda həm böyük alimlər qədərincə danışmış, həm də bundan öncəki söhbətlərimizdə ona yer verilmişdir. Buna görə də uyğun cümlənin şərhi ilə kifayətlənirik. Növbəti cümlədə həzrət buyurur: «Dünya ardınızca qaçsa da onun ardınca getməyin.» Maraqlıdır! Həzrət vəsiyyətinin əvvəlində öncə imam Həsən və imam Hüseynə müraciət edir, daha sonra bütün övladlarına, yaxınlarına və bu vəsiyyəti oxumaq imkanına malik olacaq insanlara üz tutur. İmam Həsən və imam Hüseynə aid hissədə Əmirəl-möminin (ə) övladlarına müraciət edərək buyurur ki, əziz övladlarım, gözlərimin nuru, dünyanın ardınca getməyin, dünya sizin sorağınızca gəlsə də onu izləməyin!
Vəziyyəti təsəvvür etsək kimlərin bu məqamda işlənməsi maraqlı görünər. Həzrətin ömrünün son saatlarıdır və o son vəsiyyətlərini bəyan edir. Həzrət təqva çağırışının ardınca dərhal iki məsum imamı, həzrət Peyğəmbərin (s) «cənnət cavanlarının ağası» adlandırdığı məsumları dünyadan çəkinməyə çağırır. Heç şübhəsiz ki, bu sözlər bütün bəşəriyyətə ünvanlanmışdır. Axı imam Həsən (ə) və imam Hüseyn (ə) iki məsum şəxsdir, hətta böyük şiə alimlərinin əqidəsincə, onların zərrəcə büdrəməsi də mümkünsüzdür. Bəzi alimlər düşünürlər ki, əgər bəzi böyük peyğəmbərlər hansısa yaxşı işi tərk etmişlərsə («tərki-ovla»), məsum imamlar belə etməmişlər. Əmirəl-möminin (ə) imam Həsən (ə) və imam Hüseyni (ə) dünya ardınca getməməyə çağırır! Əslində belə bir müraciət bizim kimi adi insanları qəflət yuuxusundan oyatmaq üçündür. Düşünməliyik ki, imam Həsən (ə) və imam Hüseynin (ə) nəzərdən qaçırmamalı olduğu bir məsələyə biz necə yanaşmalıyıq!
Doğrudan da, bu məsələ olduqca mühüm və həyatidir. Əmirəl-mömininin (ə) öz vəsiyyətinə bu tövsiyə ilə başlamasının yeri var. Məgər bu dünyada büdrəyənlər, süquta uğrayanlar, yolunu azanlar dünyaya aldanmadılarmı?! Ən böyük günahları, dünyanın ən çirkin və ən cinayətkar insanlarını bir anlıq nəzərinizdə canlandırın. Onları bu cinayətlərə sövq edən nə oldu? Əlbəttə ki, dünya məhəbbəti!
Dünya məhəbbəti və onun məzəmməti ilə bağlı çox danışılıb. Amma gənc nəslin diqqətini bu mühüm məsələyə yönəltmək üçün bu barədə müəyyən qədər izahat vermək yerinə düşər.
Kitabın adı: Şəhadət yatağında Mövlanın (ə) öyüdü
Müəllif: Ayətullah Muhəmməd Təqi Misbah Yəzdi