Həyata keçmiş arzu
Mövla Əmirəl-mömininin yaralandığı, yatağa düşdüyü şərafətli ömrünün son saatlarında yanında ola bilsəydik, qəlbimizdən nə keçərdi? Şübhəsiz, həzrəti sevdiyimizdən ilk addımda arzulayardıq ki, ey kaş dəyərsiz canımız həzrətə fəda olsun, onun əvəzinə bizim qanımız axsın, həzrətin şərafətli ömrü davam etsin! Bəs onun şəhadətə yetişməsinin qaçılmaz bir təqdir olduğunu, ömründən cəmi bir-iki gün və bir neçə saat qaldığını anlasaydıq nə arzulayardıq? Olsun ki, ən böyük arzumuz həmin fürsətdən faydalanıb həzrətin bir neçə kalamını eşitmək olardı. Bəli, biz həmin dəhşətli səhnədə iştirak edə bilməmişiksə də, həzrətin yanında olanların zəhmətləri sayəsində bizim üçün arzuladığımız fürsət yaradılıb.
Tarixdə qeyd olunduğu kimi, həzrət zəhərli qılıncla vurulduqdan sonra iki günədək yataqda qaldı. Həmin iki gündə dostlar, yaxınlar, övladlar, qohumlar həzrətin ətrafında idilər. Onların əksəri sual vermək istəyirdi, amma həzrətin fiziki durumu nəzərə alındığından görüşlər qısa çəkir, sual-cavablar müxtəsər olurdu. Hər halda həmin fürsətlərdən birində yaxınları, övladları, qohumları yanında olarkən həzrət bir sıra vəsiyyətlərini buyurdu. O öz vəsiyyətində dedi: «Bu yazımın çatacağı hər kəsə…» Uyğun sözlərdən anlaşılır ki, bu vəsiyyət istənilən bir yolla gələcək nəsillərə çatasıdır. Sual yaranır ki, əgər biz həmin vaxt həzrətin yanında olsaydıq imam Həsəndən və imam Hüseyndən əzizmi olasıydıq?! Ola bilərdimi ki, həzrət Əli (ə) hətta imam Həsən və imam Hüseynə demədiklərini bizə söyləsin?! Yəni kimdə imam Həsən və imam Hüseyndən uca məqam var ki, həzrət bu iki imama demədiyini həmin şəxslərə söyləsin?! Şübhəsiz, uyğun məqamda Əmirəl-möminin (ə) ən mühüm məsələləri və nəsihətləri övladlarına bəyan etdi. Amma Allah məsum imamları alicənab xəlq etdiyindən onlar bu vəsiyyəti bütün bəşəriyyətə təqdim etdilər.
İndi uyğun vəsiyyətin həyata keçdiyi məqamı nəzərdən keçirək: Əmirəl-möminin (ə) şəhadət yatağındadır. Zəifliyin şiddətindən arabir özündən gedir, sonra yenidən ayılır, gözlərini açır. İmam Həsən (ə), imam Hüseyn (ə), digər övladları və yaxınları həzrətin ətrafında cəmləşmişlər.
Həzrət ağzını açır və son vəsiyyətlərini buyurur. Şərait olduqca həssasdır. İzaha ehtiyac yoxdur. Aydın məsələdir ki, həzrətin buyuruqları olduqca mühüm və dəyərlidir.
Şübhəsiz, arzularımızdan biri bu olardı ki, Əmirəl-mömininin (ə) şəhadət yatağında, son saatlarda, ömrünün son anlarında nəzərdə tutduğu məsələlər nədən ibarətdir? İndi bu «ey kaş» həqiqətə çevrilib və həzrətin buyuruqları ixtiyarımızdadır. Biz bu vəsiyyətlərin qədrini bilməli, onun hər kəlməsi haqqında yetərincə düşünməliyik. Əhli-beytin buyuruqları heç bir bəşər sözü ilə müqayisə olunası deyil. Uyğun buyuruqlarda saysız-hesabsız ibrətamiz nöqtələr var. Biz uyğun vəsiyyətin əsrarəngiz nöqtələrini anlamağa çalışmalı, onu başqalarının dəyərli kəlamlarından səmərəsiz saymamalıyıq. Hər halda bu kiçik müqəddimədən sonra uyğun vəsiyyətin və onun şərhinin bəyanına başlayırıq.
Kitabın adı: Şəhadət yatağında Mövlanın (ə) öyüdü
Müəllif: Ayətulah Muhəmməd Təqi Misbah Yəzdi