Yer üzündə fəsad törətməyin aqibəti
Allah-taalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qorxusu məsələsinə nəzər saldıq. Allah-taala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin:
"Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki Mənim cəzam həqiqətən ağırdır.”
Allah-taala həddini aşıb yer üzündə fəsad törədənləri cəzalandırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla minacat ləzzətini duymamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi göstərişlərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çatdıqca fəsad törədənlərə tətbiq edilir. Belələrinin qəlbində hidayət nuru sönür. Allah belələrinə daha artıq nemət əta etməklə onların qarşıdakı əzablarını artırır. Onlar elə təsəvvür edirlər ki, ixtiyarlarına verilmiş nemət Allahın razılığını göstərir. Onlar nəinki peşiman olmur, arxayınlıqla öz günah yüklərini ağırlaşdırırlar. Belələri qəflətə düçar olduqlarından Allah tərəfindən ağır əzab hazırlandığını anlamırlar. Hansı ki, zaman ötdükcə onların geriyə qayıdışı və tövbəsi mümkünsüz olur. Allah-taala istidrac əzabı haqqında buyurur:
"Kafir olanlar təsəvvür etməməlidirlər ki, onlara verdiyimiz möhlət xeyirlidir. Bu möhlət günahlarını daha artırmaları üçündür. Onları zəliledici bir əzab gözləyir.”("Ali-İmran”, 178)
Digər bir ayədə oxuyuruq:
"Verilmiş nəsihətləri unutduqlarından bütün qapıları onların üzünə açdıq. Verilmiş nemətlərə görə sevindikləri vaxt onları qəfil yaxaladıq və həmin vaxt ümidlərini itirdilər.”(Ən’am”, 44)
Kitabın adı: İlahi nəsihətlər
Müəllif: Ustad Misbah Yəzdi