Uzunömürlülük
İmam Mehdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki:
1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:
انما امره اذا أراد شيا أن يقول له كن فيكون
Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır.
Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı.
2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür. Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir.
3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.
4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Mehdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.
İntizar
Nəhayət, İmam Mehdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.
İmam Mehdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.
Müqəddəs hədislərdə vəd olunmuş Mehdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir. Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.
İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir.
Müntəzirlərin (intizarda olanların) xüsusiyyətləri
*Mehdini tanıyıb, imamlığına inanmaq
İmam Mehdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:
ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان
"Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar".
*Təqva və gözəl əxlaq
İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:
ان اكرمكم عند الله اتقكم
Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır".
Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:
افضلكم ايمانا احسنكم اخلاقا
"Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır".
Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.
İmam Sadiq (ə) buyurmuşdur:
من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر
"Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir".
*İtaət və tabelik
Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.
İmam Sadiq (ə) buyurmuşdur:
طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره
"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər".
*Həzrət Mehdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq
Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Mehdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.
Peyğəmbər (s) buyurmuşdur:
طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه
"Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar".
Kitabın adı: Bizimlə, bizdən gizli
Müqəddəs Cəmkəran məscidinin tədqiqat bölməsi əsasında