Hamilə qadının orucu
Sual 109: Oruc tuta bilməyən hamilə qadının vəzifəsi nədir?
İmam Xomeyni, Xamenei və Nuri: Əgər orucun bətnində olan uşaq üçün zərəri olarsa, gərək hər gün üçün yoxsula bir mudd təam versin. Əgər ana üçün zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Hər halda orucları qəza etməlidir.
Behcət, Sistani və Fazil: Orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Oruc istər uşaq üçün zərərli olsun, istərsə də ana üçün.
Təbrizi, Məkarim və Vəhid: Əgər ananın orucu uşaq üçün zərərli olarsa, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər ana üçün zərərli olarsa, kəffarə ödəmək vacib deyil və hər iki halda gərək orucları qəza etsin.
Safi: Əgər ananın orucunun uşağa zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir mudd təam versin və əgər ana üçün zərəri olarsa, kəffarə ödəmək lazım deyil. Hər halda gərək orucları qəza etsin.
Sual 110: Bətndəki uşaq üçün orucun zərərli olub-olmadığını bilməyən hamilə qadın oruc tutmalıdırmı?
Bütün müctəhidlərin rə`yi: Əgər oruc nəticəsində uşaq üçün zərər qorxusu olarsa, gərək oruc tutmasın.
Sual 111: Hamiləlik və süd vermə səbəbindən ramazan ayı və onun qəza oruclarını növbəti ilə qədər tuta bilməyən hamilə qadın qəza oruclarından azaddırmı? O, xəstə şəxs hökmündədirmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları qəza etməyə qüvvəsi olan vaxt bu işi görməlidir. O, xəstə şəxs hökmündə deyil.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni