Sağlam və islahedici tənqid əvəzinə başqalarının eybini aşkar edib onların şəxsiyyətini alçaltmaq fikrinə düşənlər böyük günaha bataraq dəhşətli əzaba düçar olacaqlar. «Qurani-Məcid»də bu barədə buyurulur:
"Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” («Nur»-19).
Müsəlman olan şəxsin vəzifəsi budur ki, islami, insani və əxlaqi vəzifələrin hökmünə görə din qardaşının hər hansı bir eybini və ya səhvini görərkən təklikdə ona desin ki, o da özündə olan eyib və ya səhvi düzəltmək, bir daha onu təkrar etməmək üçün qətiyyətlə çalışsın, nəinki bir səhv və ya qüsurlu bir əməl gördükdə yaxud başqalarından eşitdikdə araşdırmadan həmin şəxsi təhqir edib nəticədə özünü də cəhənnəm əzabına düçar etsin.
Burada diqqəti özünə cəlb edən məsələ budur ki, «Qurani-Məcid»də möminlər arasında pozğun əməllər yayanların yox, möminlərə böhtan atmağı xoşlayanların cəhənnəm əhli olduğu söylənilir. Bu, özü də müsəlmanların Allah dərgahında nə qədər ehtiramlı olmasına bir dəlildir. O, möminlər barədə deyilən və eşidilən hər nə varsa, başqalarının yanında danışılmasına icazə vermir, çünki insanın öz gözü ilə başqasının günah etdiyini görüb onu xalq arasında ifşa etməyə haqqı olmadığı surətdə, məlumdur ki, başqalarından eşidib öz gözü ilə görmədiyini deməyə heç haqqı olmaz.
İmam Sadiq(ə) buyurur: "Hər kim mömin şəxs barədə gördüyünü və ya eşitdiyini danışarsa, (camaat arasında yayarsa), Allah-təalanın ayədə buyurduğu "möminlər arasında pis söz yaymaq istəyən...”-lərdəndir.”
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani