Bəzən səmimi bir dostla üzürxahlıq edərək söhbət edirik. Bu növ söhbət dəlil, yaxud höcət üsulu ilə söhbətdən fərqlidir. Bu növ söhbət zamanı qarşı tərəfin lütf və məhəbbət göstərib səhvimizi bağışlaması üçün bəhanə axtarırıq.
Məhəbbət aləminin xüsusi dili var. Mərhum şeyx Məhəmməd Hüseyn İsfahani (Kompani kimi tanınmışdır), həzrət imam Xomeyni və Əllamə Təbatəbai məhəbbət dilindən istifadə edib xüsusi məzmunlara malik qəzəllər söyləmişlər. "Əbu-Həmzə” minacatı kimi minacatlar və dualarda bu kimi məzmunlarla rastlaşırıq: "Əgər məni cəhənnəmə atsan, cəhənnəm əhlinə hələ də Səni sevdiyimi deyəcəyəm.”
Bu, dəlillər və ya höcətlə (cidalla) müşayiət olunan dil deyil. Bu nə Allahı hədələyən xəbərdarlıqdır, nə də fəlsəfə və ya riyaziyyat dərsi. Əslində bu bir eşq dilidir. Yəni höcət yox, ərköyünlük tərzi! Ərköyünlük edənlərin, naz-qəmzə ilə danışanların dilində bəzən şadlıq, bəzən qəm-qüssə müşahidə olunur. İnsan bəzən həm özü, həm də başqaları üçün dua edir. O sanki okean sahilində dayanıb bütün məxluq üçün mərhəmət diləyir və aza qane olmur.
"İftitah” duasındakı bəzi cümlələr uşağın anasının yanında ərköyünlük etməsini xatırladır.
Günah içində qərq olmuş şəxs Allah dərgahında və peyğəmbərlərin, imamların və övliyaların məclisində iştirakçı olmağa layiq deyil. İnsan Allah dərgahında iştirakçı olmaq üçün günahlarını təmizləyə bilmirsə dəlillər gətirib, höcətkeşlik edib "Allah məni bağışlamalıdır” deməməlidir. Əksinə, üzürxahlıq edib, Allahın adlarına sarılmaq lazımdır.
Təqribən "Şəbaniyyə” minacatının yarısı üzürxahlıq, sarılmaq və bəhanələrdən ibarətdir. İnsan bu yolla özünü bağışlanmağa layiq edir. Daha sonra ayrı-ayrı istəklərin növbəsi çatır. Üst-başı çirkli və pis qoxulu şəxs hörmətli bir topluma daxil olmaq üçün öncə paltarlarını dəyişmək və yuyunmaq üçün xahiş etməlidir.
2. Əqli dəlillər, tövhidi rəvayətlər, "Nəhcül-bəlağə” və İslam maarifinə əsasən, Allahın zatı heç zaman dəyişmir. (Haqqında az söhbət olduğu üçün burada uyğun məsələyə izah veririk: Bəzən düşünülür ki, Allahın da razılıq və qəzəb kimi müxtəlif halları olur. "Üsuli-Kafi” kitabının tövhid fəslində Hişam ibn Həkəmdən nəql olunmuş bir rəvayətdə deyilir ki, bir zındıq həzrət Sadiqin (ə) hüzuruna gəldi. (Zındıq təhqiqatçı, elm əhli və həmfikirləri arasında ideoloq kimi tanınan kafirə deyilir. Buna görə onun verdiyi suallar güclü və imamların verdiyi cavablar dəyərli idi). Zındıq Həzrət Sadiqdən soruşdu: "Allahın razılığı və qəzəbi varmı?” O Quran oxuduğu üçün Quranda "rəziyəllahu ənhum” və "ğəzibəllah ələyhim” tərkiblərinin təkrarlandığını bilirdi. Həmçinin Həzrət Sadiqin (ə) bu tərkibləri inkar etməyəcəyinə əmin idi. Buna görə söhbətdən öncə həzrətin etiraf etməsini istəyirdi. Həzrət buyurdu: "Bəli, Allahın razılığı və qəzəbi var.” Amma qarşı tərəfin iradına yer qoymamaq üçün dərhal buyurdu: "Allah öncə razılığı, sonra qəzəbi büruzə verən insanlar kimi deyil. Çünki yaranmışlarda boşluq var və uyğun boşluq bu sayaq şeylərlə dolur. Süni yaradılmışlarda boşluq tapmaq mümkündür. Allaha münasibətdə bu sözləri demək olmaz. Çünki Allahın sifətləri eynən Onun zatıdır. (Bu sifətlər xarici təsirlə formalaşmır.) Bu səbəbdən də Allahın zatına yol yoxdur.”
Sual yaranır ki, bəs uyğun razılıq və qəzəb harada görünür? Cavab budur ki, elmi dillə desək, bütün bunlar zatdan kənar, fe’lə aid sifətlərdir. Yəni uyğun sifətlər yalnız fe’l zamanı Allaha aid edilir. Allahın felindən (işindən) məlum olur ki, O savab verilən insandan razıdır, günah qazanan insanı qəzəbinə düçar edir. Demək, Allahın razılığı mükafatda, qəzəbi cəzada özünü göstərir. Onun razılıq və qəzəbi zati halını dəyişmir, Onda həyəcan yaratmır. Aqillərin təbirincə, qəzəb qanın cuşa gəlməsindən ibarətdir. Demək, bu sifət Allaha yox, aciz və ehtiyaclı məxluqa aid sifətdir.
Tanınmış natiqlərdən biri olan Ömər ibn Übeyd Mötəzili Həzrət Baqirə (ə) dedi: "Sənə fəda olum, "hər kim qəzəbimə düçar olsa, mütləq məhv olar”—ayəsinin mənası nədir? Yoxsa Allah da insanlar kimi qəzəblənir, rəngi qızarır və boyun damarları gərilir?” Həzrət Baqir (ə) buyurdu: "Qəzəb dedikdə cəza, qəzəbə düçar olmaq dedikdə isə cəzalandırılmaq nəzərdə tutulur.” Sonra buyurdu: "Hər kəs Allahın halının dəyişdiyini güman etsə, Allahı məxluqatın sifətləri ilə vəsf etmiş olur.”
Bir şəxs düşünsə ki, yalnız Allahın razılığı aradan götürüldükdən sonra ilahi qəzəb onun yerini tutur, yaranmışlara məxsus bir sifəti Allaha aid etmiş olur. Hansı ki, Allahın zatı bu sayaq hal və dəyişikliklərdən uzaqdır. Əlbəttə, Quranda göz, əl, ayaq və bu kimi başqa üzvlərin Allaha aid edildiyini görürük. Çünki biz maddiyyatdan üstün həqiqətləri dərk edə bilmirik. Yalnız maddiyyata bənzətməklə onlar barəsində düşünmək azacıq asanlaşır.
Həzrət Baqir (ə) buyurur: "Zehninizdə Allah barəsində hər nə düşünsəniz, öz düşüncənizin məhsuludur. Bu təsəvvürlər ən dəqiq mənasında belə sizin üçündür. Çünki sizin tərəfinizdən yaradılmışdır.”
Beləliklə, zehnimizdə təsəvvür etdiyimiz bu sifətlərin kökü özümüzdə və başqa məxluqlarda gördüyümüz işlərə bağlıdır. Çalışırıq ki, bu sifətləri nöqsanlardan təmizləyib Allaha aid edək. Görəsən, nəticədə həmin sifətləri layiqli tərzdə nöqsanlardan təmizləyə biləcəyik, yoxsa yox?
Həzrət Əli (ə) buyurur: "Elə bir Allah ki, Onda öncədən olmayan heç bir yeni hal yaranmaz.” Allaha heç bir vasitə ilə təsir etmək olmaz; Həzrət Seyyidüş-şühəda (ə) buyurur: "İlahi, sənin razılığın razı qalmağın üçün səbəb yaratmağından daha üstündür. Onda qalmış sənin razılığın üçün mən səbəb olmaq istəyəm!”
Demək, Allahın qəzəb və ya razılığına heç nə təsir göstərə bilməz. Bu isə bəndələrin əməllərinin nəticəsilə əlaqədar qəzəb və razılığını bildirən sadəcə söhbət əsnasındakı ifadələrdir: "Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik.”; "Allah ona qəzəb və lə’nət edər, onun üçün böyük əzab hazırlayar!” Demək, bütün bu sözlər (razılıq, qəzəb, intiqam) sadəcə Allahın insanla söhbət əsnasında işlətdiyi təbirlərdir.
Qeyd etdiyimiz iki müqəddimədən sonra (Birinci nöqtə: minacat dili dəlil axtarmaq və höcətkeşlik deyil. İkinci nöqtə: Allah insanlarla sadəcə söhbət edir. Çünki Onun razılığı və qəzəbi heç nəyin təsirinə bağlı deyil.) "Şəbaniyyə” minacatının bu hissəsində ərz edirik:
İlahi, əgər məni öz rəhmətindən məhrum etsən, kim mənə nə isə bağışlamaq istəyəcək? Elə bir şəxs varmı ki, mənə nə isə bağışlaya bilsin? Elə bir kəs varmı ki, düşmənin əlində olduğum vaxt Sən tərk etsən, o məni xilas edə bilsin? Əgər Sən mənə kömək etməsən, kimsə mənə kömək edə bilərmi?
Beləliklə, üzrxahlıq edib, rəhmət istəməklə (tələbkarlıq formasında olmamaq şərti ilə) Allahın kömək və rəhmətinə çatırıq. Özümüzü kiçik sayıb rəhmət və mehribanlıq istəsək, Allahın lütfünə çatacağıq. Günah çirkabının paklanmasından əlavə, ilahi rəhməti dərk etmək üçün tutum əldə edəcəyik.
"İlahi, əuzu bikə min ğəzəbikə və hululi səxətikə”
"İlahi, qəzəbinə düçar olmamaq üçün Sənə pənah aparıram.”
Bəzi günahlar insanı Allahdan uzaqlaşdırır, Onun qəzəbinə səbəb olur. Bu günahlar insan vücudunu tamamilə qaranlığa bürüyür və onun Allah tərəfindən qovulmasına səbəb olur.
Bəzi insanlar həyatın başlanğıcında yaxşı əməllər edirlər. Lakin bəzi hallarda günah çirkabına batırlar. Bu çirkab onların nəinki keçmişini qaralayır, hətta gələcəkdə islah olmaları üçün ümid yeri qoymur.
Əhli-beyt (ə) bizə dəfələrlə İblisin əhvalatını xatırlatmışdır. Əmirəl-möminin Əli (ə) buyurur: "Şeytan Allaha 6000 il ibadət etdi. Bu 6000 ilin dünya, yoxsa axirət illərindən olduğu məlum deyil.
Şeytan Adəmin yaranışından öncə 6000 il Allaha ibadət etdi. Mələklər onu özlərindən hesab edirdilər. Bu 6000 ilin dünya, yoxsa axirət illərindən olması məlum deyil. Bəlkə də bu barədə izah vermək məsləhət olmayıb. Şübhəsiz həzrət 6000 ilin dünya, yoxsa axirət illərindən olduğunu bilirdi.) Ehtimal verilir ki, bu 6000 ilin hər bir günü 1000 ilə bərabərdir. Lakin bu ibadətlər Allahın şəri idarəçiliyinə etiqad və imanla yanaşı olmayıb. Baxmayaraq ki, şeytan Allahın varlığını, Onun yeganəliyini, təbii (təkvini) idarəçiliyini qəbul etmişdi və qiyamətə inanırdı. (Şeytanın "Sənin izzətinə, qüdrətinə and olsun ki, onların hamısını azdıracağam; yalnız Sənin sadiq bəndələrindən başqa” və "ey Rəbbim, insanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə qədər mənə möhlət ver.” Deməsindən aydın olur ki, o Allahın varlığına, idarəçiliyinə, izzətinə və qiyamətə inanmışdır.
Demək, şeytanda küfrlə sonuclanan, yaxud küfrdən qaynaqlanan köklü üsyan var idi. Şeytan Allahın şəri idarəçiliyinə inanmırdı. Yəni Allahın göstərişinə itaət etməyin vacib olduğunu qəbul etmirdi. Buna görə Allah Adəm qarşısında səcdə etmək göstərişini verərkən dedi: "Mən ondan daha yaxşıyam, çünki, Sən məni oddan, onu isə palçıqdan yaratdın...” İblis bu cavabı ilə Allahın hökmünə etiraz etdi ki, üstün olan kəs məqamı aşağı olan şəxsə necə səcdə edə bilər?” Bu həmin təkəbbür ruhiyyəsi, şəri idarəçiliyin inkarı və küfrdir. "İmtina etdi, təkəbbür göstərdi və kafirlərdən oldu.” Bu səbəbdən bəzi insanların küfrünü İblisin küfrünə bənzədirlər. Çünki İblisin küfrü ən pis küfrlərdəndir.
Həmin şeytan Allaha belə ərz etdi: "Əgər məni Adəmə səcdədən azad etsən sənə indiyədək heç kəsin etmədiyi ibadəti edərəm.” Allah ona belə cavab verdi: "Mənə öz istədiyim kimi itaət olunmasını istəyirəm.”
Əgər mənə pərəstiş etmək istəyirsənsə, dediyim kimi pərəstiş etməlisən. Əks halda özünə pərəstiş etmisən. Beləliklə, 6000 il ibadətdən sonra kafir olub ilahi dərgahdan qovulmaq mümkündür.
Həzrət Əlinin (ə) baş vermiş bu cərəyanı açıqlamaqda məqsədi odur ki, biz ibadət, əməl, dərs, fiqh, üsul, fəlsəfə, təfsir və təbliğatımızla qürrələnməyək. Daim işlərimizin aqibəti üçün nigaran olaq. Hətta 6000 illik ibadətin puç olması mümkündür. Allah-təala Quranda buyurur: "Ayələrimizi verdiyimiz kəs özü onlardan üz çevirdi... Əgər biz istəsəydik, onu həmin ayələrlə ucaldardıq.
Lakin o yerə meyl edib nəfsinin istəklərinə uydu.”
Beləliklə, Allah ilə minacat edən insan günahlarının onu haqq dərgahından uzaqlaşdırıb, qəzəbə düçar etməsini mümkün sayır. Allah-təala buyurur: "Qəzəbimə düçar olan isə mütləq məhv olar.”
Beləliklə, duanın bu hissəsində deyirik: Qəzəbinə düçar olmamaq üçün sənə pənah aparırıq.
Adətən, lüğətşünaslar "səxət” kəlməsini "ğəzəb” kəlməsi ilə eyni mənada işlədirlər. Bəziləri isə "səxət” kəlməsindən şiddətli qəzəb mənasının anlaşıldığını bildirirlər. Biz insanların bəzi şeyləri bəyənməməsi mümkündür. Lakin o qədər də pis olmayan şeylərə nifrət etmirik və qəzəblənmirik. Allah da günahlar arasında fərq qoymuşdur. Allah bağışlanası kiçik günahları və tövbə, yaxud şəfaət vasitəsi ilə əfv ediləsi böyük günahları Allah üzərinə qılınc çəkməyə bərabər olan, ağır cəza ilə nəticələnən günahlarla eyni bilmir.
Qurani-kərimdə razılıq və savab (mükafat) arasında fərq mövcuddur. Məsələn, "Allah onlardan, onlar da Allahdan razıdırlar və Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnət hazırlamışdır.” ayəsindən məlum olur ki, razılıq, behiştdən üstün nemətdir. Behişt tamahı ilə ibadət edənlər öz istəklərinə çatacaqlar. Lakin Əmirəl-möminin (ə) və digər imamlar kimi ibadət edən insanlar behiştdən daha üstün olan ilahi razılıq əldə edəcəklər.” Allahdan olan razılıq daha böyükdür.
İsti yay günü sərin meh tək bizə xoş gələn bir şey haqqında üç nöqtəni qeyd etmək olar:
1. İsti yayda sərin mehin təbimizə uyğunluğunu dərk etmək:
2. Sərin havanın özü;
3. İsti yayda uyğun sərinlikdən duyduğumuz ləzzət.
Allah haqqında deməliyik: "Allah istənilən bir kamilliklə mülayim, istənilən bir qeyri-kamilliklə müxalifdir.” "Bəqərə” surəsinin 222-ci ayəsində buyurulur: "Allah tövbə edənləri, təmiz və pak olanları sevər!” ; həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”
Allahın zatı ilə Onun xarici feli məqamları arasında mərtəbələr nəzərdə tutmaq istəsək, məsələn "Allah sevir, yoxsa sevmir”, deməliyik ki, kamilliyin sevilməsi eynən Allahın zatı və razılığıdır, qeyri-kamilliyin sevilməməsi isə onun qəzəbidir. Ayrıca götürüldükdə günaha batmış insan dərhal qəzəbə gəlmir. Əks-təqdirdə, ona möhlət verilməzdi.
İnsanın pis əməlləri həddi aşdıqda o, "qəzəbə düçar olmuşlar” sinfinə daxil olur və səadətdən məhrum qalır. Bu həddə çatmayan insanın islah olacağına ümid etmək olar. Nəql olunmuş bir minacatda oxuyuruq: "İlahi, məni qəzəbinə düçar etmə. Əgər hələ qəzəbinə düçar olmamışamsa, islah olacağıma ümid edirəm və qəm yemirəm.”
İnsan Allahın qəzəbinə düçar olmamaq üçün Ona pənah aparmalıdır. Allahın qəzəbinə səbəb olan əməllərdən uzaq olmaq üçün Ondan tövfiq istəməlidir. Əgər insan ilahi qəzəbə düçar olarsa, bu halda əfv olunmağa ümid yoxdur.
"İlahi in kuntu ğəyrə mustəhilin-li rəhmətikə fəəntə əhlun ən təcudə ələyyə bifəzli siətikə”
"İlahi, sənin rəhmətinə layiq olmasam da, sən geniş fəzlinlə mənə ehsan etməyə layiqsən.”
Duanın bu hissəsində Allaha belə ərz edirik: Rəhmətinə layiq deyiləm və pis əməllərim çoxdur. Lakin rəhminə ümidvaram. Çünki sənin rəhmin yalnız layiq olanlar üçün deyil. Sənin rəhmin çox genişdir və fəzlin hamıya şamil olur. Allahın fəzli insanların ləyaqətindən çox ucadır. Hikmətə zidd olmadıqda layiq olmayanlar da ilahi rəhmətə qərq olurlar. Yalnız o şəxslərə rəhm olunmur ki, onlara rəhm etmək ilahi hikmətə zidd olsun. Məsələn, peyğəmbərləri və imamları öldürənlər, bəndələri bilərəkdən və inadkarcasına azdıranlar. Əgər Allah bu insanlara rəhm edərsə, öz hikmətinə zidd iş görmüş olar. Beləliklə, ilahi rəhmətə layiq olmayanlar müəyyən halda Allahın feyzinə qərq olmağa ümid edə bilərlər.
İman, diqqət, övliyalara təvəssül rəhmətə layiq olmağa səbəb olur. hikmət də bunu tələb edir. Çünki əsil rəhmət Həzrət Peyğəmbər (s) və onun əhli-beytinə şamil olmuşdur. Onların kölgəsində qərar tutanlar və hələ ki, ilahi qəzəbə düçar olmayanlar bu rəhmətdən faydalanırlar.
"İlahi kəənni binəfsi vaqifətun bəynə yədəykə və qəd əzəlləha husnu təvəkkuli ələykə fəqultə ma əntə əhluhu və təğəmmədtəni bi əfvikə”
"İlahi, sanki özümü sənin qarşında görürəm. Elə bir halda ki, sənə təvəkkülüm başım üzərinə kölgə salmışdır. Demək, sən layiq olduğunu mənə deyirsən və məni öz əfvinə şamil edirsən.”
Minacatın bu hissəsində insan Allah qarşısında dayandığını fərz edir. O, ilahi rəhmətə layiq olmadığını bilir. Lakin Allaha təvəkkül etdiyi üçün rəhmət buludu onun üzərinə kölgə salmışdır. O, əməllərini dəyərsiz hesab edir, bağışlanması üçün bütün işlərini Allahın öhdəsinə buraxır. Beləliklə, ərz edir: İlahi, sənə təvəkkül etdim.
Mənim bu dəyərli təvəkkülüm rəhmətinin nazil olması üçün zəmindir.
Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi