Düşmənlərin növləri
Bu minacatda qəlb iştirakı ilə deyirik: "İlahi, mən güclü və inadkar düşməndən qaçmışam. Əgər qaçmasaydım, düşmən mənə qalib gələrdi və səadətimi itirərdim.”
Ətrafımızda daim bizi Allahdan uzaqlaşdırmaq istəyən qorxulu düşmənlər təhlükəsi var. Bu düşmənlər aşağıdakılardan ibarətdir:
1. Nəfs
"Ən inadkar düşmən insanın öz şəhvani və şeytani istəkləridir. Bu istəklərlə məşğul olmaq ilahi yaxınlıq məqamından uzaqlaşmağa səbəb olur.” Yəni böyük günahlar və haram işlərdən əlavə, bəzən halal nəfsani istəklər də kamilliyə mane olur.
Faydalı bir xatirə
Təzəcə evlənmişdim. Böyük şəxslərdən biri öz kiçik şagirdini yoxlamaq üçün bizə gəldi. Onun üçün şirni gətirdim. Şirnidən azacıq yeyib mənə belə buyurdu: "Bu şirni quşun ayağına bağlanmış və onun uçmasına mane olan bir daşa bənzəyir.” Mənə anlatmaq istəyirdi ki, bəzən halal işlər də uca kamilliklərə çatmağın qarşısını alır. Dünyanın halal ləzzətləri insanı hərəkətdən saxlayır. Haram və günaha gəldikdə isə bunlar insanı cəhənnəmin dibinə sürükləyir. Cavanlığın ilkin dövrlərini yaşayan və çirkin nəfsani sifətlərə aludə olmayan cavanlar çalışmalı və halal olsa belə nəfsani istəklərlə mübarizə aparmalı, müstəhəbləri yerinə yetirib nəfslərini cilovlamalıdırlar. Cavanlar imamın buyurduğu kimi, cavanlığın qədrini bilməlidirlər. Onlar öz iradələri ilə bir çox işlər görə bilərlər.
2. Cin şeytanlar
"Sənin izzətinə-qüdrətinə and olsun ki, onların hamısını azdıracağam.” Uyğun ayəyə əsasən şeytan bizim and içmiş düşmənimizdir. Bu mövzu bir atalar sözü formasını almışdır. Şeytanın bütün Adəm övladlarını azdırmaq üçün içdiyi and böyük bir anddır.
3. Şeytan törəmələri
"Şeytan və onun camaatı sizi onları görə bilmədiyiniz yerlərdən görürlər.” Uyğun ayəyə əsasən şeytanın törəmələri və onun ətrafındakılar cinlərdən olan şeytanlardandır. Onlar öz səngərlərindən bizləri görən düşmənlərimizdir. Lakin biz onları görmürük və haradan atəş açdıqlarını bilmirik. Buna görə də onların atəşlərindən gizlənmək və münasib cavab vermək bizim üçün çətindir.
4. İnsan şeytanlar
"Ənam” surəsinin 112-ci ayəsinə əsasən cin şeytanlar adəm övladlarından şagirdlər yetişdirirlər. Bu şagirdlər onlardan geri qalmır və bəzən daha qüvvəli olurlar. "Nas” surəsində buyurulur: "De ki, pənah aparıram insanların Rəbbinə... cinlər və insanlardan.”
Demək, cin və insandan olan şeytanlar, şeytanın törəmələri və insanın nəfsi daxildən və xaricdən daim bizi təqib edən inadkar düşmənlərdir. Bu düşmənlər müxtəlif şəkillərdə, müxtəlif hiylələrlə bizləri vəsvəsə edirlər. Unutmamalıyıq ki, bu düşmənlərin hədəfindəyik. Günah üçün zəmin yaranarkən onların qurduqları tələyə yaxınlaşdığımızı bilməliyik. Yolda bir torba qızılla oğru ilə qarşılaşan tacir düşməndən qaçdığı kimi biz də öz düşmənlərimizin şərindən Allaha doğru sürətlə qaçmalıyıq.
Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi