İlk köməkçi
Əli (ə)-ın fəzilətlərinin gizlədilməsi və o həzrətin barəsində olan aşkar həqiqətlərin qərəzli şəkildə təhlil edilməsi təkcə Bəni-Üməyyənin dövründə olmamışdır, əksinə, bəşəriyyətin kamil insan nümunəsi olan Əli (ə) düşmənlər və qərəzçilər tərəfindən həmişə hücumlara məruz qalmışdır. Hətta təəssübkeş yazıçılar belə Əli (ə) sülaləsinin hüququnu tapdalamaqdan çəkinməmişlər. Islamın əvvəlindən on dörd əsr keçməsinə baxmayaraq, indi də özlərini "ziyalı", "azad" və "yeni nəslin rəhbəri" hesab edənlər zəhərli qələmləri ilə Əməvilərin mənfur məqsədlərinə kömək edir, Əli (ə)-ın fəzilətlərinin üstünə pərdə çəkmək istəyirlər. Belə bir aşkar dəlilə diqqət yetirin: Ilahi vəhy ilk dəfə Həra mağarasında Peyğəmbəri-Əkrəm (s)-in qəlbinə nazil oldu və onu nübüvvət və risalət məqamı ilə iftixarlandırdı. Vəhy mələyi onu risalət məqamı ilə agah etməsinə baxmayaraq, risaləti təbliğ etməyin vaxtını müəyyən etməmişdi. Buna görə də Peyğəmbər (s) üç il müddətində islamı ümumi şəkildə təbliğ etməkdən çəkindi. O, qabiliyyətli və ləyaqətli şəxslərlə xüsusi görüş təşkil etməklə sayı çox da olmayan bir qrupu yeni ilahi ayinə hidayət edə bildi. Nəhayət, vəhy mələyi nazil oldu və Allah tərəfindən belə bir fərman gətirdi ki, Peyğəmbər öz ümumi təbliğini yaxın qohum-əqrəbalarını dinə dəvət etməklə başlasın: "Öz yaxın adamlarını (qohumlarını) ilahi əzabdan qorxut və öz mehr-məhəbbət qanadını imanlı şəxslərin başına çək. Əgər səninlə müxalifətçilik etsələr, de ki, mən (sizin bəd) əməllərinizdən bezaram."
Aşkar və ümumi dəvət ona görə qohum-əqrəbalardan başlanmalı idi ki, hər hansı ilahi və ya ictimai bir rəhbərin yaxın adamları ona iman gətirməsə və ona tabe olmasalar, onun dəvəti başqalarına heç vaxt təsir etməz. Çünki, hər bir adamın qohum-əqrəbası onun sirlərindən, vəziyyət və əhvalından, gözəl xüsusiyyətlərindən və eyblərindən agahdırlar. Buna görə də nübüvvət və risalət iddiaçısının qohum-əqrəbasının iman gətirməsi onun öz dəvətində doğruçu olmağının bir nişanəsi hesab olunur. Bunun əksi də düzdür, yəni qohum-əqrəba ondan üz döndərsə, bu, iddiaçının öz iddiasında sadiq olmamasını göstərir. Buna görə də Peyğəmbər (s) Əli (ə)-a göstəriş verdi ki, Bəni-Haşimin böyük şəxsiyyətlərindən qırx beş nəfərini nahar süfrəsinə dəvət etsin və qonaqlar üçün ətli xörək və süd hazırlasın. Qonaqların hamısı müəyyən olunmuş vaxtda Peyğəmbərin hüzuruna tələsdilər. Nahar yeyiləndən sonra Peyğəmbərin əmisi Əbu Ləhəb yüngül və atmaca sözlərlə məclisin dəvət məsələsinə dair əsas məqsədinin müzakirə olunmasına mane oldu. Heç bir müsbət nəticə alınmadan məclis sona çatdı və qonaqlar yeməkdən sonra Rəsulullah (s)-in evini tərk etdilər. Peyğəmbər (s) qərara aldı ki, o günün sabahı başqa bir ziyafət təşkil edib Əbu Ləhəbdən başqa onların hamısını öz evinə dəvət etsin. Yenə də Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə yemək və süd hazırladı, Bəni-Haşimin görkəmli və tanınmış şəxsiyyətlərini Peyğəmbərin sözlərinə qulaq asmaq üçün nahara dəvət etdi. Qonaqların hamısı yenidən müəyyən olunmuş vaxtda məclisə gəldi. Peyğəmbər (s) yeməkdən sonra öz sözlərinə belə başladı: "Həqiqəti camaata göstərən şəxs onlara yalan deməz. Mən (qeyri-mümkün olan fərzə görə) başqalarına yalan desəm də, heç vaxt sizə yalan demərəm, başqalarını aldatsam da, sizi heç vaxt aldatmaram. Ondan başqa məbud olmayan Allaha and içirəm ki, mən Onun sizə və bütün dünya xalqlarına tərəf göndərilmiş elçisiyəm. Agah olun ki, yatdığınız kimi ölüb, durduğunuz kimi də diriləcəksiniz. Yaxşı əməl sahibləri öz əməllərinin mükafatına, pis əməl sahibləri öz əməllərinin cəzasına çatacaqlar, əbədi cənnət yaxşı iş sahibləri üçün, əbədi cəhənnəm isə pis əməl sahibləri üçün hazırdır. Camaat içərisində heç kim öz əhli üçün mənim sizin üçün gətirdiyimdən yaxşı bir şey gətirməmişdir: Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə fərman vermişdir ki, sizi Onun vəhdaniyyətinə (yeganəliyinə) və öz risalətimə dəvət edəm. Bu yolda sizdən kim mənə kömək edər ki, (nəticədə) mənim qardaşım, vəsim (canişinim) və mənim sizin aranızdakı nümayəndəm olsun?!"
Bu sözləri deyib bir az dayandı ki, oradakılardan hansı birinin onun çağırışına müsbət cavab verəcəyini görsün. Həmin vaxt məclisdə heyrət dolu bir sükut hökm sürürdü. Hamı başını aşağı salmış, dərin fikrə dalmışdı. O günə kimi yaşı on beşi keçməyən Əli (ə) gözlənilmədən sükutu pozaraq ayağa qalxdı və üzünü Peyğəmbərə (s) tutub dedi: "Ey Allahın Peyğəmbəri, bu yolda mən sənə kömək edərəm." Sonra əlini Peyğəmbərə tərəf uzatdı ki, fədakarlıq əhd-peymanı olaraq onun əlini sıxsın. Peyğəmbər (s) ona göstəriş verdi ki, əyləşsin. Sonra öz sualını yenidən təkrar etdi. Yenə də Əli (ə) ayağa qalxıb öz hazırlığını elan etdi. Bu dəfə də Peyğəmbər (s) ona dedi ki, otursun. Üçüncü dəfə də Əli (ə)-dan başqa heç kəs ayağa qalxmadı–ayağa duran və müqəddəs amallarında Peyğəmbərə arxa olacağını elan edən şəxs yalnız Əli idi. Bu vaxt Peyğəmbər (s) öz əlini Əli (ə)-ın əlinə verib, Haşimi tayfasının ağsaqqallarının iştirak etdikləri məclisdə özünün Əli (ə) barəsindəki tarixi kəlamını buyurdu: "Ey mənim qohumlarım və yaxın adamlarım! Bilin ki, Əli mənim qardaşım, sizin aranızdakı vəsim və xəlifəmdir (canişinimdir)." "Siyreyi-Hələbiyy"nin müəllifinin nəql etdiyinə əsasən, Peyğəmbər bu cümləyə əlavə olaraq iki mətləbi də artırdı: "Həmçinin mənim vəzirim və varisimdir."
Beləliklə, islamın ilk vəsisi sonuncu ilahi peyğəmbərin vasitəsi ilə, həm də risalətin elan olunmasının əvvəlində və az saylı qrupdan başqa heç kəsin iman gətirmədiyi bir dövrdə təyin olundu. Peyğəmbərin eyni bir gündə həm öz peyğəmbərliyini, həm də Əli (ə)-ın imamətini elan etməsindən imamətin mövqeyini və məqamını aşkar şəkildə başa düşmək və həmçinin, bu iki məqamın (risalət və imamət) bir-birindən ayrı olmadığını dərk etmək mümkündür. Başqa sözlə, imamət nübüvvətin təkmilləşdiricisi və tamamlayıcısıdır.
Kitabın adı: Vilayət günəşi birinci cild
Müəllif: Ayətullah Cəfər Sübhani