Əməllərin cəzası
Nasirəddin şahın belə bir adəti vardı ki, qabaqcadan təyin olunmuş bir gündə zindanlara baş çəkərdi. O, məhbuslardan hansına işarə etsəydi bu həmin adamın edam olunması demək idi. Zindandakılar arasında bir nəfər adam öldürdüyünə görə həbs edilmişdi. Həmin adam zindan rəisinin yaxın qohumu idi. Buna görə də bəzən ailəsini görmək üçün ona evə getməyə icazə verilərdi. Zindanban bir axşam yenə həmin məhbusu evə buraxmışdı. Məhbus evinə gedəndən sonra zindanbanın yadına düşür ki, şah sabah zindana gələcək. Zindanban nə edəcəyini bilməyib lap çaş-baş qalmışdı. Çünki, şah və onun yanındakılar zindandakı məhbusların nömrələrini bilirdilər. Bir nəfərin əskik olduğunu bilsəydilər, zindanbanın özünü edam edəcəkdilər. Qorxu onu bu çıxılmaz vəziyyətdən qurtarmaq üçün çarə düşünməyə vadar etdi. Belə qərara gəldi ki, evə gedən məhbusun yerinə bir nəfəri tapıb qoysun.
Zindan rəisinin çox səmimi dostu olan qəssab bir qonşusu var idi. Fürsəti əldən vermədən qəssab qonşusunun yanına gedib əhvalatı ona danışdı. "Əziz dostum, gəl mənə bu çıxılmaz vəziyyətdən qurtarmağa kömək et. Bir neçə dəqiqəliyə məhbus paltarı geyinib zindanda otur. Şah zindana gəlib-gedəndən sonra sən də öz işinin dalınca gedərsən”– deyə zindanban ondan xahiş etdi. Qəssab dostunun xahişini qəbul edib zindana getdi. Səhər açılanda şahın gəlişi üçün məhbusları cərgəyə düzdülər. Məhbusların nömrələri bir-bir oxunandan sonra, birdən şahın gözü qəssaba sataşdı. Onun firavan həyat keçirməsi piy bağlamış bədənindən məlum idi. Nasirəddin şah qəssaba işarə edib oradan keçdi. Cəllad qəssabın yoğun boğazından tutub edam ediləcək yerə gətirdi. Əvvəlcə bütün baş verənləri zarafat kimi qəbul edən qəssab birdən məsələnin ciddi olduğunu anladı. Bir anlıq ölüm mələyi gözləri önündə canlandı. Yalvar-yaxar edib özünü cəlladın ayaqları altına atdı. Məsələnin nə yerdə olduğunu ona danışdı. Amma çox yazıq ki, bunların heç bir faydası yox idi. Çünki, şahın fərmanı sorğu-sualsız icra olunmalı idi. Cəllad üzünü qəssaba tutub dedi:
"Bəlkə nə vaxtsa bir cinayət etmisən ki, indi bu bəlaya düçar olmusan. Əgər doğrudan da belə bir iş tutmusansa, danış. Ola bilsin səni işgəncə ilə deyil, daha rahat öldürüm.
Qəssab çox fikirləşdi. Axı bu müsibət onun hansı günahının cəzası idi. Amma birdən neçə il bundan əvvəl bir uşağın başına açdığı cinayəti xatırlayıb dedi: "Bir dəfə cavan vaxtlarımda öz həmyaşıdlarımla birlikdə üzməyə getmişdik. Dostlarım bir az üzəndən sonra sudan çıxıb getdilər. Mən isə hovuzun içində üzməyə məşğul idim. Elə bu vaxt hovuzda azyaşlı bir uşağın da üzdüyünü gördüm. Bir az sonra həmin uşaq çox yorğun halda özünü hovuzun kənarına çatdırıb sudan çıxmaq istədi. O, balaca əllərilə hovuzun divarlarından tutub sudan çıxmaq istəyirdi. Mən isə onu ayaqlarımla geri itələyib suya atırdım. Uşaq yalvarıb məndən kömək istəyirdi. Amma mən onun həyatla-ölüm arasında çarpışmasından ləzzət alırdım. Mənim inadım üzündən zavallı uşaq axır ki, suda boğuldu. Uşağın bədəninin suyun üzündə hərəkətsiz qaldığını görəndə qorxub aradan çıxdım. Qəssabın danışdıqlarına diqqətlə qulaq asan cəlladın gözləri birdən qanla doldu. O bağıraraq qəssaba dedi:
"Vay olsun sənə! O uşaq mənim kiçik qardaşım idi. Deməli uzun müddət axtardığım qatil sənmişsən. Mən bu təsadüfdən çox şadam. Çünki, qardaşımın qatilini bu gün öz əllərimlə öldürəcəyəm.”
Bu hadisədən sonra uzun müddət zindandakı məhbuslar arasında günahların cəzasından söz düşəndə həmin əhvalatı bir-biri üçün nəql edərdilər.
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova