Təhsil mərkəzlərində tərbiyənin rolu
Elmi mərkəzlərdə təlim və tərbiyəyə paralel diqqət göstərilməlidir. Təəssüf ki, bəzən müəyyən islam elminə üstünlük verildiyi halda başqa bir islam elmi kölgədə qalır. Lazımi diqqət göstərilməyən ən mühüm sahə əxlaq və mənəviyyat sahəsidir. Dini elm mərkəzlərində (hövzələrdə) tərbiyə, təzkiyə məsələsi ən ağrılı məsələdir. Hələ də bu problem öz həllini tapmamışdır.
Bu problemi doğuran səbəblərdən biri ilahi əxlaqa yiyələnmiş arif alimlərin həddi aşan təvazökarlığıdır. Dini mərkəzlərdə bu insan-ların nəfəsinə ehtiyac olduğu halda onlar başqalarına əxlaq dərsi keçməyə özlərini layiq bilmirlər. Bu böyük şəxsiyyətlər onlardan nəsihət istəyənlərə "bizim özümüzün nəsihətə ehtiyacımız var” deyirlər. Onların bu hərəkəti böyük mənəviyyat əlaməti olsa da təvazökarlıq vəzifənin qarşısını almamalıdır. Əgər bütün əxlaqsevərlər yalnız öz tərbiyəsi ilə məşğul olsa cəmiyyətdə insanlıqdan əsər qalmaz. Məgər peyğəmbərlərin bir zaman icra etdiyi təlim və tərbiyə vəzifəsi bu gün alimlərin öhdəsində deyilmi?! Başqalarına nisbətən daha əxlaqlı olanlar cəmiyyəti islah etməyə borcludurlar.
Bir sözlə, tərbiyə də təlim kimi vacib əmrdir. Nə təlim, nə də tərbiyə sahəsində layiqli insanlar üçün təvazökarlıq maneə ola bilməz. Əgər həqiqi alim "danışsam deyərlər ki, özünü göstərir” düşünərək susarsa bəşəriyyət cəhalətə düçar olar.
Tarixdə hətta ən yaxın adamlarından öz elm və fəzilət mərtəbəsini gizlədən böyük şəxsiyyətlər olub. Düzdür, bu şəxsiyyətlərin bir çoxu həmin hərəkətlərinə bəraət qazandıracaq möhkəm dəlillərə malik olublar. Şəxsiyyətini gizlətmək insan üçün kamal hesab oluna bilər, amma həmişə yox! Əgər bütün alimlər şöhrətpərəstlikdən qurtulmaq üçün öz elmini gizlədərsə xalqın təlim-tərbiyəsi ilə kim məşğul olar?! Bu kifayi vacib işlə hökmən kimsə məşğul olmalıdır.
Mənim də tərbiyəyə ehtiyacım başqalarından daha çoxdur. Amma özümdən soruşuram ki, əgər bu vəzifəni yerinə yetirməsəm qiyamət günü nə cavab verərəm? Bu vacib işdən boyun qaçırdığıma şöhrətpərəstlik qorxusu səbəb ola bilərmi? Elmi mərkəzlərdə tanınmış əxlaq ustadları dərs keçsələr də, yenə də bu işə ehiyac duyulur. Ona görə də bütün nöqsanlarına baxmayaraq mənim kimiləri üçün də tərbiyə işi ilə məşğul olmaq vacib görünür.
Kitabın adı: Allaha doğru
Müəllif: Ustad Misbah Yəzdi