390. Hicrət
1773. Hicrət
6337.Allahın Peyğəmbəri (s): «Ey insanlar! Mühacirət edin və İslama sarılın. Çünki nə qədər ki, cihad var, hicrət kəsilməz.»
6338.Allahın Peyğəmbəri (s): «Hicrət iki növdür: Bir hicrət, günahlardan uzaqlaşmaq və hicrət etməkdir, digəri isə Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etməyindir. Nə qədər ki, tövbə qəbul edilir, hicrət kəsilməz.»
6339.İmam Əli (ə): «Hicrət hələ də öz əvvəlki qüvvəsində qalmaqdadır. Allahın yer üzünün insanlarına, istər öz imanlarını gizlədənlərə, istərsə də aşkar edənlərə, ehtiyacı yoxdur. Allahın yer üzündəki hüccətini tanımadan heç kəsə mühacir adı qoyulmur. Buna görə də mühacir həmin hüccəti tanı-yan və onu dilinə gətirən şəxsdir. Həmçinin, hüccətin çatdığı, qulağı onu eşidən və qəlbi onu qəbul edən şəxsə «müstəzəf» adı şamil olmaz.»
6340.İmam Baqir (ə): «Mühacir könüllü surətdə İslamı qəbul edən şəxsdir.»
1774. Ən üstün hicrət
Qur‘an:
«Pis şeylərdən uzaqlaş.»
Hədis:
6341.Allahın Peyğəmbəri (s): «Ən üstün və fəzilətli hicrət, Allahın sevmədiyi şeydən hicrət etməyindir (uzaqlaşmağındır).»
6342.Allahın Peyğəmbəri (s): «Ən üstün hicrət, pislikdən hicrət etməyindir (uzaqlaşmağındır).»
6343.Allahın Peyğəmbəri (s): «Mühacir, xəta və günahlardan hicrət edən şəxsdir.»
1775. Günahkarların ölkəsindən hicrət etmək
Qur‘an:
«Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: «Siz nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzündə zəif kəslər idik!» (Mələklər onlara) «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?» deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora necə də pis yerdir!»
«Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!»
Hədis:
6344.Allahın Peyğəmbəri (s): «Kim öz dinini bir yerdən digər bir yerə, hətta bir qarış olan yerə, qaçırdıb nicat versə, Cənnət ona vacib olar və o, İbrahim və Məhəmmədlə (ə) yoldaş olar.»
6345.İmam Sadiq (ə) («ey iman gətirən bəndələrim…» ayəsi haqda): «Sən olduğun torpaqda Allaha itaətsizlik edilən zaman, oradan başqa yerə köç!»
1776. Hicrətdən sonra ərəbləşmənin qadağan olması
6346.Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyəsində):–«Hicrətdən sonra ərəbləşmək yoxdur (düzgün deyil).»
6347.Allahın Peyğəmbəri (s): «Mən düşmən şəhərində müşriklə bir yerdə yaşayan müsəlmandan bizaram.»
6348.İmam Sadiq (ə): «Hicrətdən sonra ərəbləşən, bu işi (əhli-beytin vilayətini) tanıyandan sonra, onu tərk edən kimsədir.»
6349.İmam Rza (ə): «Allah-taala hicrətdən sonra ərəbləşməyi haram edib. Çünki bu, dindən dönməyə, peyğəmbərlərə və (Allahın) hüccətlər(in)ə köməkdən əl çəkməyə, eləcə də hər bir haqq sahibinin haqqının məhv edilib batırılmasına səbəb olur. Ona görə ki, o, bədəvilərlə yoldaşlıq edir. Həmçinin, dinlə kamil tanışlığı olan şəxsin nadan və (dindən və onun maarifindən) xəbərsiz insanların içində yaşaması caiz deyil. Çünki onun elmdən əl çəkmə, nadanlara qarışma və cəhalətə batma qorxusu var.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild