Ata qatili çox yaşamaz
Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi. O, İmam Hüseynin (ə) hərəmi ətrafında dəfn olunmuş səhabələrdən on yeddisinin qəbrini dağıtdırmışdı. Onun xilafət etdiyi dövrdə ələvilərə, xüsusilə də Mədinə şəhərində yaşayan seyyidlərə çox əzab-əziyyət edirdilər. Bu ağır vəziyyət 247-ci (h.q) ilə qədər davam etdi. Amma Mütəvəkkilin ölümündən sonra oğlu Müntəsir hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.
Atasından tam fərqli olaraq Müntəsir, Peyğəmbərin (s) Əhli-beytinə xüsusi hörmət göstərər və İmam Hüseynin (ə) zəvvarlarının ziyarət etməsinə heç bir maneəçilik törətməzdi. Onun əmrilə "Fədəki”(Peyğəmbərin (s) sağlığında Həzrət Zəhraya (s) bağışladığı torpaq sahəsi.) İmam Həsənin (ə) övladlarına qaytardılar. O, bundan əlavə Mədinə əlvilərinə pul və mal da göndərdi. Mütəvəkkilin ölümünün səbəbi haqqında belə yazılır:
"Həzrət Əlini (ə) öz düşməni hesab edən Mütəvəkkil həmişə o Həzrətə hörmətsizlik edərdi. Bir dəfə yenə öz çirkin adəti üzrə saray məclislərindən birində Həzrət Əlinin (ə) şəxsiyyətinə hörmətsizlik edəndə, oğlu Müntəsir onun bu ədəbsiz rəftarına öz etirazını bildirir. Mütəvəkkil isə bu cəsarətinə görə oğlunu tənbeh edir.
Bu əhvalatdan sonra atasından kinli qalan Müntəsir münasib bir vaxtda onu qətlə yetirməyi qərara alır. O, müəllimi Əbu Übeydə ilə bu haqda məsləhətləşəndə müəllimi ona deyir:
"Həzrət Əlinin (ə) şəxsiyyətini təhqir edən adamı öldürmək vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısa olur. Müntəsir qəti qərara gələndən sonra bu işi Mütəvəkkilin xüsusi qulamlarından bir neçəsinə həvalə edir. Mütəvəkkil bir gün yenə saray xidmətçiləri ilə eyş-işrət məclisində idi. Elə bu vaxt "Kiçik Buğa” məclisə daxil oldu. Onun işarəsi ilə bütün xidmətçilər məclisi tərk etdilər. Yalnız Fəth ibn Xaqan Mütəvəkkilin yanında qaldı. Mütəvəkkili öldürmək üçün gələn qulamlar qılınclarını siyirib onun üstünə hücum çəkirlər. Vəziyyəti belə görən Fəth ibn Xaqan özünü Mütəvəkkilin üstünə atıb qışqırmağa başladı: "Vay halınıza! Siz Mütəvəkkili öldürmək istəyirsiniz?”
Qulamlar onların hər ikisini öldürəndən sonra Müntəsirin yanına qayıdıb ona xilafət müjdəsi verirlər.
Mütəvəkkil qətlə yetən gecənin səhəri günü oğlu, 25 yaşlı Müntəsir xilafəti ələ aldı. Müntəsirin xilafəti dövründə bir dəfə sarayda onun ayaqları altına salınmış bir xalı diqqətimi özünə cəlb etdi. Xalının kənarlarında keçmiş xəlifələrdən bir neçəsinin təsviri toxunmuşdu. Fars əlifbası ilə hər birinin altından onların adı və xilafət etdikləri müddət qeyd olunmuşdu. Fars dilini çox gözəl bildiyim üçün orada yazılanları oxuya bilirdim. Xalının sağ guşəsindəki rəsmin altında bu sözlər yazılmışdı:
"Bu, atasını qətlə yetirmiş Şiruyənin rəsmidir. O, cəmi altı ay xilafət etmişdir.” Xalının sol tərəfindəki xəlifənin rəsminin altında belə bir cümlə qeyd olunmuşdur: "Bu öz əmisi oğlu Vəlid ibn Yəzid ibn Əbdülməliki öldürmüş Yəzid ibn Vəlid ibn Əbdülməlikin rəsmidir. Onun hakimiyyət dövrü altı ay olmuşdur.”
Müntəsirin ayaqları altına sərilmiş xalının sağ və solundakı bu təsvirlərin yanaşı toxun-masına təəccüb etdim. Qəribə burasındaydı ki, Müntəsir də öz atasının qatili idi. Öz-özümə fikirləşdim ki, məbada onun da xilafət dövrü belə qısa ola. Amma gümanımda yanılmamışdım. Müntəsir atasının qətlindən altı ay sonra vəfat etdi.(Pəndi-tarix”, c. 1, səh. 73.)
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova