Əli (ə)-ın üçsahəli şəxsiyyəti
Psixoloqların fikrincə, hər bir fərdin şəxsiyyətinin formalaşmasında üç mühüm amil əsas rol oynayır ki, bunların da hər biri şəxsiyyətin vücuda gəlib möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir. Bu, insanın ruhiyyəsi, xüsusiyyətləri və təfəkkür tərzi kimi üç tilin birləşməsindən əmələ gələn üçbucağa oxşayır. Deyilən üç amil aşağıdakılardır: 1-Irsiyyət, 2-Təlim-tərbiyə, 3-Yaşadığı mühit (şərait).
Insanın yaxşı və ya pis sifətləri, eləcə də ali və ya alçaq, rəzil xasiyyələri bu üç amilin vasitəsi ilə formalaşıb inkişaf edir. Irsiyyət barəsində bunu demək kifayətdir ki, bizim təkcə qiyafə və bədən qurluşu kimi zahiri sifətlərimiz övladlarımıza irs keçmir, həm də valideynlərin batini sifətləri və əxlaqi ruhiyyələri də irsi olaraq onlara nəql olunur.
Insan şəxsiyyətinin formalaşmasında digər iki amil-təlim-tərbiyə və mühit, Yaradanın insan zatında əmanət qoyduğu ali-insani səciyyələrin çiçəklənməsində, eləcə də uşağın valideyndən irsi olaraq apardığı xüsusiyyətlərin inkişaf etməsində mühüm rol oynayır. Müəllim bir uşağın, yaxud bir sinfin müqəddəratını tam mənada dəyişə bilər. Çox hallarda mühit tərbiyəsi aşağı səviyyədə olan fərdləri saflaşdıra, yaxud pak fərdləri əxlaqsızlığa uğrada bilər. Insan şəxsiyyətinin formalaşmasında bu iki amilin təsiri o qədər aydındır ki, bu barədə əlavə izaha ehtiyac duyulmur. Əlbəttə, bunu da yaddan çıxarmayaq ki, (insanın əxlaqının düzgün formalaşmasında) bu üç amildən sonra insanın öz iradəsi və istəyi az əhəmiyyət daşımır.
Əli (ə)-a irsən yetişən şəxsiyyət Əli (ə)-ın Əbu Talib kimi bir atanın sülbündən dünyaya gəlməsidir. Əbu Talib "Bətha" (Məkkə) vilayətinin böyüyü və Haşimi qəbiləsinin rəisi idi. Onun bütün varlığı başdan-başa mehribanlıq, bəxşiş, səxavət, emosiya, mehr-məhəbbət, tövhid ayininin yolunda olan fədakarlıq və fədailikdən ibarət idi. Peyğəmbər (s)-in babası Əbdül-Müttəlib vəfat edəndə o həzrətin səkkiz yaşı var idi. O gündən etibarən düz qırx iki il sonraya qədər Əbu Talib həmişə Peyğəmbərin yanında olmuş, onun keşiyində dayanmağı öz öhdəsinə kötürmüş və onun tövhid ayinini yaymaqdan ibarət olan müqəddəs hədəfləri yolunda fədakarlıq etmişdi. Bu həqiqət Əbu Talibin divan şerlərinin çoxunda əks etdirilmişdir: O cümlədən:
"Pak və xoşxilqət insanlar gərək bilsinlər ki, Məhəmməd (s),
Musa (ə) və Isa (ə) kimi bir peyğəmbərdir."
Başqa bir şerdə demişdir:
"Məgər bilmirsiniz ki, Məhəmməd (s) Musa (ə) kimidir
Və onun peyğəmbərliyi səmavi kitabların sərlövhəsində yazılmışdır?!"
Bütünlüklə Bəni-Haşim tayfasının qızmar və susuz bir dərədə iqtisadi mühasirəyə alınmasına gətirib çıxaran belə bir fədakarlıq məqsədə çatmaq istəyindən, mənəviyyətə olan dərin məhəbbətdən başqa bir şey ola bilməzdi. Çünki, qohumluq əlaqələri və sair maddi amillər insanda belə bir isar (candan keçmək) ruhiyyəsini yarada bilməz. Əbu Talibin öz qardaşoğlusunun ayininə (islama) iman gətirməsi barədə olan dəlillər o qədər çoxdur ki, bütün tədqiqatçıların nəzər-diqqətini özünə cəlb etmişdir. Təəssüflər olsun ki, bəziləri yersiz cəhalətdən doğan təəssübkeşlik üzündən Əbu Talib barəsində tərəddüddə qalmış, başqa bir qrup isə cürətlənərək onu qeyri-müsəlman bir şəxs kimi tanıtdırmışdır. Halbuki əgər tarix və hədis kitablarında Əbu Talibin islamı qəbul etməsi barəsində olan dəlillərin bir qismi başqa bir şəxs haqqında olsaydı, həmin şəxsin iman gətirib islamı qəbul etməsi barəsində əsla şəkk-şübhəyə yer qalmazdı. Amma bilmirik ki, nə üçün bu qədər aşkar dəlillər "bəzi"lərinin qəlblərini işıqlandıra bilməmişdir!
Kitabın adı: Vilayət günəşi birinci cild
Müəllif: Ayətullah Cəfər Sübhani