Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa mə`lumat
Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olmuşdur. Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən hesab olunurdu. İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə tə`yin olunmuşdur. Bu hadisəni Şeyx Kuleyni (rəh.) "Üsuli-Kafi” kitabında nəql etmişdir.
Müfəzzəlin rəvayətlərdəki üstün məqamı
Bu şəxsin böyüklüyünə ən mühüm dəlil İmam Sadiqdən (ə) onun şərəfi və əzəməti haqqında bizə yetişən hədis və rəvayətlərdir. Hədislər o qədər çoxdur ki, onların hamısı bu müqəddiməyə sığışmaz. Amma istəyirik onların bir neçəsini burada qeyd edək.
1. Şeyx Mufid səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç vaxt onların arasında ixtilaf düşməzdi.
2. Muhəmməd ibni Sina deyir:
İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə) buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.
3. Şeyx Kuleyni (rizvanullahi əleyh) "Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.
4. Yunis ibni Yə`qub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu İsmayılın (ə) ölümü münasıbəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu: Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah taalanın əmrinə təslim olduq.
Mərhum Xoyi (rizv.) "Mücəmu-ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət səhihdir.
Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bə`zi vaxtlar şəkk edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.
Qeyd etdiyimiz rəvayətlərin biri bəsdir ki, böyük şəxsiyyətin əzəmətin və uca məqamın bizə nişan versin.
Müfəzzəl İslam alimləri baxımından
Elmi rical alimlərindən çoxu və Mühəddislər bu böyük şəxsiyyətin uca məqamını və əzəmətini öz kitablarında çox geniş surətdə şərh etmişdirlər. Nümunə üçün onların bir neçəsinin adını burada qeyd edirik: Şeyx Səduq (rh) öz kitablarının çoxunda hədis və rəvayətlərin çoxunu Müfəzzəldən nəql etmişdir. Xüsusilə Şeyx Səduq "Mən la yəhzuruhul Fəqih” kitabında mö`təbər və höccət bildiyi hədisləri Müfəzzəldən nəql etmişdir. Şeyx öz kitabında dəfələrlə Müfəzzəlin hədislərinə istinad etmişdir. Buradan belə nəticə alırıq ki, Şeyx Müfəzzəli ən e`tibarlı şəxslərdən hesab etmişdir.
Muhəmməd ibni Yə`qub Kuleyni də "Üsuli-Kafi” kitabında hədislərin çoxunu Müfəzzəlin dilindən nəql etmişdir.
Şeyx Tusi (rizv.) də Müfəzzəl ibni Öməri Co`fini İmam Sadiq (ə) və İmam Kazımın (ə) səhabələrindən hesab etmişdir.
Şeyx Tusi "Əlğeybət” kitabında bu barədə yazır:
O, Əimmənin (ə) həqiqi dostlarından və yaxın səhabələrindən olmuş və onların yanında e`timad olunmuş bir insan kimi tanınmış və həmişə onlara itaət etmişdir. Böyük İslam alimlərindən biri Şeyx Tusinin Müfəzzəldən nəql etdiyi hədisin izahında buyurur: Şeyx Tusinin bu sözü Müfəzzəlin şeyxin yanında e`timad olunmuş bir insan olmasına qəti bir dəlildir. Seyyid ibni Tavus (rəhmətullahi əleyh) Müfəzzəlin kitabı barəsində buyurur: "Tovhidi-Müfəzzəl” kitabı hikmətlərin tanınması və yaranışın gizli sirrləri haqqındadır. Və Müfəzzəl onu İmam Sadiqdən (ə) nəql etmişdir. Böyük şəxsiyyət, təfsirçi və fəqih Ayatullah Xoi Müfəzzəl barəsində buyurur: İmam Sadiqin (ə) lütf edib, Məşhur "Tovhidi-Müfəzzəl” kitabını ona öyrətməsi Müfəzzəlin böyüklüyünün və əzəmətinin bariz nümunəsidir. Bu həmin kitabdır ki, "Nəcaşi onu” "Fəkkir” (fikirləş) adlandırmışdır. Bu iş özü aşkar bir dəlildir ki, Müfəzzəl İmam Sadiq (ə) məxsusi səhabələrində olmuşdur.
Bir şübhəyə cavab
Bu nəzərləri zikr etdikdən sonra, gərək bir məsələni aydınlaşdıraq. Və o, budur ki;
Əgər Müfəzzəl Əimmələrin (ə) məxsus səhabələrindən idisə, bəs niyə onu rədd edən, fasid və zəif imanlı bilən hədislər nəql olunmuşdur?
O vaxt bu suala qəti və doğru cavab vermək olar ki, insan İmam Sadiqin (ə) yaşadığı dövrdən və "Əbbasilərin” verdiyi əziyyətlərdən xəbərdar olsun.
Bəni Əbbas hökümətinin İmama və dostlarına verdiyi əziyyətlərə, sıxıntılara görə onlar təqiyyə edirdilər. Bə`zən İmam (ə) özünün ən yaxın dostlarını ittiham edirdi. Ta onları düşmənlərin əli ilə ölməkdən və məhv olmaqdan azad etsin. Səhabələrin əleyhinə aid olan hədislərin sirri budur. Onların ədaləti və düzlüyündə heç bir şəkk yoxdur. Müfəzzəl də bu cür səhabələrdəndir. Gərək onun əleyhinə gələn hədislər təqiyyə kimi qəbul oluna.
İmam Sadiq (ə) Əbdullah ibni Zürarətibni Ə`yənə deyir: Atana mənim salamımı yetir. Və ona de ki: Əgər sənin əleyhinə bir söz desəm, bil ki, bu sözlər səni müdafiə etmək üçündür. Düşmənlər həmişə bizə yaxın olan şəxsləri incitməyə çalışıblar. Onlar bu şəxsləri bizi sevdiklərinə görə öldürürlər. Əvəzində o kəslər ki, bizimlə düşmənçilik edirlər, onlara sitayiş edirlər. Atana de: Zahirdə səni rədd etməyim ona görədir ki, sən bizim dostumuz kimi tanınmayasan. Bizi də sevdiyin üçün camaat səni sevmir. Zahirdə səninlə tünd davranıram ki, camaatın yanında məhbub olasan. Və onların şərrindən amanda olasan.
Bu haqda Şeyx Abbas Qumi (rh) yazir: Müfəzzəlin pisliyi barəsində olan hədislər onun mədhində olan hədislərə ölçüləsi deyil. Əgər İmam Sadiqin (ə) Müfəzzəl barəsində buyurduqlarına müraciət olunsa, onun İmamın (ə) yanında böyük və uca məqamlı olduğunu bilmək olar.
Kitabın adı: İmam Sadiqin (ə) bəyanı ilə yaranışın sirləri