İslam fiqhində Fatimeyi-Zəhranın (ə) şəxsiyyətinə böyük ehtiram
Hər bir mömin müsəlman üçün sonsuz hörmət və dəyərə malik olan, paklıq və ülvilik nümunəsi sayılan Fatimeyi-Zəhra (ə) bərəkətli İslam fiqhində də özünəməxsus yüksək yer tutur, heç bir qədr-qiymət və ehtiramın, eləcə də hər hansı bir qadağa və yasağın əsassız olmadığı fiqh elmində Fatimeyi-Zəhra (ə) üçün olduqca böyük ehtiram və təzim qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalara əməl etmək hər bir müsəlmanın birinci dərəcəli vacib borclarından sayılır. Bu qaydalara riayət etməmək isə əksinə, böyük günahlardan hesab olunur.
Bu məsələnin incəliyinə diqqət yetirmək üçün ilk növbədə bilmək gərəkdir ki, bərəkətli İslam fiqhi İslam övliyalarına və möhtərəm məsum rəhbərlərə dərin hörmət bəslənilməsini, pak və ülvi xatirələrinin əziz tutulmasını vacib saymışdır. Bu baxımdan həmin müqəddəs şəxsiyyətlər böyük İslam peyğəmbərinin (s) yanında özlərinə yer tuturlar. Müsəlman fiqhi o əzizlərin əzəmət və şöhrətinə də Allahın Elçisinin (s) əzəmət və şöhrəti ilə yanaşı, qoşa riayət edilməsini nəzərdə tutur. Belə ki, o pak və məsum ruhların hörmət və izzətinin, ehtişam və əzəmətinin qorunması, o həzrətlərin parlaq xatirələrinə təzim və ehtiram edilməsi onların əziz adlarının müxtəlif ləqəblərlə dilə gətirilməsi haqqında qəti və zəruri göstərişlər verilmişdir. Bu məsələlərə əməl edilməməsi və onlardan boyun qaçırılması günah sayılır. Müsəlman fiqhinin müxtəlif və çoxsaylı göstərişlərində həmin məsələlərə əməl edilməsi tam incəliyi və dəqiqliyilə şərh olunur. Həmin göstərişlərə etinasızlıq əslində İslam qanunlarına, İlahi hökmlərə, Qurani-Kərimin buyuruqlarına əməl etməməkdir. Bu isə öz-özlüyündə küfrdür, Uca Tanrını danmaq deməkdir. Müsəlman fiqhi bu məsələyə tam ciddiliyi ilə yanaşaraq günahkarlar üçün çox ağır cəzalar nəzərdə tutulmuşdur ki, onlar axirət əzabını çəkməklə yanaşı, bu dünyada da lazımi cəzadan kənarda qalmasınlar.
Bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq müsəlman fiqhinin onunla bağlı çıxardığı hökmlərdən bir neçəsini nümunə olaraq veririk:
1. Dəstəmaz (vüzu) almamış şəxsə Allah-təalanın adını çəkmək haramdır. Peyğəmbərin (s), imamların (ə) və həzrət Fatimənin (ə) mübarək adlarına qarşı hörmətsizlik də haramdır.
2. Müqəddəs məsum imamların adlarının hörmətinin qorunması, onların adlarının pak olmayan yerlərdə çəkilməməsi şəriətin vacib saydığı hökmlər arasındadır.
3. İslam fiqhinin qadağa və cəzalarında göstərilir ki, etiqad və inam məsələlərində zülm və zorakılıq etmək də dindən uzaqlaşmaq kimi qiymətləndirilir. Əllamə Hilli "Təhrirül-əhkam” kitabında bu barədə belə yazır: "Əziz Peyğəmbərin (s) anasına və ya qızına (ə) böhtan deyən, iftira yaxan, onlar haqqında layiqsiz sözləri dilinə gətirən kəs kafir və dindən kənar hesab olunur.”
Birinci şəhid "Lümə” əsərində və ikinci şəhid "Şərhi-lümə” kitabında da Allahın Rəsulu (s) adına qara yaxmağı küfr əməl saymışlar.
"Riyaz” əsərinin müəllifi də öz kitabında Əllamə Hillinin fikrini verdikdən sonra əlavə edir: "Demək olar ki, bu hökm Fatimeyi-Zəhraya (ə) aiddir. Allahın Rəsulunun (s) bütün qızlarına aid deyil. Çünki bu hörmətli xanımın paklığı paklıq və tərtəmizlik haqqındakı ayə ilə təsdiq olunduğu üçün hamı tərəfindən qəbul edilmişdir.”
"Cəvahir” əsərinin müəllifi də "Riyaz” müəllifinin fikrini təsdiqləyərək yazır: "Bu hökm Allahın Rəsulunun (s) anasına da aiddir, çünki məlum olduğu kimi, cahiliyyə dövrünün yaramaz adətləri Allahın Rəsulu (s) üçün ümumiyyətlə mövcud olmamışdır.”
4. Fatimeyi-Zəhranı (ə) söyməyin cəzası ölüm hökmüdür. Müsəlman fiqhinə görə bu müqəddəs xanıma münasibətdə hörmətsizlik edən, ağzını söyüşlə açan kəs ölümə məhkumdur və qətlə yetirilməlidir.
İslam fiqhinin bu məsələdə belə ağır cəzası çox güman ki, ona görədir ki, bu böyük xanımın şəxsiyyətinə hörmət də imamlara – məsum rəhbərlərə olan ehtiramla eyni dərəcədədir və ona münasibətdə hörmətsizlik etmək, söyüş söymək eynilə Rəsulullaha (s) qarşı hörmətsizliyə bərabərdir. Çünki o pak və müqəddəs xanıma münasibətdə ağzını söyüşlə açan şəxs Rəsulullahı (s) söyən kəs üçün nəzərdə tutulan hökmə məhkumdur, yəni qətlə yetirilməlidir. İmam Xomeyni "Təhrirül-vəsilə” kitabında yazır: "Həqiqətən də, Siddiqeyi-Tahirət (ə) öz oğlanlarının – pak imamların daşıdığı xüsusiyyətlərə malikdir. Bəli, əgər söyüş Siddiqeyi-Tahirətə (ə) qarşı yönələrsə, həmin söyüş Rəsulullah (s) üçün də söyüşdür və şübhəsiz ki, söyüş söyən kəs öldürülür.”
Beləliklə, aydın olur ki, İslam fiqhində bu böyük xanıma hörmət dərəcəsi məsum imamlara ehtiram dərəcəsi səviyyəsində nəzərdə tutulmuşdur. Bu ehtiram o dərəcədə yüksəkdir ki, ona əməl etməyənlərə ən ağır cəzalar verilir. Yuxarıda qeyd olunduğu kimi, bu cəza o həzrətə münasibətdə hörmətsizlik edənlərə, nalayiq sözlər işlədənlərə aiddir. Belə kəslər ölüm cəzasına, edama məhkumdurlar. Bu yüksək və layiqli ehtiram İslamın insan hüququna, mənəviyyata, kamil insanlara bəslədiyi münasibətin bir hissəsidir. Bundan əlavə, bu yüksək ehtiram Fatimeyi-Zəhranın (ə) Allah-təala yanında və şəriət sahibinin nəzərində nə dərəcədə müqəddəs sayıldığını göstərir.