"İslam dünyası əlaqələri” təşkilatının bəyanatı
Bu bölməni, Məkkədə yerləşən böyük vəhhabi təşkilatı– "İslam dünyası əlaqələri” təşkilatının yaydığı və bütün İslam aləminin Həzrət Məhdi (əleyhissəlam) məsələsinə inanmasına bir sübut olan rəsmi bəyanatı ilə başa çatdırırıq. Bu bəyanatın mühüm cəhətlərindən biri də odur ki, onda şiə məzhəbi ilə ziddiyyətdə ifrat dərəcəsinə varmış vəhhabilərin də, bu məsələni qəbul etməsi göstərilir. Onlar nə təkcə bu məsələni qəbul edir, hələ üstəlik bu məsələni ciddi müdafiə edərək onu qəti İslami əqidələrdən biri sayırlar. Təbii ki, bu da, bu məsələ haqqındakı hədis və sənədlərin çoxluğundan irəli gəlmişdir. Özü də bu qurum beynəlxalq İslami bir təşkilat kimi fəaliyyət göstərir.Min doqquz yüz yetmiş altıncı ildə Kenuyadan Əbu Məhəmməd adlı bir şəxs "İslam dünyası əlaqələri” təşkilatına müraciət edərək oradan "Gözlənilən Məhdi əleyhissəlamın zühuru” haqqında bir sual soruşmuşdur. Təşkilatın baş katibi ona yazdığı cavabda vəhhabi məzhəbinin banisi İbn Teymiyyənin də Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri qəbul etdiyini vurğulamış və hazırda Hicazın görkəmli alimlərindən olan beş nəfərin bu barədə hazırladığı kitabçanı ona göndərmişdir. Bu kitabçada Həzrət Məhdi (əleyhissəlam) və onun zühur edəcəyi yerin, yə’ni, Məkkə şəhərinin adı çəkildikdən sonra deyilir:... Dünyada fəsad, pozğunluq, zülm və haqsızlıq baş alıb getdikdən sonra Allah-taala onun (Məhdi) vasitəsilə dünyanı haqq-ədalətlə dolduracaq. O, Peyğəmbərin (səlləllahu əleyhi və alih) "Səhih” kitablarında haqqında xəbər verdiyi on iki raşidi xəlifələrinin sonuncusudur. Peyğəmbərin (səlləllahu əleyhi və alih) Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri səhabələrin bir çoxu, o cümlədən Osman ibn Əffan, Əli ibn Əbutalib, Təlhə ibn Übeydullah, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məs’ud, Əbu Sədr Xudəri, Sovban, Qürrə ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Hüseyn, Ümmü Sələmə və başqaları rəvayət etmişlər.Daha sonra əlavə olunur:İstər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yuxarıda qeyd etdiyimiz hədislər, istərsə də burada səhabələrin buna dair hədis hökmünü daşıyan şəhadətləri bir çox məşhur İslami kitablarda və Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin orijinalının qeyd olunduğu sünən, mö’cəm və müsnədlərdə qələmə alınmışdır. O cümlədən, "Sünəni-Əbi Davud”, "Sünəni-Tirmizi”, "Sünəni-ibn Macə”, "Sünəni-ibn Ömər əd-Dani”, "Müsnədi-Əhməd”, "Müsnədi-Əbu Yə’la”, "Müsnədi-Bəzzaz”, "Səhihi-Hakim”, "Mö’cəmi-Təbrani”, "Mö’cəmi-Ruyani”, "Mö’cəmi-Dari-Qutni”, Əbu Nüeymin "Əxbarül-Məhdi”, Xətib Bağdadinin "Tarixi-Bağdad”, İbn Əsakirin "Tarixi-Dəməşq” və bir çox başqa kitablarda bu barədə mə’lumatlar verilmişdir. Bə’zi İslam alimləri bu barədə ayrıca kitablar da yazmışlar. Əbu Nüeymin "Əxbarül-Məhdi”, İbn Həcər Heytəminin "Əl-Qəvlül-muxtəsər fi-əlamatil-Məhdil muntəzər”, Şövkaninin "Ət-Tozihu fi-təvaturi ma caə fil-müntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin "Əl-Məhdi” və Əbulabbas ibn Əbdülmö’min Məğribinin "Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarını buna misal göstərmək olar. Bu barədə geniş mə’lumat vermiş sonuncu şəxs Mədinə İslam Universitetinin rektoru olmuşdur. O, universitetin buraxdığı jurnalın bir neçə sayında bu barədə ətraflı söhbət etmişdir.Bir sıra keçmiş və müasir İslam alimləri, o cümlədən Səxavi "Fəthül-məğis”, Məhəmməd ibn Səfavini "Şərhül-əqidə”, Əbülhəsən Əbri "Mənaqibüş-Şafei”, İbn Teymiyyə öz fətvalarında, Süyuti "Əl-Havi”, İdris İraqi Məğribi "Əl-Məhdi”, Şövkani "Ət-Tozihu fi-təvaturi ma caə fil-muntəzəri vəd-Dəccali vəl-Məsih”, Məhəmməd ibn Cə’fər Kətani "Nəzmül-mütənasir fil-hədisil mütəvatir” və Əbülabbas ibn Əbdülmö’min "Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarında Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin təvatür həddinə çatmasını (və danılmasının heç cür mümkün olmadığını) qeyd etmişlər.Bəyanatın sonunda deyilir: "Təkcə İbn Xəldun Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qəbul etmir və "Məhdi elə Həzrət İsa əleyhissəlamın özüdür” məzmunlu əsassız bir hədislə qeyd etdiyimiz hədislərə irad tutur. Lakin dini rəhbərlər onun bu iddiasını rədd etmiş və İbn Əbdülmö’min onun rəddinə dair ayrıca bir kitab yazmışdır. Həmin kitab otuz il bundan əvvəl bütün Şərq və Qərbdə nəşr edilmişdir. Hədis əzbərləyən və hədisyazarlar da qeyd etmişlər ki, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislər arasında həm səhih hədis, həm də həsən (yaxşı) hədislər vardır. Təbii ki, bunları da üst-üstə gəldikdə təvatür həddinə çatır. Beləliklə, Həzrət Məhdi əleyhissəlama inanmaq (hər bir müsəlmana) vacib olub həm sünni, həm də şiə məzhəbinin əqidələrindən biri hesab olunur və nadan, cahil, ya da bid’ətçi şəxsdən başqa heç kim bu məsələni dana bilməz.”(İslam hökmlər şurasının sədri Məhəmməd Müntəsəri Kənani).Oxucuların nəzərinə çatdırdığımız bu bölmə həmin kitabçanın əsas hissələrinin tərcüməsi idi.
Kitabın adı: İmam Məhdi əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi