Haqqla nahaq heç vaxt barışmaz
İmam Hüseyn (əleyhissalam) izdivacın üçüncü şərti (Bəni Haşim və Bəni Üməyyə arasında barışıq və saziş) və haqla nahaq (batil) arasındakı sülh barədə çox dəyərli və tərbiyəvi bir cümlə buyurdu ki, o bu gün Allah firqəsinin, İran İslam Respublikasında və dünyanın digər müsəlman məmləkətlərində islami hərəkatların, nahaq (batil) əleyhinə mübarizə aparanların əsas fikri istiqaməti, həyat təlimi və dəyişməz proqramı olmalıdır.
Məsələni belə bəyan etdi:
"Biz-Peyğəmbər xanədanı elə bir nəsildənik ki, Allahın rizası yolunda sizinlə (din düşmənləri ilə) vuruşur və mübarizə aparırıq, dünya və onun mənafeyi üçün heç vaxt sizinlə saziş bağlamarıq, danışıq mizləri arxasında oturmarıq, qohumluq, ailəvi yaxınlıq bu işdə kara gəlməz, bizi sülhə məcbur edə bilməz, hətta hər hansı bir səbəb, izdivac və evlənmək də.”(Mənaqib” 4-ciü cild, səh.39; "Biharul-ənvar”, 44-cü cild, səh.318)
Bu axırıncı söz Allah firqəsinin Müaviyənin və onun tərəfdarlarının, başqa sözlə, şeytan firqəsinin müqabilindəki fikri istiqamətini, əsas xəttini aydınlaşdırdı. Bundan əlavə, İmam Hüseyn (əleyhissalam) mərdlərə və böyüklərə məxsus bir iş gördü: O məclisdə Zeynəbi-Kubranın qızının kəbinini Bəni Haşim övladlarından birinə kəsdi və alçaq Yezidin ümidini həmişəlik kəsdi, öz şəxsi əmlakından olan böyük və dəyərli bir bağı bəyə və gəlinə bağışladı, onların birgə həyatını müəyyən dərəcə təmin etdi.
Mərvan və onun digər yoldaşları xəcil, şərməndə, pərt halda məclisdən çıxdılar və şəxsiyyətlərinin fərqini də gördülər.
Batil və yalnış fikri istiqaməti olanlarla heç bir adla və heç bir səbəb üzündən saziş bağlamayan, onlara dostluq və barışıq əli uzatmayan Allah firqəsinin ən bariz və mühüm xüsusiyyəti budur.
Allah firqəsinin hər bir üzvü Hüseyn (əleyhissalam) kimi düşünməlidir. Düşmən tərəfindən irəli sürülmüş təkliflərə həddən artıq diqqət yetirməli, məsələlərə şəhidlərin sərvərinin bizə öyrətdiyi kimi yanaşmalı, özünü Allah firqəsi kimi təqdim edən o Həzrətin rəhbərliyi ilə əbədi olaraq fəxr etməlidir.
Bu kitabın müqəddiməsinin sonuncu bölməsini şəhidlərin sərvərinin Allah firqəsi ilə əlaqədar atəşin bir xütbəsi ilə bitirməyimiz çox gözəl olardı.
Fədakarların sərvəri, Kərbəla inqilabının və cəsurluğunun böyük rəhbəri, bir gün Müaviyənin məclisində camaatın xahişi ilə bir xütbə oxudu, müsəlmanlar üçün həqiqətləri aydınlaşdırdı, rəhbərliyin və Allah firqəsinin şərtlərinin bir hissəsini (Müaviyə yalandan özünü o şərtlərə layiq hesab edirdi) bəyan etdi və o şərtlərdən birini Quranın həqiqətlərindən xəbərdar olmaq və onlara əməl etmək hesab elədi.
İmam Hüseyn (əleyhissalam) fəsahətli və bəlağətli xütbəsini oxuduğu zaman xalqı öz firqəsinin və rəhbərliyinin ardınca getməyə dəvət etdi. Rəhbər seçməkdə və ona itaət etməkdə müsəlmanların üzərinə düşən ağır vəzifəni başa saldı, öz sözlərini belə ifadə etdi:
"Bizik Allah hizbinin qalibləri, Allah Peyğəmbərinin pak itrəti və yaxın Əhli-beyti, bizik iki ağır və çox qiymətli əmanətdən biri Allahın kitabı olan Qurandır ki, Peyğəmbər bizi Qurandan sonra ikinci əmanət buyurmuşdur. Hər şeyin bəyanı və təfsilatı onda vardır, onda keçmişə və gələcəyə aid olan heç bir batil söz yoxdur. O elə bir kitabdır ki, onun həqiqətlərini təfsir və bəyan edərkən bizə istinad və etimad edilməlidir, onun təvilini bilmək bizə çətin deyil, Quran həqiqətlərinə əməl etməyi həmişə öz fəaliyyət proqramına çevirən bizik, elə isə (bu xüsusiyyətimizə görə) bizə itaət edin ki, bizə itaət etmək sizin hamınız üçün vacibdir. Çünki, Xudavəndi-aləm onu Özünə və Peyğəmbərinə itaət etməyə layiq hesab etmişdir”(İmamın bu xütbəsi "Səqəleyn”: "Mən sizin üçün iki ağır əmanət qoyuram; Biri Quran, digəri isə Əhli-beytimdir” hədisinə və Quranın: "Allaha itaət edin, Onun Rəsuluna və sizin ixtiyar sahiblərinizə (məsum imamlara) itaət edin” ayəsinə işarədir.)
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani