Doktor Məhəmməd Ticani Tunisi
O, "Necə hidayət oldum” kitabında yazır: "Dostum Münimlə Kərbəlaya yola düşdük. Orada Hüseynin (ə) başına gələn müsibətlər haqqında məlumat aldım və başa düşdüm ki, həzrət Hüseyn (ə) ölməmişdir. Onu yaşatmaq məqsədi ilə keçirilən əza mərasimlərində insanlar onun məzarı ətrafına toplaşıb, pərvanə tək fırlanırdılar, mənim heç bir zaman görmədiyim yanğıyla ağlayırdılar. Sanki, İmam Hüseyn (ə) bu gün şəhid edilmişdir. Orada iştirakçılara Kərbəla faciəsi haqqında məlumat verərək onları duyğulandıran natiqlər gördüm. Natiqlər insanları ağlamağa vadar edirdilər. Heç bir dinləyici bu faciəni eşidib göz yaşlarını saxlaya bilməzdi. Mən də ağladım, çox ağladım, sanki, qəm-kədər uzun illər daxilimdə yığılıb qalıb, indi isə önü açılmışdı.Ağladıqdan sonra təskinlik tapdım. O gündən öncə belə bir şey hiss etməmişdim. Sanki bugünədək Hüseyn (ə) düşmənləri sırasında olmuş, bu gün isə bir göz qırpımında dəyişmiş və o həzrətin (ə) tərəfdarları cərgəsində yer alaraq canımı fəda etmişdim. Xətibin mənim bu hissləri keçirdiyim zaman Hürr haqqında danışması çox maraq doğurdu. Hürr, İmam Hüseynlə (ə) döyüşə gələn düşmən qoşunun sərkərdələrindən olmuşdur. O, döyüş meydanında gözlənilmədən sarsıntı keçirmişdi. Döyüşçüləri ondan soruşmuşdular: "Sənə nə olub? Olmaya ölümdən qorxursan?” O: "Allaha and olsun ki, əsla ölümdən qorxmuram. Lakin behiştlə cəhənnəm arasında qaldığımı görür və hansını seçməli olduğumu düşünürəm” – deyə bildirmişdi. O, atını Hüseynə (ə) doğru yönəltmiş, onu gördükdə göz yaşı içində demişdi: "Ey Allah rəsulunun övladı! Tövbə qapısı üzümə açıqdırmı?”Bu an tab gətirə bilmədim. Ağlayaraq özümü yerə atdım. Sanki Hürrün rolunu oynayır və İmam Hüseynə (ə) deyirdim: "Ey Allah rəsulunun övladı! Tövbə qapısı üzümə açıqdırmı? Ey Peyğəmbər (s) övladı! Məni əfv et və bağışla”.Vaizin səsi dinləyicilərə elə bir təsir bağışlamışdı ki, onların səsi ərşə ucalmışdı. Mənim fəryadımı eşidən dostum, ağlaya-ağlaya məni qolları arasına alıb qucaqladı. Sanki ana öz övladını ağuşuna almış, "Ya Hüseyn! Ya Hüseyn!” deyirdi.Bu anlar elə anlar idi ki, həqiqətən, ağlamağın mənasını dərk edirdim. Göz yaşlarımın qəlbimi yuduğunu və bütün bədənimin paklandığını hiss edirdim. Bu zaman Peyğəmbərin (s) kəlamının mənasını anladım. O həzrət (s) buyurmuşdur: "Əgər siz də mənim bildiklərimi bilsəydiniz, az gülüb, çox ağlayardınız”.O günü bütünlüklə qəm-qüssə içində keçirdim. Dostum mənə təskinlik verib sakitləşdirmək məqsədi ilə şərbət və şirniyyat alıb gətirdi. Amma iştaham tamam küsmüşdü. Dostumdan İmam Hüseynin (ə) şəhadət hadisəsini bir daha danışmasını istədim. Çünki o haqda heç bir məlumatım yox idi”.
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani