Həzrət Fatimənin (Salamullahi əleyha) şəhadəti
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Fatimənin nuru, asimanlar və yer xəlq olunmamışdan qabaq yaradılmışdır.”
Həzrət Fatimə (salamullahi əleyha) bir neçə mühüm məsələdə mehvəriyyət təşkil edir. O cümlədən:
1) İmkan aləminin xilqətində; Belə ki, Allah-Taala Həzrət Peyğəmbərə xitabən buyurur:
"Ya Peyğəmbər, əgər sən olmasaydın, kainatı xəlq etməzdim; və əgər Əli olmasaydı, səni xəlq etməzdim və əgər Fatimə olmasaydı, siz ikinizi xəlq etməzdim.”
2) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Fatiməni "Ümmü-əbiha” deyə səsləyərdi, yəni "atasının anası”. Bu cümlədən məlum olur ki, əgər Fatimə olmasaydı, Peyğəmbər də olmazdı.
2) İlahi mərifətdə Həzrət Zəhra (əleya salam) mehvəriyyət təşkil edir. Fatimənin adının Fatimə soyulmasının səbəbi budur ki, heç kəsin əqli onu dərk etməyə çatmaz. Fatimənin ən kamil nümunəsi "Qədr” gecəsidir. Zəhra Allahın Qədr gecəsidir. Qədr gecəsi sirli olduğundan, Zəhra da sirli bir varlıqdır və heç kəsin əqli onu dərk etməyə çatmaz. Əgər bir kəs Qədr gecəsini dərk edə bilsə, Həzrət Zəhranın da məqam və mənzilətini dərk edər.
3). Həzrət Fatimə Allah məhəbbətində də mehvəriyyət təşkil edir. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Hər kəs Fatiməni sevsə, həqiqətən məni sevmişdir və hər kəs də məni sevsə, həqiqətən Allahı sevmişdir.”
4) Həzrət Fatimə Allahın razılığında və qəzəbində də mehvəriyyət təşkil edir.
"Həqiqətən Allah-Taala Fatimənin razı olması ilə razı olar, qəzəblənməsi ilə qəzəblənər.”
5) Həzrət Fatimə (əleyha-salam) təvəssül olunmaqda da mehvəriyyət təşkil edir. Duada oxuyuruq:
"İlahi, Səni and verirəm Fatimənin həqqinə, onun atasının, onun ərinin və onun oğlanlarının həqqinə, salavat göndər Həzrət Mühəmməd və onun Əhli-beytinə, mənim barəmdə mənim bəyəndiyim şeyləri deyil, Özün məsləhət bildiyin şeyləri rəva gör!”
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra, vilayət yolunda şəhid olan ilk şəxs Fatimeyi Zəhra əleyha-salamdır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ömrünün son ilində, "Vida Həcci”ndən qayıdanda, "Qədir Xum” adlı çöldə, 120 min hacının gözü önündə Allahın əmri ilə Həzrət Əli (əleyhis-salam)-ı özündən sonra canişin, islam ümmətinin dini və siyasi rəhbəri təyin etdi, buyurdu: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” Bu mərasim sona yetdikdən sonra, birinci Ömər, sonra Əbubəkr... Həzrət Əliyə, bu ilahi məqama təyin olunduğuna görə, təbriklər deyərək, Həzrət Əlinin onlara rəhbər olması ilə iftixar etdilər. Amma... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in cənazəsinə qüsl verilən anda, artıq 4 nəfərdən ibarət bir dəstə Əbubəkri o Həzrətin yerinə xilafətə təyin etdilər. Bəs Peyğəmbərin vəsiyyəti? Ona baxan kim idi! Əsas məsələ hakimiyyəti ələ keçirmək idi! Əbubəkrin atası eşidəndə ki, oğlunu xilafətə seçiblər, təəccüblə soruşdu:–Bəs Peyğəmbərin vəsiyyətinə nə üçün əməl olunmadı və Əli ilə beyət edilmədi? Cavab verdilər ki, Əli çox cavandır, Əbubəkr isə yaşlıdır, təcrübəlidir. Əbubəkrin atası dedi: –Əgər yaşlılıq əsas götürülürsə, onda mən bu vəzifəyə oğlumdan daha artıq layiqəm! (Və ömrünün sonuna kimi oğluna beyət etmədi)...Beləliklə, haqqın tapdalanmasının ilk əsər-əlamətləri aşkar olmağa başladı. Həzrət Əli (əleyhis-salam) dəfələrlə Peyğəmbərin Qədir Xumdakı vəsiyyətini xatırlatmaq, camaatı ayıltmaq istəyirdi, amma onlar elə dərin qəflət yuxusuna getmişdilər ki, onun sözünü təsdiqləyən yalnız 2-3 nəfər oldu, üstəlik 25 il səbr edəndən sonra camaatın israrı ilə xilafətə gələndə, Ayişənin əmri ilə yüz minlərlə adam onun qanını tökməyə can atırdı. (Cəməl vuruşunda) Sonra Əbubəkr xilafət kürsüsündə yerini bərkitmək üçün beyət etmək istəməyənlərdən zorla beyət almaq qərarına gəldi. Bu işə etiraz əlaməti olaraq başda Həzrət Əli olmaqla bir neçə nəfər Həzrət Fatimənin evinə yığışdılar. Lakin... Əbubəkrin göndərdiyi məmurlar onları zorla çıxarıb beyətə aparmaq istədilər. Ömər qapı arxasında dayanıb kobud səslə Fatimə əleyha-salamı hədələdi: Qapını açmasan yandıraram! Halbuki, Qurani Kərimin hökmünə görə, icazə verilmədən Peyğəmbərin evinə girmək olmaz, necə ki, "Əhzab” surəsinin 53-cü ayəsində buyurur: "Ey iman gətirənlər, sizlərə icazə verilməyincə, Peyğəmbərin evlərinə daxil olmayın!” Deməli icazə olmadan Peyğəmbərin evinə girənlər Allah kəlamına belə, əsla əhəmiyyət vermirlər, öz məqsədlərini həyata keçirmək yolunda hər bir alçaq hərəkətlərə əl atırlar. Dedilər ki, axı içəridə Fatimə var! "Hətta Fatimə də olsa!”-deyə cavab verdi, sonra Qonfizə əmr etdi ki, qapını yandırsın.
Ravi deyir: Mən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in evinin yanından keçirdim, gördüm evdən tüstü qalxır. Çox təəccübləndim, axı ərəblərdə bir qayda var ki, birinin əzizi öləndə, 40 gün orada xörək bişirməzlər. Öz-özümə fikirləşdim ki, axı Fatimə atasına qarşı bu qədər hörmətsizlik etməz, yəqin başqa bir iş var. Yaxına gedəndə gördüm ki... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qapısından alov qalxır. Rəvayətdə var ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qızı Fatimə (əleyha-salam)-ın qapısını yandıran məlun Kərbəlada da xeymələri yandırmışdı. Sonra Ömər qapıya həmlə edib onu açmaq istədi. Həzrət Fatimə (əleyha-salam) "bəlkə məndən həya edib içəri soxulmaz”–deyə qapının arxasına gəldi, amma kaş gəlməyəydi! Ömər yanan qapını elə şiddətlə Zəhrayi-Əthər (əleyha-salam)-ın qabırğasına çırpdı ki, qapıdakı mismar qabırğasını deşdi, 4 aylıq uşağı siqt oldu. Həzrət Əli Peyğəmbərin Mədinəyə hicrətindən sonra onun ailəsini Mədinəyə gətirəndə, Qüreyş kafirlərindən biri Peyğəmbərin qızı Zeynəbin mindiyi dəvəni hürkütdü, Zeynəb qorxdu və bətnindəki uşaq siqt oldu, Peyğəmbər də o uşağın qatilinin qanını halal etdi. Əgər Peyğəmbər sağ olsaydı, Fatimə əleyha-salamın 4 aylıq uşağının qatilinin də qanını halal edərdi. Şair deyir:
Mismar aman vermədi, Zəhra gec ölərdi
Dəldi sinəsin ox kimi mismar, öz evində
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) mütəvatir hədislərə əsasən, Fatimeyi Zəhra barəsində buyurmuşdur "Fatimə hər iki dünyanın xanımıdır, seyyidəsidir.”
Dünya və axirətdə yeganə xanım olan bir qadının şəhadətinə səbəb olan şəxs də dünya və axirətdə ən alçaq, ən bədbəxt və cəhənnəm oduna ən layiqli adamdır.
Quran "Əhzab” surəsinin 57-ci ayəsində buyurur:
"Həqiqətən Allaha, Onun Rəsuluna əziyyət verənləri, Allah bu dünyada və axirətdə lənətləmiş, onlar üçün dərdli əzab hazırlamışdır.”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də buyurur:
"Fatimə mənim canımın bir parəsidir, hər kəs onu incitsə, məni incitmişdir.”
Ömərlə Əbubəkr Fatimə əleyha-salamı incitdilər, deməli, Peyğəmbəri incitmişlər, (özü də bu məsələni sünnülərin ən böyük hədisyazanı mərhum Buxari özünün "Səhihi-Buxari” kitabında, Müslüm isə özünün "Səhihi Müslüm” kitabında yazırlar ki, Fatimə Əbubəkr və Ömərdən qəzəbli halda dünyadan getdi.) Peyğəmbəri incidənlər isə...
Fatimə əleyha-salamı incitdilər, halbuki Allah-Taala bu ailəni, bu sülaləni hər hansı eybdən, nöqsandan, xətadan pak etmişdir ki, insanlar onları özləri üçün örnək, nümunə seçərək düz yoldan azmasınlar, inhirafa yuvarlanmasınlar. Belə ki, Quranın "Əhzab” surəsinin 33-cü ayəsində Allah-Taala buyurur:
"Allahın iradəsi, istəyi yalnız bu olmuşdur ki, siz Əhli Beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb sizi pak etsin.”
İmam Şafeyi necə də gözəl demişdir (bu şer "Əs-səvaiqul-muhriqə və sair kitablarda qeyd olunmuşdur):
Ey Peyğəmbər xanədanı! Sizə məhəbbət göstərmək
Allahın nazil etdiyi Quranda vacib olmuşdur.
Sizin əzəmət və cəlalınız üçün bu kifayətdir:
Hər kəs (namazda) sizə salavat göndərməsə, namazı batildir.
Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu ayə nazil olduqdan sonra, 6 ay müddətində hər gün sübh çağı Həzrət Əli və Fatimənin evinin qapısına gələr, salam verib buyurardı: "Əs-salamu əleykum ya Əhləl-beyt”, sonra isə yuxarıda qeyd olunan ayəni tilavət edərdi ki, bəziləri sonradan bu ayənin başqaları barəsində nazil olduğunu iddia etməsinlər.
...Beləliklə, Həzrət Fatimə əleyha-salam 18 yaşında ikən, "xəlifənin” vasitəsi ilə, günahsız olaraq, zülm və haqqın tapdalanması əleyhinə qiyam etdiyinə görə, şəhadətə yetirildi və bununla da Peyğəmbər Əhli-Beytinə qarşı amansız düşmənçiliklərin əsası qoyuldu. Yenə də Quranın hökmlərinə qarşı çıxdılar, çünki, Allah-Taala Quranda Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-ə buyurur:
"Ey Peyğəmbər xalqa de: mən sizdən, bu risalətin müqabilində (sizi hidayət etdiyim üçün) Əhli-beytimə ən yaxın adamlarıma aşkar məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”
Peyğəmbərin 23 il müddətində çəkdiyi əzab-əziyyətlərin haqqını onun Əhli Beytinin qanına susamaqla verdilər.
Allah-Taala Öz bəndələrinə verdiyi sonsuz nemətlərin müqabilində onlara heç bir minnət qoymamışdır, yalnız bir işdə–nübüvvət məsələsində minnət qoymuşdur. Belə ki, "Ali İmran” surəsinin 164-cü ayəsində buyurur: "Allah möminlərə, onların özlərindən olan bir peyğəmbər göndərdiyi zaman onlara minnət qoydu.” Deməli, risalət və nübüvvətin dəyəri o qədər böyük və mühümdür ki, Allah bu barədə minnət qoyur. İndi görək risalətin əvəzində Allah-Taala bizdən nə istəmişdir. Yenə də Qurani Kərimə müraciət etsək, görərik ki, Peyğəmbər bu əzəmətdə ilahi risaləti yerinə yetirməkdə (Allahın əmri ilə) onun Əhli-beytinə qəlbən məhəbbət bəsləməkdən başqa bir şey istəməmişdir:
"(Ya Peyğəmbərimiz, müsəlmanlara) De ki, mən bu risalətim üçün sizdən, ən yaxın adamlarıma–Əhli-beytimə məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm.”
Amma nə fayda, məqampərəstlik, cəhalət, qəflət və nadanlıq insanları heyvandan da alçaq dərəcələrə aparıb çıxarır. ”Və ati zəl-qürba həqqəh” (Ya Peyğəmbər, öz yaxın adamlarının haqqını (beytül-maldan) ver” ayəsi nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Fatimə əleyha-salamı çağırıb "Fədək” adlı yeri ona verdi. Amma Əbubəkr xilafəti qəsb edədən sonra, Ömərin təhriki ilə oranı zorla zəbt etdi.
Ayişə deyir: "Atam Əbu Bəkr Peyğəmbərin mirasından Fatiməyə heç nə vermədi və ondan qalanların hamısını müsadirə edib beytül-mala qatdı. Fatimə də Əbu Bəkrdən incidi, Peyğəmbərdən altı ay sonra vəfat etdi və ömrünün axırına qədər onunla danışmadı. Əli onun vəsiyyətinə əsasən, Əbu Bəkrə xəbər vermədən gecə dəfn etdi və təklikdə ona cənazə namazı qıldı.”
Həzrət Zəhra (əleyha salam)-ın öz vəsiyyətinə əsasən gecə ikən dəfn olunması hadisəsini "Səhihi-Buxari”nin şərhçiləri, habelə Qəstəlani "İrşad” kitabında, Ənsari "Töhfə kitabında nəql etmişlər.
***
Sonra Fatimeyi Zəhra buyurdu: "Məgər Allah sizi bir ayə ilə məxsus etmişdir ki, mənim atamı həmin ayədən xaric etmiş olsun? Yoxsa güman edirsiniz ki, siz Quranın ümumi və xüsusi ayələrinə mənim atamdan və əmioğlumdan daha artıq agahsınız?! Və ya deyirsiniz ki, biz iki başqa-başqa din ardıcıllarıyıq və ona görə də irs aparmırıq?!”
Əziz oxucular, diqqət edib görün ki, Fatimeyi Zəhra peyğəmbərlərin irs aparmasını isbat etmək üçün, hər şeydən əvvəl, Həzrət Davud və Zəkəriyyanın dediklərinə istinad edir. Belə ki, bu ayələrdə onların övladları üçün irs qoyub getməsi açıq-aşkar şəkildə bəyan olunmuşdur.
Qəti və inkarolunmaz bir məsələdir ki, Fatimeyi Zəhra Quranın hökmlərinə, İslamı onun nazil olmasından sonra qəbul edənlərdən daha artıq agah idi. Amma həmin şəxslər bu ayələrdəki irsi mal-dövlət mənasına deyil, kitab və nübüvvət mənasına yozdular, heç bir dəlil-sübut olmadan sözün məcazi mənasını həqiqi mənasından irəli keçirtdilər. Halbuki, insanın hər hansı sözdən ilk növbədə düşündüyü məna–məhz onun həqiqi mənasıdır.
Əgər onların yozduqları bu cür yozumlar düzgün olsaydı, onda Əbu Bəkr, onun ətrafında olan mühacir, ənsar və sairləri Peyğəmbərin qızı ilə mübahisəyə qalxmalı idilər. Amma onlar Peyğəmbərin qızının gətirdiyi dəlillər qarşısında etiraz edib, irad tuta bilmədilər.
Həzrət Fatimeyi-Zəhra ilə onun ətrafında olanlar tərəfindən irəli sürülən mübahisəli məsələlərdən biri də bu idi ki, Həzrət Fatimə soruşdu: Ey Əbu Bəkr! Əgər bu gün sən ölsən, irsin kimə çatacaqdır?
Əbu Bəkr dedi: Övladlarıma və ailəmə.
Həzrət buyurdu: Onda nə üçün sən Peyğəmbərin varisi olmusan və o Həzrətin övladları və ailəsi ondan irs aparmamalıdırlar?!
Əbu Bəkr dedi: Ey Peyğəmbərin qızı! Bu iş məndən baş verməmişdir.
Həzrət buyurdu: Yox, elə sənin işindir! Sən Peyğəmbərin şəxsi mülkü olan və Allah tərəfindən bizə əta olunan Fədəki bizdən zorla almısan.
Bu hədisi İbni Əbil Hədid mötəbər sənədlər əsasında (Əbu Bəkr Covhəridən nəqlən) Əmirəl-möminin Əli (əleyhissalam)ın bacısı Ümmü Haninin qulamından nəql etmişdir.
***
Bu yer bir neçə əsr şəcəreyi-xəbisə olan Bəni üməyyənin övladlarının əlində əldən-ələ ötürüldü. Yəhudi sifətlərə hörmət edir, əşrəfi-məxluqatı isə öz qanuni haqqından məhrum edir. Sünni və şiələrin mütəvatir hədislərinə görə, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qızı Fatimə əleyha-salam və 12 İmamdan ibarətdir. Tarixə baxsanız, görərsiniz ki, bu pak insanların hamısına qarşı Quranın buyurduğu məhəbbət yerinə, ədavət bəsləyiblər. Hətta ingilislərin 19-cu əsrdə icad etdikləri vəhhabilik firqəsi Əhli-beytə məhəbbət bəsləməyi küfr və şirk hesab edirlər. Bunun müqabilində isə, Əhli-beyt düşmənlərini, o cümlədən, məlun Müaviyə və Yezidi haqq xəlifə kimi tanıtdırır. Tarix boyu Əhli-beytə (əleyhis-salam) rəva görülən zülmü yazmaqla qurtarmaz, lakin hər bir haqq axtaran müsəlman haqq onun üçün aydın olduqdan sonra haqqın tərəfini saxlamalı, qəflətdə olanları ayıltmalıdır, əks halda, "Bəqərə surəsinin 159-cu ayəsi onun halına şamil olar: "Həqiqətən Bizim nazil etdiklərimizi–aydın dəlillər və hidayəti, biz onları camaat üçün bəyan etdikdən sonra gizlədənlərə Allah və bütün lənət edənlər lənət edir.”
Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı