Qəhrəmanlıq və təvazökarlıq
Dəmir iradə, polad əsəblər sahibi olan adamlara ən böyük hadisələr ən kiçik təsir belə göstərmir, həmişə hadisələr qarşısında dağ kimi möhkəmdirlər. Onlardan yumşaqlıq, mülayimlik və çox təvazökarlıq gözləmək olmaz.
Ancaq çox az insanlar vardır ki, bu iki şeyə–qəhrəmanlığa və təvazökarlığa birgə malik olsunlar. Adi və sadə adamlar bu səhnənin qəhrəmanı deyildirlər ki, hər iki meydanda qələbə qazansınlar, xüsusən qüdrət və qüvvət onların ictimai məqamları ilə birləşdikdə.
Amma şəhidlərin sərvəri Hüseyn (əleyhissalam) özünün bütün böyüklüyü, əzəməti və qüdrəti ilə bəzən təvazökarlıqda, yoxsullarla, çarəsizlərlə mehribanlıqda o yerə çatdı ki, peyğəmbərlər zümrəsində və əxlaq mürəbbiləri arasında ona bənzərini az tapmaq olar.
Hüseyn ibni Əli (əleyhissalam) bir gün yoxsulların bir dəstəsinin yanından keçirdi. Süfrənin qırağında bir neçə dərviş oturmuşdu, tapdıqları çörək qırıntılarını yeyirdilər.
Hüseyn (əleyhissalam) onlara salam verdi; onlar da cavab verdilər. O Həzrəti öz süfrələrinə, çörək yeməyə dəvət etdilər. Əziz Hüseyn (əleyhissalam) dərvişlərin süfrəsi qırağında oturdu. Onların yeməyindən bir loğma götürüb, yedi, bu kəramətli ayəni təlavət edərək təkəbbürlülərin burnunu torpağa sürtdü:
"Allah təkbbürlüləri sevməz.”("Ən-nəhl”, surəsi, 23.)
Sonra onların hamısını öz evinə dəvət etdi, onlara ləzzətli yeməklər yedirtdi, hər birinə təzə libas bağışladı və getmələrinə icazə verdi.("Nurüs-səqəleyn” təfsiri, 3-cü cild, səh.47; "Mənaqib”, 4-cü cild, səh.66.)
Bu təvazökarlıq, kasıbları sevmək, zəiflərə nəvaziş, səmimiyyət və insansevərlik heç də əvvəlcədən hazırlanmış bir plan deyildi, yalnız məhrum bir təbəqəyə sevinc bəxş etmək məqsədi daşıyırdı. O, istəmirdi ki, adamlar onun təvazökarlığından danışsınlar və bunu günün mühüm xəbərləri sırasına çıxarsınlar. Fatimeyi-Zəhra (əleyha salam)-ın oğlu bu cür rəftarı və insansevərliyi böyük saymaqdan daha böyük idi, əyri-əskiyi də yox idi ki, bu yolla onu aradan qaldırsın. Riyakarlıq da onun müqəddəs təbiətində yox idi. Bu, bəlkə də əxlaq dərsi idi ki, cahan rəhbərlərinə öyrətdi, təlim idi ki, öz dostlarına və davamçılarına verdi və bununla da xudpəsəndlərin başına, sinfi zülmkarların və qəsdçilərin nizamına bir zərbə vurdu. "Mənaqib” kitabının müəllifi bu əhvalatı kiçik bir fərqlə nəql etmişdir, amma əsl mətləb bu bəyan olunan şəkildədir.
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani