Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və övlad sahibi olmağa meyl göstərir. Bəşər tarixinin mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə nə Əflatunun, nə də Marksist məktəbin səy`ləri bir nəticə verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi qəbilələrdə belə ailə qurumu mövcuddur. Bəşər tarixini açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə gəlmişlər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə təşkili kimi əhəmiyyətli qayda-qanun olmamışdır. İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd bəşər nəslinin davamıdır.
Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin xidmətinə sövq etsin. Kişilər təbiət e`tibarı ilə qadının, qadınlar isə təbiət e`tibarı ilə körpələrin və insan nəslinin xidmətçisidir. Alim öz sözünə belə davam edir: "İzdivac bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və davamında ata, ana və övlad arasında mövcud olan bir bağlılıqdır."
Qadın və kişi elə bir formada yaradılmışdır ki, onlardan heç biri o biri olmadan səadətə çatıb ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz iste`dadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa sözlə, qadın və kişinin bə`zi iste`dadları yalnız ailə qurduqdan sonra yetərli həddə çatır.
İzdivacdan boyun qaçırıb, bu ilahi sünnəyə əməl etməyənlərin vücudunda bir növ xamlıq qalır və vücudlarının bə`zi yönümləri çiçəklənmir.
Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə bir-birinin xidmətində durur, hər biri özünü digərinin asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə zövcələr övladlarının inkişaf və rifahı üçün çalışır və bu yolla "yalnız özü üçün sə`y göstərmək və özündən başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir qədər azad olurlar. Onların ruhi duyumları və xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir. İnsanın inkişaf və kamilliyi üçün ilkin şərt eqoistlik və xudbinlikdən uzaqlaşmaqdır. Övladla bağlı duyumlar eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur.
İnsanın bir çox ehtiyacları ailədə tə`min olunur: həyat ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac, övlad ehtiyacı və s.
Qur`ani-kərim nəzərindən ailə rabitəsinin əsası
Qurani-kərim sevgi və mərhəməti ailə rabitəsinin əsası sayır. Bu bağlılıq şəhvət və maddi təmənna bağlılığından üstün və ucadır. Quran tə`birincə: "Sizin üçün öz növünüzdən zövcələr yaratdıq ki, onlarla aramlıq tapasınız və aranızda sevgi və mərhəmət qərar verdik." Sevgi və mərhəmət üzərində qurulmuş rabitənin yalnız ər-arvad və övlad üçün yox, bütün cəmiyyət üçün çox xeyirli və bərəkətli tə`sirləri var.«»
Ailə təməli tənəzzülə mə`ruz qalmış cəmiyyətin aqibəti qaranlıqdır. Belə bir cəmiyyət gec ya tez dağılasıdır.
Deyilənləri nəzərə almaqla ailə təməlinin möhkəmliyinin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.
Ailə təşkilində ilk addım
Ailə təşkilində ilk mərhələ düzgün niyyət və məqsədlə addım atmaqdır. Bu məsələni əhəmiyyətli edən agah və düşüncəli dünyada yaşamağımız və həqiqi niyyətlərimizə, məqsədlərimizə cavab verilməsidir
Mövləvinin tə`birincə:
Əməlimiz nida, dünyamız bir dağ,
dağdan dönən bizi etmədə soraq.
Əgər niyyət və məqsədimiz düzgün olsa, həyat ağacımız bar-bəhrəli olar, yaxşı səmərə verər. Bə`zən bir niyyətin tə`sirləri o qədər xeyirli və bərəkətli olur ki, insanın həyatında əhəmiyyətli iz qoyur. Ailə qurmaq da böyük və taleyüklü addım olduğundan öncədən düzgün niyyət və məqsəd üzərində qurulduqda zövcələrin xoşbəxtliyinə tə`sir göstərir. Bu səbəbdən də müqəddəs ailə təməli qoymaq istəyən qadın və kişi öncədən sədaqət, paklıq, Allahın razılığı yolunu seçməli, qərara gəlməlidirlər ki, öz ilahi bağlılıqlarında və ailə həyatının bütün mərhələrində Allahın razılığından savay umacaqları olmayacaq. Bu halda qurulmuş ailə ilahi rəhmət və bərəkətdən bəhrələnəcək, Allah və`d etdiyi sevgi və mərhəməti bu ailəyə nəsib edəcək. İlahi sevgi və mərhəmətin ilkin əlamətləri paklıq və fəzilət dolu ailədə zövcələrin aramlıq tapması, onların həyat iztirablarından amanda qalmalarıdır.
Ardı var...
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Müəllif: Məhəmməd Əli Sadat