Sual 31-40
Sual 31: Lənət oxumaq (nifrin etmək) olar, yoxsa yox?
Cavab: Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: "Zalımlara Allahın lənəti olsun”; " Allah kafirlərə lənət etmişdir” "Onların əhdi pozanlarını lənətlədik” ; "Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya və axirətdə lənətləmişdir.”
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lənət oxuması barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan ayıranları, qadın paltarı geyən kişiləri lənətləmişdir. İslam dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir.
Amma daha mühüm bir sual doğur: Kimlər lənətlənməli, kimə nifrin oxunmalıdır? İstər Quran ayələrindən, istər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, lənət böyük və ictimai günahlara aiddir. Amma cəmiyyət üçün təsirsiz olan olan günahlara görə lənət oxumaq qadağan olunur.
Sual 32: Şiəliyə sübut varmı?
Cavab: Şiəlik əqidəsinin sübutu üçün həm ə qli, həm də nəqli dəlillər kifayət qədərdir.
Əqli dəlil: Əgər bir qrup ləyaqətli insan dövlət idarəçiliyini öz üzərinə götürməsə, cəmiyyət qısa bir vaxtda problemlər girdabına yuvarlanar. İslam dini də öz həyatını davam etdirmək üçün ləyaqətli aparıcılara ehtiyaclıdır. Həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra dinin qorunması üçün xalqa imam təyin olunması labüddür. Din alimləri nə qədən saleh və təqvalı olsalar da, məsum deyillər. Əgər Allah tərəfindən təyin olunmuş məsum imamlar olmazdısa, həqiqi İslamı qorumaq mümkünsüz olardı. Alimlər bilməyərəkdən də olsa, səhvlərə yol verdiklərindən bir bu qədər məzhəb yaranmışdır. Peyğəmbərin (s) gətirdiyi dini yalnız məsum imamlar olduğu şəkildə davam etdirə bilir.
Nəqli dəlil: Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir sıra rəvayətlərdə ilahi canişinlər haqqında danışılır. İstər şiə, istər sünni mənbələrində belə bir hədis nəql olunur: "İmamlar on iki nəfdir və onların hər biri Qüreyşdəndir.” Məşhur bir rəvayətdə həzrət Peyğəmbər (s) Cabir Ənsariyə buyurur ki, imamlar on iki nəfərdir.
Sual 33: Bəziləri dəyərli dini əsərlər müəllifi olan doktor Şəriətini İslam dinini qılınclayan Mirzə Fətəli Axundova bənzətmişlər. Guya onların hər ikisi islami protestantlıq ideyasını müdafiə etmişdir. Bu həqiqətdirmi?
Cavab: Protestantlıq xristianlığın üç məzhəbindən biridir və özünə qədər olan dini ayinləri kobudcasına rədd edir. "Protestantlıq” "yeniçilik”, "geriyə qayıdış”, "keçmişin inkarı” mənalarında da işlədilir.
Mirzə Fətəli Axundov yazır: "Protestantlıq Allahın haqlarını, bəndəlik vəzifələrini tam aradan götürən, yalnız insan haqlarını tanıyan bir məzhəbdir”. Bəli, bu şəxs islami protestantlıq dedikdə, dinin ictimai həyatdan kənarlaşdırılmasını nəzərdə tutur.
Doktor Əli Şəriəti isə islami protestantlıq dedikdə həqiqi İslama qayıdışı nəzərdə tutur. Axundovun tam əksinə olaraq, Doktor Şəriəti dini, qatqılardan təmizləmək, ona əvvəlki həyatını qaytarmaq uğrunda mübarizə aparır. Şəriətinin nəzərincə İslamı durğunluqdan qurtarıb, onun zamanın tələblərinə cavab verəcək hökmlərini üzə çıxaracaq əsas iş "ictihad”, yəni İslama vaqif amillərin aktual hökmləridir.
Sual 34: Cinlər necə mövcudlardır?
Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri "Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər oddan xəlq olunub.
2. Cinlər insandan əvvəl xəlq olunub.
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.
4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.
6. Cinlər də ölür.
7. Cinlər sürətlə hərəkət edir.
8. İnsan cini özünə tabe edə bilər.
9. Mömin cinlər İslam Peyğəmbərinə (s) və imamlara xidmət edir.
10. Bir çox cinlər İslam Peyğəmbərinə (s) iman gətirmişlər.
Sual 35: Freyd Allahı real varlıq yox, insanın daxili ehtiyacı kimi qəbul edir. Ona necə cavab verilməlidir?
Cavab: Məşhur Avstriya psixoloqu Ziqmund Freyd (1856-1939) Allaha etiqadın insandakı qorxudan yarandığını bildirir. Belə bir baxışın kökləri çox qədimdir. Məsələn, Lukretsinin şerlərində oxşar fikirlərlə rastlaşırıq.
Əvvəla, Allaha inamın qorxu səbəbindən yaranması sübuta yetirilməmiş bir ehtimaldır. Ümumiyyətlə, qorxu iki səbəbdən yaradır: məlumatsızlıq və zəiflik. Freydin deməyindən belə çıxır ki, insan kifayət qədər məlumatlanıb güclənməklə qorxudan uzaqlaşsa, Allaha inam da puça çıxacaq. Belə ki, qorxaqlar Allaha inanmalı, qorxmayanlar isə inanmamalıdırlar. Səthi müşahidələr belə bir müddəanı rədd edir.
Zəif bir nöqtə də var. Tutaq ki, kimlərsə Allaha qorxu səbəbindən inanır. Məgər bu münasibət Allahın varlığını inkar edirmi?! Əgər bir alim şöhrət qazanmaq üçün elmi ixtira edirsə, onun ixtirası faydalı ola bilməzmi?!
Tarix şahiddir ki, peyğəmbərlər ən şücaətli insanlar olmuşlar. Əksinə, elə bu gün də saysız-hesabsız qorxaq insanlar Allahın varlığına inanmırlar.
Sual 36: Allahın birliyinə sübut varmı?
Cavab: Tövhidin bütün dəlillərini sadalamaq üçün hazırda imkan olmadığından yalnız bir dəlili xatırlamaqla kifayətlənəcəyik. Bu dəlili anlamaq üçün iki nöqtəyə diqqətli olmaq lazım gəlir:
−Hər bir yaranışa səbəb olmalıdır.
−Kainat vahid nizamlı quruluşa malikdir. Bu iki nöqtəni nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, keçmiş, hazırkı və gələcək hadisələrin toplumuna şamil olan nizam bir yaradıcı tərəfindən qurulmuşdur. Əgər ikinci bir yaradıcı olsaydı, yaranmışlar arasında əlaqə olmaz, onlar vahid nizama itaət etməzdilər.
Sual 37: Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?
Cavab: Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan "yəqin” məqamına qaldırar.
İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir.
Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri "skeltik” adıyla tanınır.
Mənfi şəkk qəlb və dilin Allahı inkar etməsinə gətirir.
Quranda beş növ zənn və gümandan danışılır: həqiqətə zidd zənn; həqiqətə uyğun zənn; günah zənn; həqiqəti aça bilməyən zənn; məhkum edilmiş zənn. Nəfs istəklərindən doğan zənn heç bir dəlillə kifayətlənmir və insanı cəhalətə aparır.
Sual 38: Müsəlmanla mömin arasında nə kimi fərq var?
Cavab: Quran buyurur: "Allah İbrahimə "Rəbbinə təslim ol” buyurduqda, İbrahim "aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi. Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
"Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: "Bədəvilər "biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz "Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır.
İmam Sadiq (ə) buyurur: "Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.
Sual 39: İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?
Cavab: Həzrət Əli (ə) buyurmuşdur: "Möminin inamı və kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”
Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar "münafiq” adlandırılmışdır. Bununla belə, Quranda münafiqlərin xüsusiyyətləri açıqlanır:
−biganələrlə dostluq;
−dini hakimiyyətlə düşmənçilik;
−möminlərin təhqiri;
−araqarışdırma;
−günahı yaxşıya yozma;
−xudpəsəndlik;
−qorxaqlıq;
−süstlük;
−həvəsbazlıq;
−yalan və riya;
−ətrafdakıları şübhəyə salmaq;
−insanları azdırmaq;
−istehza və möminlərdə eyb axtarmaq;
Kafirlərin xüsusiyyətləri:
−dinin məhvi üçün kapital qoymaq;
−Allahın ayələrinə istehza;
−həvəsbazlıq;
−ağılın səsini boğmaq;
−Möminlərin xüsusiyyətləri:
−Allaha təvəkkül;
−Allah qorxusu;
−dini dəyərlərin qorunması;
−iffət;
−namazda mütilik;
−mənasız işlərdən çəkinmək;
insanları yaxşı işlərə dəvət etmək və pisdən çəkindirmək;
başqalarının maddi ehtiyaclarının təmini;
din qardaşlarına kömək;
təvazökarlıq;
kafirlərdən uzaqlıq;
əhdə vəfa;
İmam Sadiq (ə) möminlərə aid səkkiz xüsusiyyət sadalayır:
1. Çətinlik zamanı aramlıq.
2. Dünya acılıqları önündə dözüm.
3. Ruzi və asayişə görə şükr.
4. Allahın verdiyi ruzidən razılıq.
5. Düşmənə təcavüz etməmək.
6. Yükünü dostun çiyninə qoymamaq, dostun günah yükünü götürməmək.
7. Allaha itaət və xalqa xidmət üçün canını əziyyətə salmaq.
8. Xalqın asayişini pozmamaq.
Sual 40: Kamil imana çatmağın yolu nədir?
Cavab: İmam Sadiq (ə) buyurur: "Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur…
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra məlum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşayan Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan