Cavab: Şiə fiqhində belə bir rəvayət var ki, tövhid və həzrət Məhəmmədin (s) risalətinə şəhadət veriləndə həzrət Əlinin (ə) vilayətinə (imamlığına) də şəhadət verilsin. Rəvayətlərdən məlum olur ki, əvvəlki iki şəhadət üçüncüdən ayrı deyil və bu şəhadətlər arasında bağlılıq var. Azan və iqamə haqqındakı rəvayətlərdə bunun təkid olunmaması, zahirən, onun qeyri-zəruriliyi ilə yox, hansısa bir maneə ilə bağlıdır. Bütün bunlara baxmayaraq, imamət və vilayətə şəhadət şiələrin əsas şüarlarındandır və on iki imamçı şiələr lap qədimdən bu şüarla tanınmışlar.
"Tövzihil-məsail” risaləsində buyurulduğu kimi, həzrət Əlinin (ə) vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyil. Biz şiələr bu şəhadəti vacib hesab etməklə deyil, təbərrük məqsədi ilə deyirik. Əlinin (ə) vilayətinə şəhadət verməyimizin mənası budur ki, Məhəmməd (s) Allah tərəfindən peyğəmbər seçildiyi kimi, Əli (ə) də Allah tərəfindən imam seçilmişdir.
Amma sünnə əhli vilayət və imamət inancına müxalif olub, Əlinin (ə) imamətini təsdiq edəcək sözləri dilə gətirmirlər. Çoxlarına hətta başqa mənalar bildirən "əli” kəlməsini işlətmək ağır gəlir. Şiələr Quran tilavətini başa çatdırdıqda "sədəqəllahul-əliyyul-əzim” deyirlər. "Bəqərə” surəsinin 255-ci ayəsindəki "huvəl-əliyyul-əzim” – "Odur ən uca və böyük varlıq” ifadəsində "əliy” Allahın ucalıq sifətini bildirir və həzrət Əli (ə) ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, "əli” sözündən çəkinərək sünnilər hətta Quran tilavətindən sonra "sədəqəllahul-əzim” deyirlər.
Məscidün-Nəbidə azan
"Məscidün-nəbi” Mədinə şəhərindəki Peyğəmbər (s) məscididir. Bu məsciddə böyük şiə alimlərindən biri, sünnə əhli camaat namazını başa vurduqdan sonra azançıya şiələr kimi azan verməsini buyurur. Bu vaxt bir qrup şiə də həmin alimin arxasında namaz üçün dayanır. Azançı "əşhədu ənnə əmirəlmömininə əliyyən vəliyyullah” dedikdə məscid məmurları onu tutub aparmaq istəyirlər. Alim bu işə mane olub, azançının günahkar olmadığını bildirir və məscidin böyüklərini tələb edir. Məscidin böyükləri gəldikdə şiə alimi deyir: "Biz şiələrin müstəqil fiqhi (şəriət qanunları) var və öz qanunlarımıza əməl edirik. Bizim fiqhimizə görə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdikdən sonra təbərrük olaraq həzrət Əlinin (ə) imamətinə də şəhadət verə bilərik. Biz öz fiqhimizə əməl edirik. Siz də bunun əvəzinə Əbubəkr və Ömərin haqqına şəhadət verin!” Məmurlar şiə aliminin bu sözlərini təbəssümlə qarşılayıb, ondan uzaqlaşırlar.
Bir mübahisə
Məscidün-nəbidə bir misirli sünni mənə dedi: "Siz şiələr "əliyyən vəliyyullah” deyirsiniz. Məgər Allahın vəliyə (imama, rəhbərə) ehtiyacı var?” Cavabında dedim: "Siz "Muhəmmədən rəsulullah” demirsinizmi?” Bildirdi ki, deyirik. Dedim ki, məgər Allahın rəsula (elçiyə) ehtiyacı var? Dedi: "Biz o mənada deyirik ki, Məhəmmədin (s) Allah tərəfindən risaləti var.” Dedim: "Əliyyən vəliyyullah”-ın da mənası budur ki, Əlinin (ə) Allah tərəfindən imaməti var və sizin də kitablarda buna oxşar sözlərlə qarşılaşırıq. Məsələn, Buxarinin "Səhih”ində bildirilir ki, Ömər "mən Əbu-Bəkrin vəlisiyəm” demişdir.("Səhihe Buxari”, xüms kitabı, s. 513) Məlumdur ki, ölünün vəliyə ehtiyacı yoxdur. Ömər demək istəmişdir ki, o Əbu-Bəkr tərəfindən vəli, yəni rəhbər təyin olunmuşdur. Bunu da qeyd edək ki, Əbu-Bəkr və Ömərin xalqa rəhbər təyin etmək səlahiyyəti yox idi. Əbu-Bəkr hansı ixtiyarla xalqa vəli seçməli idi?
Şiələrin əqidəsinə görə, Əli (ə) Allah tərəfindən Peyğəmbərin (s) vasitəsi ilə imamət və rəhbərliyə təyin olunmuşdur. Əslində sünnilər Öməri Peyğəmbərin yox, Əbu-Bəkrin xəlifəsi kimi tanımalı və "şəhadət verirəm ki, Ömər Əbu-Bəkrin vəlisidir” deməlidirlər. Əgər belə demirsinizsə, (sünniyə müraciətlə dedim) Ömərin rəhbərliyini inkar edirsiniz.”
Həmsöhbətim gülümsündü və "Səhihe Buxari”dən gətirdiyim dəlil müqabilində bir söz deyə bilmədi. "Bəs Əlinin (ə) Allah tərəfindən təyin olunmasına dəliliniz nədir?” –deyə soruşdu. Bildirdim ki, dəlilimiz çoxdur. Nümunə olaraq bir Quran ayəsini misal çəkdim: "Sizin vəliniz (rəhbəriniz) yalnız Allah, Onun rəsulu və iman gətirib namaza duran, rüku halında zəkat verənlərdir.” (Maidə”, 5)
İstər şiə, istər bir çox sünni təfsirçiləri bildirirlər ki, rüku halında üzüyünü fəqirə verən Əlidir və bu ayə onun haqqında nazil olmuşdur.("Təfsire Dürrül-Mənsur”) Əllamə Əmininin "Əl-ğədir”, Şərəfüddin Amilinin "Əl-müraciat” kitabına baxa bilərsiniz. Sonra həzrət Əlinin (ə) vilayətini sübut edən hədislər misal çəkdim. Həmsöhbətim mübahisəni davam etdirməyə meylli olsa da, onun yoldaşı "daha kifayət edər” deyib, əlindən tutdu və xudahafizləşib getdilər.
Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani