Fürui-din
İslam dininin ikinci hissəsi "Fürui-din”(yəni əməllər)-dir. Onun mühümləri isə on vacib əməldən ibarətdir.
Birinci "Namaz”
Gün ərzində müəyyən şərtlər əsasında və müəyyən vaxtlarda, 17 rəkət namaz qılmaq.
1. Sübh namazı- iki rəkət;
2. Zöhr namazı- dörd rəkət;
3. Әsr namazı- dörd rəkət;
4. Məğrib (Şam) namazı- üç rəkət;
5. İşa (Хiftən) namazı- dörd rəkətdir;
Allah taala Quranda belə buyurur:
«إِنَّنِي أَنَا اللَّهُ لَآ إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَواةَ لِذِكْرِي»
«Həqiqətən Mən Allaham, Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni yada salmaq üçün namaz qıl.»
Namazın qəbul olunma şərtlərini İmam Zeynul-Abidin (əleyhis-salam)-dan xəbər aldıqda həzrət belə buyurdu:
«وِلَايَتُنا وَالْبَرائَةُ مِنْ اَعْدائِنا»
«Biz Әhli-beytin İmamət və vilayətinə əqidə bağlayıb, düşmənlərimizə nifrət [bezarlıq] etməkdir.»
Gündəlik vacib namazlardan əlavə, bir çox başqa namazlar da vardır. Bütün namazların şərait və necəliyini bilmək istəyən oxucular risalələrə müraciət edə bilərlər. Biz isə namaz haqqında kitabın 6-cı fəslində xülasə şəkildə məlumat verəcəyik (inşallah).
İkinci "Oruc”
Hər il mübarək Ramazan ayının əvvəlindən sonuna qədər, sübh azanından məğrib azanınadək, yemək, içmək və bu kimi bir sıra işlərdən çəkinmək. Bu haqda Allah taala Quranda belə buyurur:
«يَا أَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ»
«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsi ilə) siz [Allahın əmr və
nəhyləri qarşısında] təqvalı olasınız.»
Әziz oxucular! Müqəddəs İslam dininin bütün hökmləri biz insanların xeyrinədir. O cümlədən oruc haqqında İslamın əzəmətli Peyğəmbəri iki qısa cümlədə buyurur:
«صُومُوا تَصِحُّوا»
«Sağlam qalasınız deyə oruc tutun.»
Bu kəlamı həzrət 1400 il bundan əvvəl bəyan edib. Uzun illər keçəndən sonra, böyük həkimlər bir sıra xəstələri oruc tutmaqla müalicə edirlər. Amma biz müsəlmanlar İslamın bütün hökmlərini Allaha xatir yerinə yetirməklə, dünyada sağlam və xoş güzəran içində, axirətdə isə Allah-taalanın Quranda bizə verdiyi vədəyə əsasən Cənnətdə olacağıq.
Oruc haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
«اَلصَّوْمُ جُنَّةٌ مِن النَّارِ»
«Oruc Cəhənnəm oduna qarşı bir qalxandır.»
Bir müsəlman şəxs oruc tutmağın vacib olmasının səbəbini həzrəti İmam Həsən Әskəri əleyhis-salamdan soruşduqda həzrət belə cavab verdi:
«...لِيَجِدَ الْغَنِىُّ مَسَّ الْجُوعِ فَيَمُنَّ عَلَى الْفَقِيْرِ»
«...Ona görə ki, varlılar aclığın çətinliyini görüb, fəqirlərə və yoxsullara ehsan etsinlər.»
Kitabın adı: Bəşəriyyətin nicat yolu
Müəllif: Rüstəm Badkubeyi