14-cü xütbə
İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:
Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.
15-ci xütbə
İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına və ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.
And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaracağam. Çünki ədalət və düzlükdə (camaat üçün din və dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz və gücsüz) olar.
Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
Müəllif: Seyyid Rəzi