«Bu eyvandakılardan bizdə çoxdur»
Qum şəhərində yerləşən Məhəmmədiyyə məscidinin axundu Şeyx Möhsün Hərəmpənahı rəhmətlik Məhəmmədəli Səfayidən nəql belə edir:
Samirra şəhərində dərs oxuduğum əyyamda bir müddət pulum olmadı. Çətinliklə yaşayırdım, hətta bir gün səhərdən axşama yeməyə bir şey tapa bilmədim və o gecəni ac yatdım.
Sübh tezdən acqarnına hücrədən çölə çıxdım. Ayətullah Naininin evinə yollanmaq istədim. Naini o zaman böyük mərcə idi. Amma yolda fikirləşdim ki, onların eyvanında ancaq bir stəkan çayla qonaqları yola salırlar, başqa bir şey verəcəkləri məlum deyil; yaxşısı budur ki, Əsgəreynin hüzuruna gedim, bəlkə daha yaxşı qonaqlıq oldu.
Qayıdıb mütəhhər hərəmə tərəf getməyə başladım... Ziyarət edib hacətimi söylədim. Bir az hərəmdə oturub gözlədim, xəbər çıxmadı. Eşiyə çıxıb hərəmin həyətində bir guşədə oturdum... Nə qədər gözlədim bir xəbər olmadı.
Günorta yaxınlaşırdı... Əlim hər yerdən üzüldü, ümidsizliklə istəyirdim qalxıb yola düzəlim, birdən gördüm Ayətullahül-üzma Naini hərəmdən çıxdı. Həyətə enəndə gördüm mənə tərəf gəlir. Mənə çatanda yaxınlaşıb iki ədəd əşrəfi verdi və dedi:
Götür; bu eyvandakılardan bizdə çoxdur!
«Eşidən qulaqlar»
Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, "Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:
Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına möminlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağırtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.
Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmiş adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini görürdü.
Yəqin etdim ki, bu zalım bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düçar olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı