Sual 64: Peyğəmbəri (s) qocaldan surə hansıdır?
Cavab: «Nurus-səqəleyn»də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Hud» surəsi məni qocaltdı».
Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.
İbn Abbas nəql edir: «Həzrət Peyğəmbər (s) üçün heç bir ayə «Sənə əmr edildiyi kimi istiqamətlən» ayəsi qədər çətin gəlməmişdi».
Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, Həzrət (s) «Hud» surəsini səbəb göstərdi.
Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: «Ətəyinizi kəmərinizə keçirin». Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı.
Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: «Sənə əmr edildiyi kimi istiqamətlən. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür». Birincisi, Həzrətin (s) istiqamətlənməsi, ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.