Tez getməyiniz məsləhətdir
Böyük şəxsiyyətlərdən biri deyir: Mən həmişə Ayətullah Behcətin camaat namazında iştirak etməyə çalışırdım. Həmin vaxtlar mənim evim Qumun Yəzdanşəhr deyilən məhəlləsində yerləşirdi. Bu məhəllə təzə salındığına görə burada çox az ev var idi.
Mən gündüzlər dərsə gedər və axşam namazını Behcətlə qılandan sonra evə qayıdardım. Bir axşam yenə Şam namazını qılandan sonra məsciddən çıxanda mən də onun arxasınca getdim. Elə bu vaxt Behcət məndən soruşdu: "Sənin evin haradadır?” Dedim: Filan məhəllədə. O, bir az fikirləşəndən sonra dedi: "Siz tez evə gedin və axşamlar camaat namazı üçün məscidə gəlməyiniz də lazım deyil.”
Onun heç vaxt yersiz söz demədiyini bildiyim üçün tez özümü evə çatdırdım. Evə gələndə həyat yoldaşımın uşağı qucaqlayıb evin dalanında oturduğunu gördüm. Niyə burada oturmasının səbəbini soruşanda, dedi: Evdə əqrəb var. Həmin gecədən sonra uzun müddət Behcətin camaat namazına getmədim və ailəmdən tez-tez xəbər tutmaq üçün öz məhəlləmizdəki məsciddə namaz qılardım.
İstixarə
Ayətullah Behcətin şagirdlərindən olan Ləngərud elmi hövzəsinin məsul işçisi Höccətül-islam Abbasi buyurur: Bir gün dostumla birgə məscidin yuxarı təbəqəsində oturmuşduq. Mən bir iş üçün istixarə etdirmək istəyirdim. Amma Behcətin yanına gedib bu sözü (istixarə etməyi) deməyə utanırdım. Dostumdan mənim üçün istixarə etməsini xahiş etdim. Behcət məsciddə divarın kənarında oturmuş və bir dəstə adam istixarə etmək üçün onun ətrafına toplaşmışdılar. Növbə mənim dostuma çatanda Behcət istixarə edəndən sonra işarə ilə nə isə dedi. Amma istixarənin ətraflı cavabını mənim özümə izah etdi.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı